17.06.2020-ci il tarixində Ombudsmanın Cəlilabad və Quba regional mərkəzləri, Gənclər və İdman Nazirliyinin Sabirabad, Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Şirvan və Hacıqabul rayon (ümumilikdə 13 rayon) Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə “18 May-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində 13 rayonun iştirakı ilə “Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclər arasında anti-sosial davranışın qarşısının alınması, preventiv tədbirlər və Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsində fəaliyyəti” mövzusunda regional maarifləndirici videokonfrans keçirilib.
Videokonfransı giriş sözü ilə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qəbul olunduğunu qeyd edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma və vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyillərinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına, iqtisadi tərəqqiyə zəmin yaratdı və bunların nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasında yer tutdu. Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmişdir. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması onların maddi durumunun, rifah halının daha da yaxşılaşdırılmasına imkan vermişdir. İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərməkdədir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmışdır. N.Quliyev Dövlət Proqramının məqsəd və vəzifələri və icrasından gözlənilən nəticələr barədə geniş məlumat verdi.
Videokonfransda çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevanın adından videokonfrans iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu, bu əlamətdar tarixlə əlaqədar olaraq, insan hüquqları sahəsində ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə Ombudsman xanım Səbinə Əliyevanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunduğunu diqqətə çatdıraraq, aylıq çərçivəsində dövlət, yerliözünüidarə, QHT, KİV, Media qurumları ilə əhəmiyyətli maarifləndirici videokonfransların keçirildiyini, keçirilən videokonfranslarda bütün əhali qruplarının hüquqlarının müzakirə olunduğunu, müvafiq təkliflər hazırlandığını, Müvəkkilin insan hüquqlarının, o cümlədən əhalinin müxtəlif qruplarının hüquqlarının təmini və müdafiəsi, Milli Preventiv Mexanizm qismində, hüquqi maarifləndirmə və digər sahələrdə çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verib. B.Əfəndiyev eyni zamanda vurğulayıb ki, hazırda 30 ildən artıq davam edən Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi zəbt olunmuş, bir milyon soydaşımız ağır, kütləvi şəkildə insan hüquqları pozulmaqla qaçqın və məcburi köçkün həyatı yaşayır. B.Əfəndiyev Uşaq hüquqlarının Pilləli Tədrisi Layihəsi, İnsan hüquqlarının və onun tərkib hissəsi kimi uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, Ombudsmanın uşaq hüquqlarının pozulması ilə bağlı 24 saat fəaliyyət göstərən 916 qaynar xətt xidməti barədə geniş məlumat verdi.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov videkonfransda çıxış edərək, insan hüquqlarının yaranma tarixi, BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Benəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında Benəlxalq Pakt, ölkəmizin bu mühüm sənədlərə qoşulması barədə geniş məlumat verib. Z.İsmayılov bildirib ki, ölkəmizdə insan hüquqları ilə bağlı islahatların təməli Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə qoyulmuşdur. Müstəqil Azərbaycanımızın ilk demokratik Konstitusiyası isə məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik tərzdə qəbul edilmişdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən əsas Qanunumuzun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur. Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi olmuşdur. Qısa müddət ərzində bu məqsədlə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla müvafiq qanunvericilik aktları qəbul olunmuşdur. Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilməsi də atılan mütərəqqi addımlardan oldu. Ulu öndərin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində də strateji məqsədlər, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin edilməsi və s. bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olundu. Bu proseslərin məntiqi davamı kimi, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqləndi. Dövlət Proqramında insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və qurumlarda tədqiqat və təhsil proqramları üzrə mütəxəsislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər nəzərdə tutulurdu. İnsan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi, insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci il tarixdə «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Konstitusiya Qanununun qəbul edilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpasında yeni mexanizmin və ölkə modelinin formalaşmasına imkan verdi. Azərbaycanda aparılan hüquqi islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər və xalqımızın dövlətçilik ənənələri dayanır.
Videokonfransda Bərdə və Hacıqabul rayon Gənclər və İdman İdarələrinin rəisləri mövzu ilə bağlı çıxış etdilər.
Videkonfransda iştirak edən gənclər insan hüquqları sahəsində suallar ünvanlamışlar. Gənclərin sualları müvafiq qaydada cavablandırıldı.
İştirakçılar tədbirin əhəmiyyətini qeyd edərək, Müvəkkilə minnətdarlıq ifadə etdilər. Sonda iştirakçılar insanların sağlamlığının keşiyində duran tibb işçilərini Peşə bayramları münasibətilə alqışlarla təbrik etdilər.

Kriteri.az

Daxil olundu: 18.06.2020 » Oxundu: 740
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!