Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri onların tarixi milli irs və ənənə əsasında dövlətin və xalqın bugünkü və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmələri, sabit və tarazlı iqtisadi tərəqqi üçün zəmin hazırlamalarıdır. Bu mənada 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxarmaq, sabit və tarazlı inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək, bütün sahələrdə modernləşməni həyata keçirmək kimi taleyüklü vəzifələr dayanırdı. Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də hüdudsuz azadlıq deyil, qanunların aliliyinə söykənən siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.
Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsinə, müstəqilliyi-mizin əbədiləşdirilməsinə yönəlmiş fenomenal siyasi kursu ölkədə ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı təmin etməklə yanaşı, xalqımızın xoşbəxt gələcəyinə ünvanlanmışdı. Ümummilli lider çox gözəl başa düşürdü ki, əgər gələcək haqqında düşünməsən, xalqın gələcəyi olmayacaq. Gələcəyə ünvanlanmış siyasi kursun isə siyasi varisliyə, yəni, bu kursu davam etdirəcək siyasi liderə və həyata keçirəcək siyasi komandaya ehtiyacı var. Odur ki, Heydər Əliyev fenomenal qabiliyyətə malik böyük siyasətçi, millətinin dahi lideri kimi Azərbaycanın gələcəyini fikirləşərək özündən sonra siyasi kursu davam etdirəcək vahid siyasi komandanın və müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdı: «İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir, dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».
Bu gün bütün xalqımız şahiddir ki, Prezident İlham Əliyev bu ümidləri yüksək səviyyədə doğruldur, ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr onun layiqli davamçısı tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Möhtərəm Prezident Azərbaycanın inkişaf perspektivlərini ilk növbədə sabitlik və tərəqqidə, qanunun aliliyində, insan haqlarının təminində, iqtisadi, siyasi islahatların paralel həyata keçirilməsində, ölkəmizin dünyaya ardıcıl inteqrasiya etməsində görür.
Əminliklə demək olar ki, müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni uğurlara doğru inamla irəliləyir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.
Bu gün hər birimiz müstəqil Azərbaycanın vətəndaşı olmağımızla fəxr edirik. Öz işimiz və əməlimizlə bu ölkəyə layiq olmağa çalışırıq. Bu isə hər bir ölkə vətəndaşının mənəvi borcu, insanlıq vəzifəsi olmalıdır.


Məmmədəli Məmmədov
Şəki Acı-Nohur Qış Otlaqlarının Su Təminatı
Sistemləri İstismarı İdarəsinin rəisi

Daxil olundu: 15.10.2019 » Oxundu: 1219
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!