Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il hər kəsin yaxşı yadındadır. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra «Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatlığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.
Bu gün ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası yaşayır və sürətlə inkişaf edir. Ölkə daxilində və xaricində bütün mütərəqqi qüvvələr Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətə böyük inam bəsləyir və ürəkdən dəstəkləyir. Möhtərəm İlham Əliyevin milli maraqlara sədaqəti və onları qorumaq məharəti, geostrateji düşüncə tərzi, mahir idarəçilik qabiliyyəti kimi fenomenal xüsusiyyətləri həm də onun Azərbaycan Prezidenti kimi əvəzedilməzliyinin ən mühüm göstəricisidir.
Son illər ölkəmizin bütün bölgələrində olduğu kimi Lənkəran rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır, şəhərsalma və memarlıq sahəsində maraqlı layihələr həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərin memarlıq cəhətdən siması xeyli zənginləşdirilib. Zəngin tarixi yol keçmiş Lənkəran şəhəri əsrlər boyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıb. Bu gün də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin mühüm sosial-iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevrilməkdə olan Lənkəranda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq bir sıra mühüm infrastruktur layihələr həyata keçirilib, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika və Uşaq Sağlamlıq və Əlillərin Reabilitasiya Mərkəzləri, mehmanxana və istirahət mərkəzləri, yeni sənaye müəssisələri istifadəyə verilib.
Rayonda gedən dinamik və hərtərəfli inkişaf bir daha təsdiq edir ki, zəngin tarixə, güclü sənaye potensialına malik olan Lənkəran rayonu Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-günə gözəlləşir.

Elman Əsədullayev
Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının
Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar

Daxil olundu: 17.10.2019 » Oxundu: 1693
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!