İlkin Əsgər
ADPU-nun Azərbaycan dili və onun
tədrisi texnologiyası kafedrasının müəllimi

 

 

Artıq Vətən müharibəsinin mühüm olan ikinci mərhələsindəyik. Dəqiq desək, döyüş meydanında müzəffər ordumuzun əldə etdiyi uğurlardan sonra, siyasət meydanında da dövlətimiz düşmənə qarşı amansız mübarizə aparır, onları sülhə məcbur edir. Şuşa şəhərinin 8 noyabr tarixində işğaldan azad edilməsi və qələbə xəbərinin Şəhidlər xiyabanından verilməsi böyük rəmzi məna daşımaqla bərabər, müharibənin taleyində mühüm rol oynadı. Cənab Prezidentin 10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqına ünvanlanmış müraciətində Şuşa qələbəsinin əhəmiyyəti xüsusi olaraq vurğulandı: “Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.” Bəli, biz bu həsrətə bir yerdə əl-ələ verib, çiyin-çiyinə durub son qoyduq. Bu günlər Azərbaycan tarixində əlamətdar, şanlı günlər kimi qalacaq. Təsadüfi deyil ki, Ali Baş Komandanın etdiyi bütün çıxışlarda, müsahibələrdə, eləcə də qələbə xəbərini çatdırmaq üçün Azərbaycan xalqına etdiyi müraciətlərdə Vətən müharibəsi ilə əlaqədar qətiyyətli mövqeyi açıq-aşkar hiss olunurdu.
Belə ki, bu müddətdə Cənab Prezidentin “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT-Haber”, “Pervıy kanal”, “CNN türk”, “Euronews”, “Sky news” “Haber Global”, “Haber türk”, “France 24”, “NTV”, “A Haber”, “TASS”, “Fox news”, “Rai -1”, “İnterfaks”, “ARD”, “EFE”, “BBC news”, “La Repubblica”, “Fiqaro”, “Nikkei” kimi onlarla müxtəlif xarici Kütləvi İnformasiya Vasitələrinə ‒ müxtəlif ölkələrin aparıcı televiziya kanallarına, informasiya agentliklərinə, qəzetlərə verdiyi çoxsaylı müsahibələrdə səsləndirdiyi fikirlər, göstərdiyi arqumentlər, tarixi həqiqətləri əks etdirən faktlar bir vətəndaş kimi bizdə böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, eyni zamanda apardığımız mübarizənin qələbə ilə sona çatacağına olan inamı daha da artırdı. (Cənab Prezidentin müsahibələrini https://president.az/news/interviews saytdından oxuya bilərsiniz.) Oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibə zamanı jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” suallarına Ölkə başçısının verdiyi cavab bu mübarizədə dönməz olduğunu bir daha bütün dünyaya göstərdi: “- Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.” Bu tendensiyanı bütün müsahibələrdə görmək mümükündür. Məsələn, noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə verilmiş müsahibədə bu, xüsusilə bir daha aktuallaşdırılır: “Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik.” Şübhəsiz ki, bu qətiyyət, bu dözüm, bu iradə xalq, ordu, dövlət birliyi səviyyəsində də özünü göstərə bildi. Dünya dövlətləri xalqımızın simasında yumruq kimi bir olmağın nələrə qadir olduğunu gördü. Məhz aktiv döyüş fəaliyyətinin davam etdiyi 44 gün ərzində rəşadətli Azərbaycan ordusu düşmənin başına od yağdırdı. Bu müddətdə ordumuz əks-hücum əməliyyatlarında düşmənin legitim hərbi obyektlərini, çoxsaylı canlı qüvvə və texnikalarını məhv etməklə yanaşı, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir neçə qəsəbə və kəndlərimizi, mühüm strateji əhəmiyyət daşıyan yüksəklikləri düşmən tapdağından azad etməyi bacardı. Əlbəttə, bu uğurlar hər bir azərbaycanlını hədsiz dərəcədə sevindirir. Qorxmaz əsgərlərimizin canı, qanı bahasına şanlı ordumuzun əldə etdiyi bu qələbə xəbərlərini eşitmək, Azərbaycan xalqının yaşadığı sevinc, qəhrəmanlıq dolu bu anlara şahidlik etmək özü böyük bir xoşbəxtçilikdir. Mübaliğəsiz demək olar ki, bütün dünya Azərbaycan ordusunun gücünü gördü. Məhz AR Silahlı Qüvvələrinin simasında Türkün tükənməz gücü, əzmi və iradəsi bir daha bəyan oldu. Mübariz Azərbaycan əsgəri bir tarix yazdı. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərimizlə görüşü zamanı Cənab Prezident vurğulamışdır: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı.” Fəxr hissi ilə qeyd etmək lazımdır ki, məhz Ölkə başçısının verdiyi qərarlar, əldə etdiyi hərbi və diplomatik uğurlar sayəsində bütün dünya Azərbaycan əsgərinin gücünü gördü. Qazandığımız bu zəfər ilahi ədalətin bərqərar olunması ilə nəticələndi. Tarixi, əzəli və əbədi dədə-baba torpaqlarımız öz sahibinə ‒ Azərbaycan xalqına qovuşdu. Hələ əks-hücum əməliyyatlarının davam etdiyi günlərdə imzalanmış “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” adlı Fərman da bu Vətən müharibəsinin qalibiyyətlə sona çatacağına olan inam hissinin göstəricisi idi. Döyüş meydanında əldə etdiyimiz bu zəfər artıq siyasət meydanında -diplomatik müstəvidə də davam etməkdədir. Bu məqamda 10 noyabr tarixində imzalanmış Bəyanatın 6-cı maddəsini (Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır.) xüsusilə qeyd etmək olar. Ümid edirik ki, mənfur qonşularımız bu dəfə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmazlar. Artıq özləri də başa düşür ki, əks-halda Azərbaycan ordusu döyüş meydanında qaldığı yerdən davam edəcək. Çox sevindirici haldır ki, bu gün ölkəmizdə döyüş əhval-ruhiyyəsi olduqca yüksək səviyyədədir. Ordumuzdakı nizam-intizam, zabit, gizir, əsgər heyətinin peşəkarlığı, xalq dövlət birliyi gücümüzə güc qatır, bizi ruhlandırır. Düşmənin həm iyul, həm də sentyabr təxribatlarından, eləcə də Ali Baş Komandanın “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” adlı Sərəncamından sonra minlərlə soydaşımızın könüllü şəkildə ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi haqq işi adlandırdığımız bu Vətən müharibəsində böyük mənəvi dayaq oldu. Böyük fəxr, qürur hissi ilə bildirmək istəyirəm ki, bu haqq savaşımızda onlarla doğmam, yaxınım, xüsusən də qardaşım Elmin Əsgərzadə də iştirak edir. Çox xoşbəxtəm ki, qardaşım ordumuzun Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Xankəndi, Şuşa uğrunda apardığı döyüşlərdə fəal iştirak edib və hazırda da xidmətini Şuşada davam etdirir. Əlbəttə, bu böyük qürur, böyük şərəfdir. Eşq olsun bu şərəfi bizə yaşadan Ali Baş Komandana, Azərbaycan əsgərinə və Azərbaycan xalqına! Bu birliyin, bu vəhdətin qazandığı və qazanacağı qalibiyyətin hesabına Azərbaycan öz torpaqlarına qovuşur və qoşuşacaqdır! Bir məqamı da vurğulamaq istərdim ki, anadan olduğum Laçın rayonu erməni quldurları tərəfindən işğal ediləndə atam (Atam da Birinci Qarabağ müharibəsinin könüllü iştirakçısı və müharibə veteranıdır.) 30, mən isə 2 yaşın (rəsmi sənədlə yaş yarım) içində idim. İndi isə Laçın erməni quldurlarından – işğaldan azad edilən zaman mən 30, oğlum iki yaşın içindədir...
Bunu da ilahi ədalətin təzahürü kimi qəbul edirəm. Şükür ki, qismətimizdə otuz il sonra yenidən Şuşalı, Laçınlı, Ağdamlı, Kəlbəcərli günlər yaşamaq da varmış: mən atamın yaşında, oğlum da mənim!

Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
(B.Vahabzadə)
16.11.20

Daxil olundu: 21.12.2020 » Oxundu: 1015
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!