Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, əfsuslar olsun ki, faciələr və soyqırımları, bəla və müsibətlərlə dolu səhifələr də yazılıb. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 31 Mart qırğını da xalqımızın tarixinə, onun taleyinə qanlı hərflərlə yazılmışdır. Təsadüfi deyil ki, tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri” adlandırmışlar.
1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Digər Salyan, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.
Bakı Sovetinin erməni-rus bolşevik qüvvələrinin türk-müsəlman əhaliyə qarşı qırğınları zamanı ictimai və şəxsi binalara da çox böyük zərər vurulmuşdur. Belə ki, "Kaspi" qəzetinin redaksiya binası, Müsəlman Xeriyyə Cəmiyyətinin "İsmailiyyə" binasının şərq tərəfi, "Dağıstan" mehmanxanasının yerləşdiyi Bazar küçəsindəki Xanlarovun evi , Bazar küçəsindəki keçmiş "İsgəndəriyyə" mehmanxanasının binası, Bazar və Qubernski küçələrinin tinindəki "İslamiyyə" mehmanxanası dağıdılmış; top atəşi nəticəsində Təzəpir məscid binasının cənub tərəfi, Şah məscidi minarəsinin şərq tərəfi zədələnmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmiş, Nazirlər Şurası 1918- ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Mart soyqırımının əsl hüquqi-siyasi qiyməti Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra verilmişdir. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Artıq erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Ən böyük təsəllimiz isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun yenilməz əzmi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində torpaqlarlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyümüz bərpa olunmasıdır. Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı dövlət başçımız İlham Əliyev iştirakçısı olduğu ən yüksək beynəlxalq tədbirlərin tribunalarından ölkəmizin haqq səsini dünyaya çatdırır, əsl həqiqətləri faktlarla nümayiş etdirir.

Gülnar Muxtarzadə
ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasının müəllimi

Daxil olundu: 30.03.2024 » Oxundu: 421
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!