Professor Qara Məşədiyevin adı elm aləminə çoxdan və yaxşı tanışdır. Bu tanışlıq bir tərəfdən onun dilçilik üzrə illər boyu apardığı çoxsaylı və müxtəlif yönlü faydalı tədqiqatlarla bağlıdırsa, digər tərəfdən də bir şəxsiyyət kimi ağır, təmkinli davranışı ilə əlaqədardır. Bizim tanıdığımız Qara müəllim hər ikisində nümunədir.
Professor Qara Məşədiyev sistemli elmi yaradıcılığa adlıq cümlələr haqqında namizədlik dissertasiyası yazmaqla başlamışdı: “Müasir Azərbaycan ədəbi dilində adlıq cümlə” (1974). Bu, adlıq cümlələrlə bağlı mübahisələrin hələ də davam etdiyi bir zaman idi. Alim həmin dissertasiyası ilə Azərbaycan dilinin sintaksisi çərçivəsində adlıq cümlələrə vətəndaşlıq hüququ qazandırdı. Tədqiq etdiyi sahəyə tam və hərtərəfli bələd olan görkəmli dilçi son dərəcə sadə görünən adlıq cümlənin hərəkətdə olan daxili gücünü, tükənməyən potensial imkanlarını bir cümlə ilə belə ifadə etmişdi: “Danışan şəxs adlıq cümlə ilə dinləyəni bir növ eksrursiyaya aparır”. Bu, əsl dilçilik mühakiməsi idi.
Adlıq cümlənin qrammatik xüsusiyyətlərinin nədən ibarət olmasının Qara müəllim tərəfindən necə və hansı səviyyədə təhlilini dəyərləndirmək, sözsüz, dilçi alimlərin işidir. Amma mənim diqqətimi cəlb edən tədqiqatdakı nümunələrin xəlqi və milli mahiyyətidir. Görkəmli dilçi alim fakt kimi bir çox hallarda elə nümunələr seçməyə üstünlük vermişdir ki, həmin nümunələr birbaşa bizim düşüncəmizin həssas nöqtələrinə sirayət edir. Adlıq cümlələrdə sıralanmanın böyükdən kiçiyə doğru getməsinə nümunə kimi o, yazıçı Ənvər Məmmədxanlının əsərindən nümunə gətirir: “Təbriz, Nəzmiyyə meydanı. Bir-birinin arxasınca düzülmüş dar ağaclarının qara kölgələri. Səhərə yaxındır. Ehtişami gəlir”. Bu nümunədə fikir iki istiqamətə yönəlir: birincisi, adlıq cümlə nümunəsi; ikincisi, bundan heç də az dəyərli olmayan Təbriz. Adlıq cümlə dilimizin qrammatik məzmununun genişliyi və zənginliyi faktıdır, Təbriz isə mənəvi dünyamızın paytaxtı olmaq həqiqətidir. İndi deyin, hansı daha əhəmiyyətlidir? Məncə, hər ikisi. Başqa bir fakt: “Qobustan. Ulu babalarımızın bizə ən əziz, ən qiymətli tayı-bərabəri olmayan yadigarı! Qədim dövr mədəniyyətimizin incisi”. Bu adlıq cümlədə sintaktik funksiyasına uyğun olaraq müəyyən bir yerin əhəmiyyətini qabartmaqla yanaşı, milli-mənəvi dəyərlərimizi qiymətləndirmək məqsədi də açıq-aşkar görünür. İndi deyin, hansı daha əhəmiyyətlidir? Məncə, hər ikisi.
Qara müəllim vasitəli və vasitəsiz nitqdən danışanda da nümunələri diqqətlə seçirdi, onların qrammatik funksiya ilə bərabər, insanların zehninə və qəlbinə təsir etmək imkanlarını da nəzərə alırdı. Bu, o deməkdir ki, dilçi alim hər hansı bir yazısında elmi mövqeyi ilə yanaşı, vətəndaşlıq mövqeyini də qoruyub saxlayırdı. Novruz bayramına yönəlmiş nümunə: “bu bayram əzəmətlidir, çunki o hələ eradan əvvəlki dövrlərlə bağlıdır («Azərbaycan gəncləri» qəzeti). Vətənpərvərliyə yönəlmiş nümunə: ”İgid və qəhraman Tofiqi ordu sıralarına göndərəndə ona ata nəvazişi ilə demişdi: - «Oğul, səndən bircə xahişim var, xalqa, Vətənə namusla xidmət et! («Azərbaycan gəncləri» qəzeti). Xalqa dərin məhəbbəti ifadə edən nümunə:” Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım…(«Azərbaycan gəncləri» qəzeti). Dolayısı ilə özünəqayıdış duyğularını oyatmaq nümunəsi: ”Teleqramda deyilir ki, azadlıq və istiqlaliyyət uğrunda öz ədalətli mübarizəsində qələbə qazanmaq əzmini ifadə edən Vyetnam vətənpərvərlərinin rəmzi olan bu şanlı günü sovet ictimaiyyəti geniş qeyd edir” («Kommunist» qəzeti).
Professor Qara Məşədiyevin elmə olan marağı adlıq cümlədən sonra bilavasitə adlar kompleksini əhatə edən onomastikaya doğru istiqamətləndi və daha çox toponomika üzərində cəmləşdi. “Zaqafqazıyanın Azərbaycan toponimləri” monoqrafiyası (1990), «Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsində (CMOMPK) qeydə alınmış onomastik vahidlərin tarixi-etimoloji təhlili» adlı doktorluq dissertasiyası (1991) və CMOMPK əsasında yazılmış “Azərbaycan toponimlərinin tarixi-linqivistik təhlili” monoqrafiyası (2010) bir-birini davam etdirən və tamamlayan tədqiqatlar kimi meydana çıxdı. Bunları bir ad altında – “CMOMPK toponomikası” adı ilə də təqdim etmək olar və “CMOMPK toponomikası” elmdə bir şans kimi Qara müəllimin qisməti oldu. Dilçi alim araşdırmalarında toponomik vahidləri sadəcə olaraq sadalamaqla öz işini bitmiş hesab etmədi. Eyni zamanda tayfa adlarının yer adları ilə əlaqəsini, toponimlərin tarixlə bağlılığını, toponimik vahidlərin etimologiyasını vəhdətdə öyrəndi. Azərbaycanda onomastikanın bütün istiqamətlərdə öyrənildiyi bir vaxtda toponomikanın tayfa adları və tarixlə bağlılığını etimoloji təhlillə birləşdirərək yeni bir məktəb yaratdı. İndi bu dilçilik məktəbinin onlarla davamçısı vardır.
Professor Qara Məşədiyevin “Bakı küçələri: adlar və talelər” monoqrafiyası (2013) alimin öz tədqiqat istiqamətinə sədaqətinin davamı kimi meydana çıxmışdır. Əslində bu, tarixi toponimlərin araşdırılmasından müasir dövr toponomikasının öyrənilməsinə doğru yeni bir addım idi. Görkəmli alimin yaradıcılıq kredosu isə dəyişməz qalmışdı: adlıq cümlədən tarixi ərazilərin adlarının linqivistik çözülməsinə keçid, oradan da müasir dövr şəhər həyatının “adlar göstəricisinə” elmi baxış. Tədqiqatçı əsas diqqəti Bakı şəhərindəki Nərimanov, Nəsimi, Səbail rayonlarının coğrafiyasına daxil olan küçə adlarına yönəltmişdir. Qara müəllim küçə adlarına yalnız bələdçi kimi yox, ümumi insani dəyərlərin nişanəsi kimi baxış, onlara bir növ canlılıq vermişdir.
Dialekt materialları əsasında yazılmış “Azərbaycan dilində ayamaların izahlı lüğəti” (2018) kitabı da Qara müəllimin tədqiqatçılıq ənənəsinə sədaqətinin yeni bir nümunəsidir. “Ayama” sözünün özü də əslində elə ad deməkdir. Fərq burasındadır ki, bu ad ata-ana tərəfindən yox, el-oba tərəfindən insanlara verilir. Başqa sözlə, bu, verilən ad deyil, qazanılan addır.
Professor Qara Məşədiyevin on illər boyu davam edib gələn tədqiqatlarının məzmun və mahiyyətini adlıq cümlədən adlara doğru inkişaf kimi dəyərləndirmək olar. Bu tədqiqatlar, eyni zamanda Qara müəllimin böyüklük mənasında öz adı deməkdir – həm ata-anasının ona verdiyi, həm də özünün qazandığı ad!

Kamran ƏLİYEV
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi

Daxil olundu: 08.04.2019 » Oxundu: 2173
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!