Müharibədən sonra xalq müharibənin ağrılı-acılı günlərini yaşayırdı. Müharibə xalq maarifi üçün ciddi çətinliklər törətmişdi. Bununla belə xalqda, xüsusən də gənclərdə sabaha böyük inam var idi. Təhsil sahəsində də olan bu inam, bu irəliləyiş əvvəlki illərdən xeyli fərqlənirdi. Təsadüfi deyil ki, müharibədən sonra dövlət orqanları qarşısında pedaqoji institutların fəaliyyətini genişləndirmək, orta təhsil müəssisələri şəbəkəsini bərpa etmək, daha savadlı, hərtərəfli inkişaf etmiş, yetişmiş gənclər hazırlamaq kimi ciddi vəzifələr dururdu.
Lakin həmin dövrdə Pedaqoji İnstitutun bina və otaqlarının çatışmaması, kifayət dərəcədə maddi bazasının olmaması, fakültələrin pərakəndə yerləşdirilməsi tədrisin və təlimin keyfiyyətinə mənfi təsir göstərirdi. Pedaqoji kadrlara, o cümlədən dil-ədəbiyyat müəllimlərinə olan tələbat müharibədən sonrakı dövrdə artmışdı və durmadan artmaqda davam edirdi. Yazıçı Mir Cəlalın dediyi kimi, həmin illər üçün “kənddə müəllim həm mirzədi, həm artistdi, həm doktordu, həm vəkil, aqronom, həm qazı”.
Azərbaycan Müəllimlərinin 1946-cı ildə keçirilmiş üçüncü qurultayında respublikada pedaqoji kadr hazırlığı, xalq maarifi haqqında geniş danışılır, təhsil müəssisələrinin vəziyyəti geniş təhlil olunurdu. Qurultayda vəziyyəti yaxşılaşdırmaq üçün həyata keçirilməli zəruri tədbirlər, proqram və dərsliklərin zamanın tələbinə uyğun olaraq yaxşılaşdırılması, müəllim hazırlığı, metodik ədəbiyyatın nəşri kimi problemlərin həlli vacib sayılırdı.
Bu məqsədlə müharibədən sonra respublikada ümumtəhsil məktəblərinin sayının artırılmasına, tədris prosesinin daha da yaxşılaşdırılmasına diqqət artırıldı. Bunun nəticəsində həmin məktəblərdə ali təhsilli pedaqoji kadrlara, o cümlədən dil-ədəbiyyat müəllimlərinə böyük ehtiyac yarandı. Belə ki, ümumtəhsil məktəblərində işləyən müəllimlərin yalnız 9,6 faizi ali təhsilli idi.
50-ci illərdə də respublikamızda elmin, mədəniyyətin, maarifin inkişafında, pedaqoji institutun dil-ədəbiyyat fakültəsinin məzunlarının səmərəli fəaliyyəti xüsusi qeyd edilməlidir. Müharibədən sonra ixtisaslı kadrların sayının artırılmasını sürətləndirmək və daha da inkişaf etdirmək, eləcə də gənc kadrları bu prosesə cəlb etmək məqsədilə ali məktəblər sistemiində təşkilati-struktur cəhətdən dəyişikliklərin həyata keçirilməsi qaçılmaz idi. 1946-cı ildə Bakıdakı ikiillik müəllimlər institutu əvəzinə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı institutu təşkil edilməsi bu baxımdan böyük təkan rolunu oynadı. Daha sonra, Pedaoji İnstitutun rus dili və ədəbiyyatı fakültəsi ona birləşdirildi. İki il sonra isə, 1948-ci ildə ADPİ-nin xarici dillər fakültəsi bazası üzərində Xarici Dillər Pedaqoji İnstitutu yaradıldı. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 1947-ci ildə keçirilmiş tələbə elmi-pedaqoji konfransı da istedadlı gənc elmi kadrların üzə çıxarılması baxımından böyük əhəmiyyət kəsb etmişdi.
Pedaqoji İnstitutun filologiya fakültəsinin kollektivi çox böyük çətinlikləri dəf edərək öz əsas vəzifəsini – ölkə üçün yüksək ixtisaslı mütəxəssislər- dil-ədəbiyyat müəllimləri hazırlanmasını uğurla yerinə yetirirdi. Müharibədən sonra filologiya fakültəsinə müəllim C.F.Bağırov (1945-1947), dos. İ.R.Əfəndiyev (1947-1952), dos. S.M.Əfəndiyev (1952-1957) rəhbərlik etmiş, onların dövründə bu proses daha da sürətlənmişdi. Daha sonra, 1956-cı ildə APİ-nin 5 illik təhsilə keçməsi ilə əlaqədar müstəqil Tarix və Dil-ədəbiyyat fakültələrinin təşkil olunması da böyük əhəmiyyət kəsb etmişdir. Lakin bir neçə il keçməmiş yenidən bu fakültələr birləşdirilmişdir. Bu müddət ərzində Dil-ədəbiyyat fakültəsinə dekan vəzifəsinə dos. A.Ə.Hüseynov (1957-1961), iki fakültə birləşəndən sonra isə dos. Ş.Ə.Sadıqov (1961-1964) seçilmişdir.
Respublikada hamılıqla icbari yeddiillik təhsilin tətbiq olunması və orta məktəb şagirdlərinin sayının artması ilə əlaqədar olaraq, getdikcə daha çox yüksək ixtisaslı müəllim kadrları hazırlamaq tələb edilirdi. Ona görə də pedaqoji kadrların İkiillik müəllimlər institutları vasitəsilə hazırlanmasını dayandırmaq, bu hazırlığı pedaqoji institutlarda cəmləşdirmək qərara alındı. Xankəndində, Qazaxda və Ağdamda ikiillik müəllimlər institutları bağlanıldı, Naxçıvanda isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı yaradıldı.
1946-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 25 illiyi qeyd edildi. Həmin dövrdə fakültədə Əli Sultanlı, Mikayıl Rəfili, Əbdüləzəl Dəmirçizadə, İmran Babayev, Zeynal Tağızadə, Mehdi Mehdizadə, Əhməd Kərədi Zəkizadə, Ədilə İsmayılova, İsmayıl Şıxlı, Səlimə Əfəndiyeva, Cavad Bağırov, Yaqut Dilbazi kimi tanınmış alimlər, müəllimlər dərs deyirdi. Fakültədə müntəzəm olaraq görüşlər, disputlar təşkil edilirdi. Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Nazim Hikmətlə müəllim və tələbələrin yaddaqalan, maraqlı görüşləri keçirilmişdi. Ə.Əbülhəsənin “Müharibə” romanının (əsərin ilk adı belə idi) müzakirəsi böyük mübahisələrə səbəb olmuşdu.
Müharibədən sonrakı illərdə filologiya fakültəsinin professor-müəllim heyətinin sıraları durmadan artırdı. Elmi-pedaјi kadrların hazırlığının əsas forması olan aspirantura yenidən fəaliyyətə başlamışdı. 40-cı və 50-ci illərdə ali məktəbdə işləyən Ə.M.Dəmirçizadə, M.A. Rəfili, F.S.Qasımzadə, C.X.Hacıyevin və digər görkəmli alimlərin elmi araşdırmaları nəticəsində , dilçilik və ədəbiyyatşünaslıq sahəsində tədqiqat işləri böyük vüsət almışdı.
ADPİ-nin Dil-ədəbiyyat fakültəsinin məzunları olan C.Xəndan, M.Cəfər, H.Araslı, Mir Cəlal, O.Sarıvəlli, M.Rahim, M.Dilbazi, Ə.Əbülhəsən, M.H.Təhmasib və digərləri institutun yubileyinin keçirildiyi dövrdə respublikanın tanınmış alim və yazıçıları kimi böyük nüfuz qazanmışdılar.
Böyük Azərbaycan yazıçısı İ.Şıxlı da bu illərdə Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Görkəmli Azərbaycan dilçisi Zeynal Tağızadə 1945-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun aspiranturasına daxil olmuş, təhsilini davam etdirməklə yanaşı, Azərbaycan dilçiliyi kafedrasında assistent, baş müəllim, daha sonra dil-ədəbiyyat fakültəsində dekan müavini, aspirantura şöbəsinin müdiri vəzifələrində çalışmışdır. O, “XIX-XX əsrlərdə Azərbaycan nəsrində tabeli mürəkkəb cümləsinin inkişafı” mövzusunda namizədlik disertasiyası müdafiə etmiş (1949), 1950-ci ildə Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsinə seçilmişdir. Folklorşünas alim P.Əfəndiyev 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qırmızı diplomla bitirmişdir. Tanınmış şair Məmməd Aslan da fakültəni həmin dövrdə bitirən (1957-1962) məşhur məzunlar sırasındadır.
APİ-nin 25 illik yubileyi ərəfəsində, 1946-cı ildə dil-ədəbiyyat fakültəsinin Azərbaycan bölməsinin I kursuna 32 tələbə qəbul olunmuşdu. Hətta fakültənin Azərbaycan dilini zəif bilən tələbələri üçün xüsusi kurslar təşkil edildi. Rektor Ə.Seyidovun 1946-cı il 11 sentyabr tarixli 97 saylı əmri ilə ADPİ-nin hazırlıq şöbəsinə 39 nəfər 9-cu sinfi bitirmiş, 17 nəfər 10-cu sinfi bitirmiş şagird qəbul olundu.
Müharibənin yenicə bitməsinə baxmayaraq, pedaqoji institutda müəyyən islahatların aparılması prosesi davam etdirilirdi. 29 noyabr 1946-cı il tarixində 204 saylı əmrlə “Ali məktəb nizamnaməsi”nə uyğun olaraq, fakültə elmi şurasının tərkibinə “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, professor Mikayıl Rəfili, dil-ədəbiyyat fakültəsinin dekanı, filologiya elmləri namizədi İsmayıl Əfəndiyev, “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, filologiya elmləri doktoru, prof. Əbdüləzəl Dəmirçizadə, “Ümumi ədəbiyyat” kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Əli Sultanlı, baş müəllim Cavad Bağırov, “Rus dili” kafedrasının müdiri müdiri Nina Qukovskaya, “Dil və ədəbiyyatın metodikası” kafedrasının müdiri, baş müəllim Məmməd Ələkbərli, filologiya elmləri namizədi İmran Babayev, filologiya elmləri namizədi, dos. Cəfər Xəndan Hacıyev daxil edildi.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində “Gənc qələmlər” yaradıcılıq birliyinin fəaliyyət göstərməsi ilə istedadlı gənclərin üzə çıxarılması istiqamətində böyük işlər görülmüş, ədəbi müzakirələr təşkil edilmişdir. İsmayıl Şıxlının rəhbərliyi ilə fəaliyyət göstərən bu dərnəyə rəhbərlik müxtəlif vaxtlarda Paşa Əfəndiyev, Kamal Qəhrəmanov və Şıxəli Qurbanova tapşırılmışdı. Dərnəyin üzvü olan Tofiq Bayram, Məmməd Araz, Qabil, Sərdar Əsəd, İlyas Tapdıq, Yusif Həsənbəy, Mədinə Gülgün, Məstan Əliyev (Günər), Ramiz Heydər, Ramiz Məmmədzadə, Əhəd Muxtar, Kələntər Kələntərov, Sabir Almazov, Arif Rəhimli sonralar bədii yaradıcılıqda ciddi uğurlara imza atdı, sənətkar kimi məşhurlaşdı.
Filologiya elmləri doktoru, professor Əli Musayev həmin dövrdə ADPİ-də mövcud olmuş sağlam pedaqoji mühit, obyektivlik, kənd rayonlarından gələn istedadlı gənclərin bu nüfuzlu ali məktəbə qəbul olunmasına xüsusi diqqət yetirilməsindən bəhs edərək yazır: “1949-cu ildə Laçın Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib bir il Kəlbəcər rayonunun Mərcimək kənd yeddiillik məktəbində sinif müəllimi işlədikdən sonra, ali məktəbdə oxumaq üçün sənədlərimi indiki Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə vermək məqsədilə Bakıya gəldim. Məlum oldu ki, mən orta təhsili tam əla qiymətlərlə bitirdiyim üçün ali məktəblərə imtahansız qəbul olunmaq hüququm olsa da, gec gəlmişəm, qəbul qaydalarına uyğun olaraq, vaxtında gəlmək, adımı qəbul olunanların siyahısına saldırmaq lazım imiş. Təkid etdiyimi görüb, məni rektor Cəfər Xəndanın yanına apardılar. O, attestatımı nəzərdən keçirib, sorğu-sual etdi. Mehdi Mehdizadəyə möhkəm-möhkəm tapşırdı ki, Əlinin işi ilə özün məşğul ol, qəbul kağızını ver, yola sal getsin.
Beləliklə, mən Cəfər Xəndanın tapşırığı ilə APİ-nin Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul oldum. Cəfər Xəndan bizim qrupda sovet ədəbiyyatı fənnindən mühazirə və seminar məşğlələri aparırdı. Mehdi müəllim sonralar mənə dərs dedi, Dövlət imtahan
komissiyasının sədri oldu. Sonralar Azərbaycan Respublikasının maarif naziri təyin edildi. Beləliklə, Cəfər Xəndanın qəbul zamanı xeyirxahlığından , qayğıkeşliyindən,
dərsliklərindən, tərcümələrindən başlayan həyat yolum professorluq səviyyəsinə
çatmağımla nəticələndi. İndi də yolum həmin təhsil ocağına düşəndə divarın sal daşını öpüb içəri keçirəm . O müqəddəs hisslər həmişə qəlbimdə yaşayır. (Cəfər Xəndan -100. Bakı:İnformasiya Texnologiyaları, 2010, s.119-121.)
Tələbələrə həssaslıqla yanaşan, uzaqgörən, qayğıkeş müəllimlər Pedaqoji İnstitutun tarixində çox olmuşdur. Daha bir nümunə kimi Azərbaycan dilçiliyi kafedrasının müdiri prof. Ə.Dəmirçizadənin 1948-1951 - ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin tələbəsi olmuş A.Qurbanovla bağlı institut rəhbərliyinə etdiyi müraciəti göstərə bilərik. Elm sahəsində hər şeyə ehtiyatla yanaşan, son dərəcə tələbkar şəxs olan Ə.Dəmirçizadə müraciətində yazırdı: «APİ-nin builki məzunlarından Qurbanov Afad Məhəmməd oğlunun Azərbaycan dilçiliyi üzrə aspiranturada saxlanılması nəzərdə tutulduğundan onu Maarif Nazirliyinin sərəncamına verməməyinizi xahiş edirəm. Qurbanov Afad oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə də tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir. Buna görə də güman edirəm ki, Qurbanov Afadı Azərbaycan dilçiliyi kafedrası üzrə aspiranturada saxlaya bilərik».
Professor Z.Budaqova da bir çoxları kimi 1948-ci ildə Qərbi azərbaycanlıların dogma yurdlarından deportasiya olunması ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. Elə həmin ildə, 1948-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmiş və institutu fərqlənmə diplomu ilə başa vurmuşdur.
Professor, Əməkdar elm xadimi H.Mirzəyev həmin dövrdə APİ-nin məzunu olub. O, 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, institutu bitirdikdən 4 il sonra yenidən APİ-yə qayıtmışdır. H.Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturasında təhsil almış, aspiranturanı bitirdikdən sonra ömrünün sonuna kimi həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.
1940-50-ci illərdə Filologiya fakültəsinin əməkdaşlarının yazdıqları elmi- tədqiqat işləri respublika ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanırdı. İ.Ə.Babayev “Füzulinin yaradıcılığı və Azərbaycan ədəbiyyat tarixində yeri” (1945), Ümumi ədəbiyyat kafedrasının müdiri, dos. Ə.Sultanlı “Azərbaycan dramaturgiyasının inkişaf tarixi” (1946) mövzularında doktorluq dissertasiyaları müdafiə etmişdilər. Ə.Sultanlının əsərində Azərbaycan dramaturgiyasının 1850-1932-ci illəri əhatə böyük bir dövrü ilk dəfə tədqiq edilib ümumiləşdirilirdi. Z.X.Tağızadə “XIX və XXə srin əvvəllərində Azərbaycan nəsrində tabeli mürəkkəb cümlə” (1949), B.M. İbrahimov “Mərəzə rayonunun şivələri” (1949) mövzularında namizədlik dissertasiyaları müdafiə etmişdilər.
ADPİ-nin elmi əsərlərinin nəşr edilməsi (1946) institututun tədris və elmi həyatında əlamətdar hadisə olmuşdu. “Elmi Əsərlər”də Ə.Y.Seyidovun “Azərbaycan ədəbiyyatında vətənpərvərlik və qəhrəmanlıq”, Ə.M. Dəmirçizadənin “Ədəbi dil”, Ə.A.Sultanlının “Xalq draması, onun quruluşu və xüsusiyyətləri” məqalələri nəşr olunmuşdu.
Elmlər Akademiyasının buraxdığı “Azərbaycan dilinə aid tədqiqlər” (1947) kitabında “Fonetika” və “Sifət” bəhslərini institutun Azərbaycan dil¬çiliyi kafedrasının müdiri prof. Ə.Dəmirçizadə, “Fel” bəhsini isə dil və ədə¬biyyat fakültəsinin dekanı, dos. İ.Əfəndiyev yazmışdı.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, prof. Ə.Dəmirçizadə 1943-cü ildən ömrünün sonuna qədər (1979) APİ-də "Azərbaycan dilçiliyi" kafedrasına rəhbərlik etmişdir. 1955-ci ildə onun Azərbaycan SSR EA-nın müxbir üzvü seçilməsi pedaqoji institutun tarixində böyük uğur idi. Təsadüfi deyil ki, tədqiqatçılar Ə.Dəmirçizadənin həmin illərdə çap olunmuş elmi, elmi-metodiki əsərləri, o cümlədən «Müasir Azərbaycan dili» ( 1947), “Qovuşuq cümlə” (1947), "Azərbaycan dilinin tarixi" (1948), "Azərbaycan ədəbi dilinin inkişaf yolları" (1959), "Kitabi-Dədə Qorqud" dastanının dili" (1959) kimi sanballı monoqrafik tədqiqatları təkcə Azərbaycan dilçiliyi üçün deyil, türkoloji aspektdən böyük əhəmiyyət daşıdığını qeyd edirlər.
Alimin Azərbaycan dilinin sintaksisinə aid ilk elmi kitabı dilçilik sahəsində yaranmış boşluğu qismən doldurmağa xidmət edirdi. Müəllif ilk dəfə olaraq, Azərbaycan dilinin köklərinə nüfuz etmiş, ən qədim dövrlərdən başlayaraq tarixini müəyyənləşdirməyə, in¬kişaf yollarını və xüsusiyyətlərini təhlil etməyə təşəbbüs göstərmişdi. Əlavə edək ki, müasir Azərbaycan ədəbi dilində sifətin dərəcələrinin indiki formada sabitləşməsi də məhz Ə.Dəmirçizadənin 1947-ci ildə Azərbaycan dilinə adi apardığı tədqiqlərə həsr olunmuş məqaləsində sistemləşdirilib, təsnif olunmuşdur.
Prof. M.Ş.Şirəliyevin qiymətli tədqiqatı – “Bakı dialekti” monoqrafiyası da 1949-cu ildə nəşr olunmuşdu. Sonra yazılan bütün dialektoloji əsərlər üçün nümunə rolunu oynayan bu kitab ən yaxşı dialektoloji tədqiqat kimi indi də öz elmi əhəmiyyətini saxlayır. Qeyd etmək lazımdır ki, bu gün dialekt və şivələrin təsnifatı aparılarkən məhz M.Şirəliyevin tədqiqatları əsas götürülür.
Orta məktəblərdə Azərbaycan dili tədrisinin metodikasına dair araşdırma¬lara olan ehtiyacı ödəmək üçün A.S.Abdullayev «Orta məktəbdə Azərbaycan dili» metodik vəsaitini nəşr etdirmişdi.
Azərbaycan və dünya ədəbiyyatının görkəmli və yorulmaz tədqiqatçısı prof. M.H.Rəfılinin öz elmi-nəzəri səviyyəsinə görə əvvəlkilərdən seçilən, dövrün ədəbi prosesi və ədəbiyyatşünaslığın aktual problemlərini öyrənmək baxımından əhəmiyyət kəsb edən “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi bu sahədə Azərbaycan dilində ilk tədris vəsaiti kimi böyük rola malikdir. Alim rus dilində hazırladığı əsərləri vasitəsilə Azərbaycan ədəbiyyatı¬nı rus və keçmiş SSRİ-nin başqa xalqlarına tanıtdırmaqda əvəzsiz xidmətlər göstərdi. M.Rəfili Azərbaycan oxucularının rus ədəbiyyatının görkəmli nümayəndələri ilə tanış olması üçün də xeyli zəhmət sərf etmişdir.
Respublikamızda dünya ədəbiyyatının mahir bilicisi və tədqiqatçısı kimi şöhrət qazanmış prof. Ə.A.Sultanlı həm də tədris işlərinin istedadlı təşkilatçısı idi. Onun “Ü.Hacıbəyovun dramaturgiyası” (1945) məqaləsi ədəbi fikir tariximizdə mühüm yer tutur. Alimin “Antik dünyada estetika və ədəbiyyatşünaslıq məsələləri” (1946) kitabı antik ədəbiyyatı elmi baxımdan öyrənməyin ilk nümunələrindən idi. Ə.Sultanlının tələbəsi olmuş yazıçı-dramaturq İlyas Əfəndiyev APİ-də keçən günlərini, müəllimi Ə.Sultanlı haqqında belə yazırdı: "Lap ilk günlərdən istər tələbə yoldaşlarımın, istərsə də müəllimlərin yaxın, səmimi münasibətlərinə nail olmuşdum. Professor Çobanzadə, Əli Sultanlı kimi məşhur müəllimlərimiz mənimlə xüsusi dost olmuşlar. Professor Çobanzadə bir sıra xarici dillərlə birlikdə bütün türk-tatar dillərini bilirdi. Həmişə son dəblə tikilmiş bahalı kostyumlar geyərdi. Demək olar ki, canlı bir ensiklopediya idi. Xaricdə də böyük hörməti vardı... Aramla iki saat söylədiyi mühazirələrdən heç birimiz yorulmazdıq... o, yüksək mədəniyyətə, yüksək intellektə malik nadir bir adam idi".
1950-ci ildə fakültədə dövlət imtahanı keçirildi. Görkəmli ədəbiyyatşünas, professor C.Xəndan dövlət imtahan komissiyasının sədri, Ə.Dəmirçizadə, M.Rəfili, M.Mehdizadə, S.Əfəndiyeva isə üzvlər idi. Dövlət imtahanı qurtaranda C.Xəndan instituta rektor təyin edildi. Rektor C.Xəndan, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri professor M.Rəfili, dil və ədəbiyyat fakültəsinin yeni təyin edilmiş dekanı Ə. Dəmirçizadənin təklifi ilə institutu fərqlənmə diplomu ilə bitirən tələbələrin aspiranturasında saxlanılması haqqında qərar qəbul edildi. Aspiranturaya qəbul edilənlər sırasında sonralar folklorşünas alim kimi məşhurlaşmış professor P.Əfəndiyev də var idi.
1950-1951-ci tədris ilində pedaqoji institutda müxtəlif ixtisaslar üzrə kadr hazırlığı Tarix, Dil-ədəbiyyat, Fizika-Riyaziyyat, Təbiyyat-kimya, Rus-dili və ədəbiyyatı, Coğrafiya fakültələrində həyata keçirilirdi. 50-ci illərin ortalarından etibarən respublikanın digər ali məktəblərində olduğu kimi, ADPİ-də struktur dəyişiklikləri aparıldı. Belə ki, 1956-57-ci tədris ilindən etibarən fakültələrin ixtisaslaşma təmayülü genişləndirildi, beşillik təhsilə keçildi. İnstitutda digər fakültələr kimi, filologiya fakültəsi də yenidən təşkil olundu, Tarix-filoloji, Ədəbiyyat-coğrafiya fakültələri yaradıldı. Beləliklə, həmin dövrdə pedaqoji kadrlara olan ehtiyac nəzərə alınaraq, gənc mütəxəssislərə beş il ərzində iki ixtisas üzrə ali təhsil almaq imkanı yaradıldı. Ümumiyyətlə, 1950-55-ci illərdə müvafiq kursların dərs planlarını və yoxlama işlərinə aid tapşırıqları əhatə edən vəsaitlər çap olunmuşdur. Həmin vəsaitlər bu gündə Milli kitabxanamızda qorunub saxlanılır.
Eyni zamanda 50-ci illərdə APİ-də mütəmadi olaraq elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-hesabat konfranslarının keçirilməsi, həmin konfransların proqramlarını və tezislərini çap etdirmək ənənəsi daha da geniş vüsət almağa başlamışdı. Keçən əsrin əllinci illərində çap olunmuş “V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun əsərləri”ndə institutun əməkdaşlarının məqalə və tezisləri öz əksini tapmışdır. Tələbələrin pedaqoji təcrübəsinin təşkili üçün də iş planı hazırlanmışdı. Dil-ədəbiyyat fakültəsinin tələbələrinin pedaqoji təcrübəsinə qabaqcıl məktəblərin Mirabbas Abbasov, Zərbəli Səmədov, Ağəli Bədəlov kimi fənn müəllimləri də cəlb edilmişdi.
Müharibədən sonrakı dövrdə vəziyyətin tədricən yaxşılaşması əksər sahələrdə olduğu kimi, pedaqoji sahədə də özünü göstərmiş, müəllim hazırlığına verilən tələblər daha da artırılmışdı. Nəticədə inşa yazı bacarıqlarına yiyələnməyən tələbələrin dövlət imtahanlarına buraxılmaması qərara alınmış, Dövlət imtahanlarına hazırlıqdakı nöqsanları aradan qaldırmaq məqsədilə tədbirlər planı tərtib edilmişdi. Eyni zamanda tələbələrin kollokvium, məqbul və imtahanlara hazırlığına diqqətin artırılması, seminar və praktik məşğələlərin səmərəli təşkili ilə bağlı əmr imzalanmış, Dil-ədəbiyyat fakültəsinin sonuncu kurs tələbələrinin isə dövlət imtahanlarına hazırlaşmasına kömək məqsədilə imtahan mövzularında mühazirələr təşkil edilmişdi. Əlbəttə, bütün bunlar yüksək ixtisaslı dil-ədəbiyyat müəllimlərinin hazırlanması sahəsində atılan mühüm addımlar kimi dəyərlənməlidir.
Tədricən bu sahədə islahatlar davam edərək tələbə biliyinin stimullaşdırılması istiqamətində də böyük təkan rolunu oynamışdır. Bu baxımdan 1952-53-cü tədris ilində dil-ədəbiyyat fakültəsinə qəbul imtahanlarında nəticəsi “yaxşı” və “əla” olmuş 73 tələbəyə təqaüd verilməsi qərara alınması xüsusilə qeyd edilməlidir. Həmin il Dil-ədəbiyyat fakültəsinin 46 nəfər məzunu olmuş, 6 tələbə fərqlənmə diplomuna layiq görülmüşdü.
ADPİ 50-ci illərdə də respublikada filologiya elminin ön sıralarında gedir¬di. Aparılan araşdırmalar, yazılan monoqrafiya, dərslik və dərs vəsaitləri, çap edilən yüzlərlə elmi məqalə, müdafiə olunan namizədlik və doktorluq dissertasiyaları sübut edir ki, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsi müharibədən sonrakı illərdə (1945-1965) respublikada elmi-tədqiqat fəaliyyəti sahəsində əsaslı nailiyyətlər qazanmışdır.
Dil-ədəbiyyat fakültəsində Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçıları prof. M.H.Rəfili və prof. F.S.Qasımzadə çox məhsuldar işləyir, yeni-yeni əsərlər meydana gətirirdilər. M.H.Rəfilinin irihəcmli “M.F.Axundov”, “Görkəmli inqilabçı və yazıçı Nəriman Nərimanov”, “Mirzə Şəfi dünya ədəbiyyatında”, F.S.Qasımzadənin “Nəcəf bəy Vəzirov” (1945), “XIX əsr Azərbaycan ədəbiyyatı” (1956), “Abbasqulu Ağa Bakıxanov (Qüdsi)” (1956) və s. monoqra¬fiya və dərslikləri məhz həmin dövrün yaradıcılıq məhsulları idi.
Ş.Q.Qurbanovun “Puşkin və Azərbaycan poeziyası”, F.S.Qasımzadənin “A.S.Puşkin və M.F.Axundov”, A.M.Məmmədovun “M.Qorki və Azərbaycan ədəbiyyatı” əsərlərində Azərbaycan – rus ədəbi əlaqələrinə dair bir çox aktual məsələlər özünün elmi təhlilini tapdı. Bunlarla yanaşı, Azərbaycan dili və ədəbiyyatına, ədəbi əlaqələri tarixinə dair bir sıra əhəmiyyətli elmi-tədqi¬qat işləri hazırlanıb müdafiə edildi. İ.Q. Şıxlı “Mehdi Hüseynin nəsri”, Ş.Q.Qurbanov “Puşkin və Azərbaycan poeziyası”, P.Ş.Əfəndiyev “Koroğlu Azərbaycan xalqının qəhrəmanlıq eposudur”, A.M.Hüseynov “Vartaşen rayonu şivələri”, A.Məhərrəmov “Sovet dövründə Azərbaycan mətbuatında ədəbi dilin başlıca məsələlərinin (əlifba, orfoqrafiya, terminologiya) müzakirəsi”, B.M.Rəhimova “Müasir Azərbaycan dilində tamamlıq” və M.M.Rzazadənin “M.P.Vaqifin qoşma, deyişmə və təcnislərinin leksikası” mövzula¬rında müdafiə olunan namizədlik dissertasiyalarında filologiya elminin müxtəlif problemlərinə aydınlıq gətirilirdi. Eyni zamanda A.Məmmədovun 1959-cu ildə F.Qasımzadənin redaktorluğu ilə çap olunmuş “ Maksim Qorki və Azərbaycan ədəbiyyatı” adlı əsəri Azərbaycan və rus ədəbiyyatını öyrənmək baxımdan mühüm mənbə idi. 1960-cı ildə Ə.Hüseynovun redoktorluğu ilə çap olunmuş “Baharın nəfəsi” adlı gənclik almanağı da fakültənin uğurlarından biri kimi dəyərləndirilə bilər.
Bu dövrdə Azərbaycan türkologiya elminin görkəmli nümayəndələrindən olan prof. Ə.M.Dəmirçizadənin rəhbərliyi altında Azərbaycan dilçiliyi sahəsində qiy¬mətli tədqiqatlar aparıldı, elmi əsərlər nəşr edildi. Xüsusilə prof. Ə.M.Dəmirçizadənin “Azərbaycan ədəbi dilinin inkişaf yolları” (1958), “Kitabi-Dədə Qorqud dastanlarının dili” (1959) , “Azərbaycan dilinin fonetikası” (1960) kimi qiymətli əsərləri gərgin və ciddi əməyin məhsulu idi. Bundan başqa, İ.R.Əfəndiyev, B.M.İbrahimov və H.Abdullayevin müştərək yazdıqları “Azərbaycan dili” kitabının I cildi (1957), A.S.Abdullayevin “Orta məktəbdə Azərbaycan dili metodikası” (1957) əsəri nəşr olundu. Həmin illərdə təkcə nəzəri dil, ədəbiyyat, metodika sahəsində deyil, dialektologiyanın tədqiqi sahəsində də mühüm addımlar atılırdı. A.M.Hüseynovun pedaqoji institutlar üçün hazırladığı “Azərbaycan dialektologiyası” (1958), eləcə də B.İ.İbrahimovun “Naxçıvan şivələri qrupunun bəzi lüğət xüsusiyyətləri” (1960) adlı əsərləri bu baxımdan yüksək elmi dəyərə malikdir. Mübaliğəsiz demək mümkündür ki, bu illərdə, dəqiq desək, 1960-cı ildə İ.R.Əfəndiyev, Z.X. Tağızadənin redaktorluğu ilə pedaqoji institut tələbələri üçün nəzərdə tutulmuş “Müasir Azərbaycan dilinin sintaksisi” adlı dərs vəsaitinin nəşr olunması həmin dövr filologiyasında bir hadisə kimi dəyərləndirilidi.
M.Mehdizadə “Azərbaycan SSR-də məktəb quruculuğu tarixinin xülasələri” (1957) və A.S.Abdullayev “Azərbaycan dilinin tədrisi tarixi” (1958) mövzusunda doktorluq dissertasiyaları müdafiə etdilər. A.S.Abdullayev Azərbay¬can dilinin tədrisi metodikası ixtisası üzrə birinci doktorluq dissertasiyası müdafiə etmiş, bu sahədə elmi kadrların yetişməsində böyük rol oynamışdır. O, bir müddət Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda kafedra müdiri (1944-1949) işləmiş, 1960-cı ildə isə professor elmi adını almışdır. Yeri gəlmişkən, bugün ADPU-nun filologiya fakültəsi tələbələrinin elmi-metodiki hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrası ilk dəfə 1959 – cu ildə Azərbaycan dilinin tədrisi metodikası adı altında təşkil olunmuşdur. Prof. A.Abdullayev kafedra yaranan gündən 1979-cu ilə kimi həmin kafedranın müdiri olmuşdur. Onu da qeyd edək ki, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov da məhz 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir.
ADPİ-ni 1945-1969-cu illərdə bitirənlər arasında görkəmli alimlər, ictimai xadimlər, siyasətçilər, hakimiyyət orqanlarının rəhbərləri, xalq yazıçıları və şairlər var. Onların xeyli hissəsi bu gün də ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışırlar. İnstitutun filologiya fakültəsinin 1947-ci il məzunu görkəmli ictimai xadim, yazıçı, alim Şıxəli Qurbanov, Xalq yazıçısı İsmayıl Şıxlı, Xalq şairi Məmməd Araz, istedadlı şairlər - İlyas Tapdıq, Tofiq Bayram, Məstan Əliyev, Kələntər Kələntərov, yazıçı Sabir Əhmədov və baş¬qaları da APİ-nin yetirmələridirlər.
Dil və ədəbiyyat kafedrasının bazası əsasında yaradılmış Azərbaycan və dünya ədəbiyyatı kafedrası da universitetin inkişafında böyük rol oynamışdır. Pedaqoji universitetin tarixində, eləcə də Azərbaycan elmi mühitində bu kafedranın xüsusi çəkisi olmuşdur. Kafedra yaradılan gündən ona rəhbərlik etmiş Ə.Sultanlının “Antik ədəbiyyat tarixi” (1957) dərsliyi yarım əsrdən çoxdur ki, bütünlükdə Azərbaycan filologiyasında əsas mənbə kimi istifadə olunur. M.Rəfilinin “Ədəbiyyat nəzəriyyəsinə giriş” (1958) dərsliyi bu illərin Azərbaycan ədəbiyyatına bəxş etdiyi qiymətli elmi tədqiqatdır.
Ə.Sultanlı yaradıcılığını yüksək qiymətləndirən prof. C.Nağıyev onun haqqında xatirələrində bu cəhəti nəzərə alaraq yazır: “O, Azərbaycan dramaturgiya tarixini və xalq dramlarını tədqiq edib və sanballı monoqrafiyalar yazıb. Əli Sultanlı Dədə Qorquda həsr etdiyi tədqiqat əsərində yunan şairi Homerin Odiseya əsərinin personajlarından biri olan Polifenlə (Siklonu) "Kitabi Dədə Qorqud" dastanındakı Təpəgözün müqayisəli təhlilini verib.
Onun elmi-pedaqoji fəaliyyətinin əsas istiqamətlərindən biri də qədim yunan və qədim Roma ədəbiyyatlarını əhatə edən, bu gün də öz elmi dəyərini itirməyən, Azərbaycan ziyalılarının və universitet tələbələrinin əsas tədris vəsaiti kimi mənbələrdən biri olan "Antik ədəbiyyatı tarixi" kitabıdır. 1958-ci ildə çap olunan həmin kitab bu gün də tələbələrin istifadə etdiyi dəyərli dərs vəsaitidir. Əli müəllim bu gün də dəyərini itirməyən bir sıra kitabların və dərsliklərin müəllifidir. O, ilk dəfə olaraq Azərbaycanda "Orta əsrlər və intibah dövrü ədəbiyyatı müntəxəbatı"nı da çap etdirib. Əli Sultanlı 1939-cu ildə universitetdə Dünya ədəbiyyatı kafedrasını yaradıb və ömrünün sonuna kimi həmin kafedraya rəhbərlik edib”.
C.Quliyevin 1959-cu ildə yazdığı “Səməd Vurğun yaradıcılığında vətənpərvərlik və beynəlmiləlçilik” əsəri də həmin dövrdə S.Vurğunun yaradıcılığının öyrənilməsi baxımından dəyərli tədqiqat kimi diqqəti cəlb edir.
ADPU-nun filologiya fakültəsi bu gün də sələflərinin elmi-pedaqoji ənənələrini uğurla davam etdirir, respublikamızda yüksək ixtisaslı Azərbaycan dili və ədəbiyyat müəllimlərinin hazırlanmasına öz sanballı töhfəsini verir.

Bilal Həsənli
ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti
İlkin Əsgərov
ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi

Daxil olundu: 11.02.2021 » Oxundu: 1265
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!