Regional İdarənin təşkilatçılığı, Ağstafa rayon Uşaq Musiqi Məktəbi, Aşıq Ə.Rzayev adına Tovuz rayon Uşaq Musiqi Məktəbi, Qazax rayon 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin, Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin iştirakı ilə baş tutan konsert proqramından öncə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı münasibətilə təbrik edərək, yeni ildə onlara uğurlar arzu etdi. Natiq çıxışında qeyd etdi ki, hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Natiq o cümlədən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, 2019-cu ildə əməkhaqqlarının bir neçə dəfə artırılmasından, Mədəniyyət nazirliyi tərəfindən təşkil olunan tədbirlərdən danışaraq dövlətin bütün sahələrə olduğu kimi mədəniyyət sahəsinə də diqqət və qayğısından geniş bəhs etdi.
Tədbirdə həmçinin Azərbaycan Aşıqlar Birliyinin Qazax-Ağstafa bölməsinin rəhbəri Aşıq Camoy Qurbanov 65 illik yubileyi münasibətilə İdarə rəisi və Qazax rayon MİHİ tərəfindən hədiyyə və fəxri fərmanla təltif olundu.
Tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi aktyorlarının hazırladığı yumoristik səhnələr, Uşaq Musiqi Məktəblərinin müəllim və şagird kollektivlərinin hazırladığı maraqlı ifalardan ibarət konsert proqramı ilə davam etdirildi.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

Daxil olundu: 26.12.2019 » Oxundu: 1626
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!