Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzində Zəngilan rayonunun ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 26-cı ilinə həsr olunmuş dəyirmi masa keçirdi. Tədbir iştirakçıları öncə mərkəzin foyesində Ağstafa MKS-nin təşkil etdiyi “Dərdli Zəngilanın Səsi” başlıqlı kitab sərgisinə baxış keçirdilər.
Vətən uğrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbiri giriş sözü ilə açan regional idarənin rəisi Vüqar Qədirov qeyd etdi ki, oktyabrın 29-da respublikamızın dilbər guşələrindən olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il ötür. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənin aramsız hücumlarına sinə gərən Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "böyük ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar.
Vüqar Qədirov onu da qeyd etdi ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident cənab İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Təbii ki, ölkə başçısının dünyaya bu amiranə mesajından bütün ictimaiyyət ilhamlandı və əhalidə bir ruh yüksəkliyi yarandı. Bu gün gənclərin inamı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrinin fonunda daha da güclənməkdədir.
Həmçinin, İlham Əliyev oktyabrın 11-də MDB ölkələrinin dövlət başçılarının zirvə görüşündə qeyd edib ki, MDB ölkələrinin rəhbərləri Adolf Hitlerin əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsinə dəfələrlə etirazlarını bildiriblər. O xatırladıb ki, Yerevanda məşhur millətçi Qaregin Njdeyə heykəl qoyulub.
Azərbaycan Prezidenti vurğulayıb: “Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
İdarə rəisi bildirdi ki, Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü işini uğurla başa çatdırdı. Hərəkat böyüklüyü və nüfuzuna görə BMT-dən sonra ikinci təşkilat hesab olunur. Şübhəsiz ki, bu tədbir ölkəmiz üçün əlamətdar oldu. Ölkə rəhbərliyinin ağıllı və uzaqgörən siyasəti sayəsində Azərbaycan ağlasığmaz irəliləyiş edərək xaos və vətəndaş müharibəsi ərəfəsindəki sovet respublikasından dünyanın güc mərkəzləri tərəfindən tanınan iqtisadi dayanıqlı və siyasi stabil ölkəyə çevrilib.
Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail oldu.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ötən gün ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı jurnalistin ədalətsiz mövqeyinə azərbaycanlı gənc Arzu Məmmədovanın reaksiyası və tutarlı cavablı vətənpərvər Azərbaycan gəncliyinin mövqeyidir.
Tədbirdə həmçinin, idarənin məsləhətçisi Pəri Məmmədova, mətbuat katibi Xəyal Nağıyev və başqaları çıxış edərək Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunmasının uzaqda olmadığını bildirdilər.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

Daxil olundu: 02.11.2019 » Oxundu: 1672
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!