Ağstafa Regional Mədəniyyət İdarəsi Milli Mətbuatın yaranmasının 145 illiyinə həsr edilmiş videokonfrans keçirdi. Virtual zəmində keçirilən tədbirdə mətbuat nümayəndələri, idarənin rayonlar üzrə nümayəndələri, mədəniyyət müəssisələrinin rəhbərləri və mədəniyyət işçiləri iştirak etdilər.
100 nəfərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov tədbir iştirakçılarını salamlayaraq ilk öncə mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik etdi. Natiq milli mətbuatın yaranma və inkişaf tarixi haqqında geniş məlumat verərək bildirdi ki, bu gün milli mətbuatın yaranmasından 145 il ötür. Azərbaycan Milli mətbuatının təşəkkül tapmasında əvəzsiz rol oynamış “Əkinçi”qəzetinin 1875- ci iyulun 22- dən işıq üzü görməsi ilə milli mətbuatımızın əsası qoyulmuşdur. Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti vardır. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir. Natiq həmçinin, Ümummilli Lider Heydər Əliyevin senzuranı ləğv etməsini mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdığını vurğuladı. İdarə rəisi qeyd etdi ki, hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vüqar Qədirov həmçinin, son günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribatından, bu gün yalnız cəbhədə deyil, eyni zamanda sosial şəbəkələrdə gedən informasiya savaşından danışaraq, istər milli mətbuatın, istər gənc mədəniyyət könüllülərinin əsas missiyalarından birisinin də sosial şəbəkələrdə gedən informasiya mübarizəsində fəal və ayıq olması, birinci növbədə ölkəmizə qarşı istər daxildən, istər xaricdən qarayaxma kompaniyası aparan insanlara qarşı ciddi mübarizə aparmağın zəruriliyini vurğuladı.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri – 7NEWS.AZ xəbər saytının baş redaktoru Səbuhi Abbasov, “Türküstan Media Qrupu”nun baş redaktoru Aqil Camal, “Xalq Qəzeti”nin əməkdaşı Əfsanə Bayramqızı, “Kriteri.az” saytının təsisçisi və baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərov və “Mediaxəbərləri.az” informasiya portalının direktoru Ələddin Qarayev tədbirə dəvət olunduqları üçün idarə rəhbərliyinə təşəkkür edərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsas işin mətbuat nümayəndələrinin üzərinə düşdüyünü qeyd etdilər.Jurnalistlər həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin hər zaman mətbuata açıq olmasını, mətbuatla sıx əməkdaşlığını təqdir etdiklərini, idarənin keçirdiyi mədəni-kütləvi tədbirlərin təmsil etdikləri medya qurumlarında ictimailəşməsinə dəstək məsələsində hər an hazır olduqlarını bildirdilər.
Tədbirdə həmçinin,Azərbaycan Respublikasının Xalq Artisti Tariyel Qasımov, idarənin rəis müavini Gülgün Kərimov, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı, mətbuat katibi Xəyal Nağıyev çıxış edərək mətbuat nümayəndələrinə xoş təbriklərini çatdıraraq onlara bu şərəfli və çətin yolda uğurlar arzuladılar.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

Daxil olundu: 22.07.2020 » Oxundu: 238
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!