Ağstafa Regional Mədəniyyət İdarəsi "Milli Musiqi günü" münasibətilə silsilə tədbirləri davam etdirir. Növbəti tədbir Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin konsert zalında baş tutub. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, idarənin bir sıra əməkdaşları, mədəniyyət işçiləri, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib. Məktəbin müəllim və şagird kollektivi tərəfindən təşkil olunan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Proqramda müəllimlərdən ibarət ansamblın müşayiətilə şagirdlər tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu” operettalarından, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarından və s. əsərlərindən fraqmentlər səhnələşdirilib.
Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov bildirib ki, Üzeyir Hacıbəyov mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Üzeyir Hacıbəyov nəinki Azərbaycan professional musiqisinin banisidir, o həm də yazıçı, mütəfəkkir və ictimai xadim kimi böyük şöhrət qazanıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı

Daxil olundu: 21.09.2019 » Oxundu: 2457
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!