Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə tədbir keçirildi.
Öncə tədbir iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov geniş nitqlə çıxış edərək qeyd etdi ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündür. 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cü ilin iyunundan 2003-cü ilin oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmiş Ulu Öndər istər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolu Heydər Əliyev quruculuq xəttidir. Buna görədir ki, xalqımız 1993-cü ildə ümummilli liderimizi təkidlə respublika rəhbərliyinə dəvət etmişdir. Əgər xalqın tələbi ilə ulu öndərimizin ali hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, daim tərəqqi edən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli liderimiz Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövləti yaratmayıb. O həmçinin bu dövlətin gələcək inkişaf konsepsiyasını da müəyyənləşdirmişdir. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması, qeyri-neft sektorunun inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Ümummilli Liderimizin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Sevindirici haldır ki, əsası 1969-cu ildə qoyulmuş milli inkişaf konsepsiyası bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir. Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca, Heydər Əliyev də yaşayacaqdır.
Tədbirdə həmçinin, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Abdullayeva, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və başqaları çıxış edərək dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolundan və doğma xalqına misilsiz xidmətlərindən danışdılar.
Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edən “Xalqa Bağışlanan Ömür” adlı filmin nümayişi ilə davam etdirildi.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı

Daxil olundu: 15.07.2019 » Oxundu: 2766
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!