Ağstafa Regional Mədəniyyət İdarəsi Zəfər Paradına həsr olunmuş videokonfrans keçirdi. İdarənin əhatə etdiyi Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan idarə rəisi Vüqar Qədirov tədbir iştirakçılarını salamlayaraq Vətən Müharibəsində qazanılmış zəfər münasibətilə onları təbrik etdi, vətənin azadlığı uğrunda canından keçən Şəhidlərimizə Allahdan rəhmət dilədi. 27 sentyabrda düşmənin cəbhədə törətdiyi təxribata cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham cənab Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun əks həmlə hücumu ilə başlayan Vətən müharibəsində Azərbaycan Əsgərinin qazandığı uğurlardan geniş danışan natiq bu qələbənin milli qürurumuzu özümüzə qaytardığını, Azərbaycan Ordusunun qüdrətini dünyaya bəyan etdiyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbələrindən danışan idarə rəisi Qəhraman əsgərlərimizin Müqqədəs Bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancdığını və bu gün artıq Şanlı Azərbaycan Bayrağının Şuşada, Qarabağda dalğalandığını qeyd etdi. Bildirildi ki, İlham Əliyevin Azərbaycan tarixində rəşadətli bir qəhrəman kimi, bir sərkərdə kimi, dünyanın beynəlxalq təşkilatlarına, Azərbaycana ikili standard tətbiq edən dövlətlərə sinə gərərək həm diplomat, həm komandan kimi istər siyasi müstəvidə, istər müharibə meydanında göstərdiyi əzmkarlıq bütün dövlətlər tərəfindən qibtə ilə qarşılandı.
Bildiyimiz kimi, bu gün qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə paytaxtın Azadlıq meydanında möhtəşəm bir zəfər paradı qeyd etdik. Bilirsiniz ki, 10 dekabr həm də Beynəlxalq İnsan Hüquqları günüdür. Məhz belə bir gündə Azərbaycanın öz hərbi paradını keçirməsi onu deməyə əsas verir ki, Azərbaycan öz beynəlxalq hüququnu bərpa edə bildi. Bu illər ərzində bizim hüquqlarımız pozulurdu, bir milyondan artıq soydaşlarımızın öz doğma torpaqlarında yaşamaq hüququ əlindən alınmışdı ki, biz o hüququ bərpa etdik. Bu gün qələbəmizi, zəfər paradını qeyd etmək Azərbaycan xalqı üçün əlamətdar bir gün olmaqla bərabər dünyaya və beynəlxalq ictimaiyyətə ciddi bir mesajdır ki, biz bu mesajı verə bildik. 44 gün ərzində torpaqlarımızın azad olunması onu deməyə əsas verir ki, bizim Ümummilli Liderimiz Heydər Əliyevin ilk dəfə qurub yaratdığı nizami ordu, eyni zamanda cənab Prezidentimizin sonradan apardığı məqsədyönlü siyasət nəticəsində istər sosial-iqtisadi inkişafın təmin olunması, istər Silahlı Qüvvələrimizin formalaşması və müasir nizami ordunun yaradılması istiqamətində aparılan işlər, Azərbaycan hərbi sənayesinə ayrılan ümumi vəsait onu deməyə əsas verir ki, 44 günlük müharibənin qələbəni təmin etmək üçün doğrudan da illərin çox əziyyətli, çox mübariz bir fəaliyyəti əsaslı yer tutur. Bizim hər birimiz ölkəmizin qazandığı nailiyyətlərdə, uğurlarda Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Bu gün Heydər Əliyevin ruhu şaddır. Ona görə ki, onun vəsiyyəti müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən yerinə yetirilib.
Bu gün həmçinin qürurla söyləyə bilərik ki, Vətən müharibəsində iştirak edən qəhrəmanlar arasında mədəniyyət işçiləri də olub. Döyüşlərin ilk günlərindən mədəniyyət müəssisələrində çalışanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri Vətən müharibəsində iştirak edib, onlardan 6 nəfəri şəhidlik zirvəsinə ucalıb. Biz mədəniyyət işçiləri bütün şəhidlərimizin, eyni zamanda şəhid həmkarlarımızın xatirəsini hər zaman uca tutmalı, gələcək fəaliyyətlərimizdə onları daim xatırlamalı, onlara həsr olunmuş şeirlər, mahnılar bəstələməli, videoçarxlar, filmlər hazırlamalı, tədbirlər təşkil etməliyik. Bu gün bu Zəfər sevincini bizlərə yaşadan igidlərimizə hər zaman borcluyuq.
Həmçinin pandemiya ilə mübarizə mövzusuna da toxunan idarə rəisi qeyd etdi ki, pandemiya yalnız Azərbaycanın deyil, bütün dünyanın rastlaşdığı görünməz bir bəladır ki, biz də təbii ki, bundan yan qaça bilməzdik. Biz artıq bir nömrəli düşmənə qalib gəlmişik amma digər düşmənimiz olan koronavirusla mübarizəmizi davam etdirməli, karantin qaydalarına və şərtlərinə ciddi riayət etməliyik. Mən arzu edirəm ki, bizlər dekabrın sonunadək ikinci qələbəni qazanaq və mənfur düşmənimizi məğlub etdiyimiz kimi, pandemiya üzərində də qələbə qazanaq. Arzu edək ki, 2021-ci il xalqımız üçün, dövlətimiz üçün əminamanlıq ili olsun, qurub-yaratmaq ili olsun, bizim əziz mədəniyyət işçilərimizin işğaldan azad etdiyimiz torpaqlarda tədbirlər keçirəcəyi bir il olsun.
Vətən Müharibəsi dövründə ölkəmizdə xalq-dövlət-ordu birliyi bu gün onu göstərdi ki, bu birliyin qarşısında, heç bir düşmən ordusu duruş gətirə bilməz. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

Daxil olundu: 11.12.2020 » Oxundu: 795
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!