Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov aprel döyüşçüsü və Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının fəalları ilə görüş keçirib. Görüşdə erməni vandallarının növbəti dəfə beynəlxalq hüququn prinsiplərini pozaraq iyulun 12-də artilleriyadan istifadə edərək Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribata əl atması, Azərbaycan Silahlı Qüvvələrinin adekvat tədbirləri nəticəsində düşmənin layiqli cavab alaraq geri oturdulması geniş müzakirə olunub. İşğalçı Ermənistanın növbəti təxribatı fonunda Azərbaycan xalqının yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi nümayiş etdirdiyi qeyd olunub. Görüşdə həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyi, ermənistanı təkbətək döyüşə çağırmasının düşmənin ona havadarlıq edən dövlətlər olmadan heç vaxt Azərbaycanla döyüşə bilməyəcəyinin göstəricisi və yalnız havadarlarının gücünə arxayınlığının sübutu olduğu qeyd olunub.
Son vaxtlar aparılan Rusiya-Ermənistan hərbi təlimləri və buna cavab olaraq qardaş Türkiyənin Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə hərbi təlimlərə başlaması məsələsinə toxunan idarə rəisi və veteranlar onu bildiriblər ki, hər an bizim ordumuz düşmən üzərində qələbəni təmin etməyə qadir bir ordudur. Görüşdə həmçinin qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki vətəndaşlarını mütəmadi olaraq atəşə tutur və bunun nəticəsidir ki, Tovuz rayonunun sərhəd kəndlərində mülki evlərə zərər dəymiş və bir nəfər mülki şəxs şəhid olmuşdur. Məlumdur ki, ermənilər neçə illərdir öz təxribatlarına haqq qazandırmaq istəyirlər. Lakin artıq bizim diaspor fəallarımızın Avropada ermənilərin təxribatlarına düçar olması və o təxribatların əksər hallarda qarşısının alınması onu deməyə əsas verir ki, Azərbaycan diasporu da ölkə daxilində dövlət başçısının apardığı adekvat siyasətə həmrəylik nümayiş etdirir və bu da təbiidir ki, ermənistan diasporunda qıcıq yaradır. Bu gün əksər ölkələrdə ermənilərin soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər dünyanın gözü qarşısındadır və bu da mənfur düşmənimizin əsl kimliğinin, xislətinin bariz nümunəsidir.
İdarə rəisi həmçinin, son hadisələr zamanı əhalinin könüllü olaraq döyüşə yazılmaq üçün hərbi komissarlara axın etdiyini, vətənin müdafiəsi zamanı şəhid olan hərbiçilərimizin dəfn mərasimindəki izdihamı, insanlarda mili ruhun yuksək olmasını qeyd edərək bildirib ki, bu ölkəmizdə xalq-ordu birliyinin danılmaz nümunəsidir.
Müzakirələrin yekununda istər gənc mədəniyyət könüllüləri, müharibə veteranı təşkilatlarının üzvləri, qazilərin birgə mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirməsi, onlara mənəvi dəstək olması, ön xətdə döyüşən əsgərlərimizə baş çəkilməsi və s. məsələlər qərara alındı.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

Daxil olundu: 30.07.2020 » Oxundu: 1006
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!