Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi əsaslı təmir-bərpadan sonra istifadəyə verildi. Açılış tədbirində iştirak edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov rəmzi məna daşıyan lenti kəsərək qarşıdakı tədris ilində məktəbin pedoqoji kollektivinə və şagirdlərə uğurlar arzuladı. Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin mədəniyyət sahəsinə xüsusi diqqət və qayğısından geniş bəhs edən V.Qədirov sentyabrın 1-dən minimum əməkhaqqının artırılmasını ölkə prezidentinin xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində atdığı növbəti addımlardan biri olduğunu bildirdi. Tədbirdə çıxış edən məktəbin tədris hissə müdiri Xəyal Nağıyev, fortepiano şöbəsinin müəllimi Arifə Umudova və başqaları onlara göstərilən bu etimad və qayğıya görə ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, mədəniyyət naziri Əbülfəs Qarayevə minnətdarlıqlarını bildirərək, yenilənmiş, bərpa olunmuş məktəb binasının onların pedoqoji fəaliyyətinə stimul verəcəyini, yeni-yeni nailiyyətlərə imza atacaqlarını, bu etimada layiq olmağa çalışacaqlarını dilə gətirdilər. Tədbir məktəbin müəllim və şagird kollektivinin hazırladığı Bilik Gününə həsr olunmuş konsert proqramı ilə davam etdi. Sonda xatirə şəkilləri çəkdirildi.
Eyni zamanda Qovlar şəhər və Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq Musiqi Məktəblərində Bilik gününə həsr edilmiş tədbirlər keçirildi. Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov və idarənin digər əməkdaşları həmin tədbirlərdə də iştirak edərək yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzu etdilər, yeni dərs ilinin başlaması ilə əlaqədar onları təbrik etdilər.
Həmçinin, idarənin tabeçiliyində fəaliyyət göstərən Qazax və Ağstafa şəhər Uşaq Musiqi Məktəblərində də Bilik Günü münasibətilə tədbirlər keçirildi, şagirdlərin və müəllimlərin iştirakı ilə konsert proqramları təşkil edildi.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı

Daxil olundu: 17.09.2019 » Oxundu: 2298
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!