Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə növbəti bayram tədbiri Tovuz şəhərində keçirilib.
Öncə Heydər Əliyev adına istirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbirdə bir sıra səlahiyyətli şəxslər, ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib. Bayram münasibəti ilə Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq hava şəraitində qurulmuş sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar, istedadlı uşaqların çəkdikləri rəsmlər, eləcə də tarixi-mədəni eksponatlar, ağac üzərində oyma işləri, dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilib.
Sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə reallaşan tədbir Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində özfəaliyyət dərnəyi və uşaq musiqi məktəbi müəllim və şagirdlərinin hazırladığı geniş bayram konserti ilə davam etdirilib. Konsertdə Ulu Öndərə həsr olunmuş və onun sevdiyi mahnılar, həmçinin, vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət
İdarəsinin mətbuat katibi

Daxil olundu: 17.06.2021 » Oxundu: 552
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!