Ağstafa Regional Mədəniyyət idarəsi Ağstafa Musiqi Mərkəzində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə bayram tədbiri keçirib. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən keçirilən "Gənc pianoçuların IV Respublika müsabiqəsi"ndə və "Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi"ndə uğurlu və yüksək səviyyədə iştiraklarına görə Diplom və Fəxri Fərmanlara layiq görülən şagirdlərin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd edib ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır.
Bu gün dövlətçiliyimiz qorunur, inkişaf edir və Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin müstəqilliyimizin əbədi olması üçün müstəsna rolu danılmazdır. Hazırki inkişaf, tərəqqi, istər siyasi, istərsə də iqtisadi sahədə əldə olunan müvəffəqiyyətlər məhz Cənab Prezidentin adı ilə bağlıdır. Bir sözlə, müstəqilliyimiz də, dövlətçiliyimiz də etibarlı əllərdədir və Azərbaycan xalqı haqlı olaraq öz prezidentinə hər zaman etimad edir, dəstəkləyir və gələcək uğurlara da ümid edir.
Tədbir mükafatçıların iştirakı ilə konsert proqramı ilə davam edib. Sonda xatirə şəkilləri çəkdirilib.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
mətbuat katibi

Daxil olundu: 22.10.2019 » Oxundu: 2673
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!