Şuşa şəhər 17 nömrəli ümumi orta məktəbin direktoru Məzahir Hüseynovun ömür yoluna nəzər saldıqda onun neçə şərəfli və keşməkeşli bir yol olduğunu görərik. Qəlbində yurd nisgili, torpaq həsrəti yaşadan Məzahir müəllimin ən böyük dərdi doğulub boya-başa çatdığı qədim və ulu Şuşanın hazırda işğal altında olmasıdır. O, 1961-ci ildə başı dumanlı Şuşada göz açıb dünyaya. Uşaqlığı, gəncliyi Cıdır düzündə, İsa bulağında, Topxana meşəsində, xarı bülbüllərin seyrangahında keçib Məzahir müəllimin. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirdikdən sonra yenidən Şuşaya qayıdıb və Şuşa rayon Səfixanlar orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1990-cı ildə məktəbə direktor təyin edilib. 1992-ci ildə isə məlum hadisələrlə əlaqədar olaraq nəinki özü, hətta rəhbərlik etdiyi doğma məktəbi də arzuedilməz məcburi köçkünlük «statusu qazanıb». Elə o vaxt-bu vaxt içində qövr edən bu dərdlə yaşayır özü də, məktəbi də.
Əvvəllər məktəbin şagirdlər çox olub. İndi isə məktəb 42 şagird və 18 müəllim kontingentindən ibarətdir. Bu isə əvvəllər tam orta məktəb kimi fəaliyyət göstərən məktəbin şagirdlərin sayı azalandan sonra ümumi orta məktəb kimi fəaliyyətini davam etdirməsinə səbəb olub. Məzahir müəllim gənc müəllim kadrların necə bacarıqlı və öz işini bilən, məsuliyyətli pedaqoqlar olduğunu söylədi. Həmçinin təqaüddə olub müqavilə ilə işləyən Divangir Abbasov və Səməd Həsənovun da adlarını minnətdarlıq hissi ilə çəkdi.
Məzahir müəllimin ailəsini müəllimlər ailəsi adlandırmaq daha doğru olardı. Atası İmran kişi və anası Şuşanın tanınmış müəllimlərindən olublar. Məzahir müəllimin həyat yoldaşı da müəllimdir. 3 övlad böyüdüb boya-başa çatdıran bu ailənin hər iki qızı da ailə ənənəsinə sadiq qalaraq müəllimlik peşəsini seçiblər. Oğlu isə ali təhsilli iqtisadçıdır və «Bərdə Fonka» bankda şöbə müdiri işləyir.
«Müstəqil Azərbaycanın təhsil sistemindəki nailiyyətləri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ölkəmizi çətin vəziyyətlərdən xilas edən ümummilli lider ölkədə bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşıb. Təhsilimizə göstərdiyi qayğının arxasında hər zaman onun «Təhsil millətin gələcəyidir» fikri dayanıb.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də ulu öndərin siyasi kursuna sadiq qalaraq, digər sahələrlə yanaşı, təhsilimizə də yüksək qayğı göstərir. Bu gün Azərbaycan təhsilində xüsusi xətt üzrə inkişafa həm də məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması daxildir. Məktəblərdə kompüterləşmə prosesi sürətlənib. Hazırda Azərbaycan məktəblərində şagirdlərin müasir texnologiyalarla bağlı məlumat alması və kompyuterlərdən yüksək səviyyədə istifadə edə bilməsi üçün dərslər təşkil olunur. Təhsilə göstərilən bu diqqət və qayğı azərbaycanlıların, Azərbaycan millətinin, ölkəmizin gələcəyi olan şagirdlərin, tələbələrin, gənclərin daha savadlı, bilikli, ağıllı, intellektual formada böyüməsi üçün edilən xidmətlərdir. Bu xidmətlər hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək qiymətləndirilməlidir» – söyləyir Məzahir Hüseynov.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 17.12.2019 » Oxundu: 443
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!