Doğma Azərbaycan dilinin inkişafı, hərtərəfli tədqiqi və tədrisində misilsiz xidmətləri olan, bu yolda böyük fədakarlıq göstərmiş görkəmli Azərbaycan dilçisi, Dövlət Mükafatı Laureatı (1972), Əməkdar elm xadimi (1960), akademik (1962) Məmmədağa Şirəli oğlu Şirəliyev 111 il bundan əvvəl 1909-cu il sentyabrın 13-də Şamaxı şəhərində anadan olub. 1931-də Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsini, 1933-də isə Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasını bitirib. 1936-41-ci illərdə Pedaqoji İnstitutda müəllim, dekan, kafedra müdiri vəzifələrində işləyib. 1941-ci ildə Məmmədağa Şirəliyevin «Bakı dialekti» mövzusunda namizədlik dissertasiyası elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Həmin dissertasiyaya görə ona birbaşa filologiya elmləri doktoru elmi dərəcəsi verilib (1943). Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, Məmmədağa Şirəliyev respublikamızda filologiya elmləri doktoru elmi dərəcəsi almış ilk dilçi – alimdir. 1972-də «Azərbaycan dialektologiyasının əsasları» monoqrafiyasına görə ona Dövlət Mükafatı verilib. Türkoloji dilçilikdə ilk dəfə olaraq «Azərbaycan dilinin diplektoloji atlası» da onun rəhbərliyi ilə hazırlanib və nəşr olunub.
Akademik Məmmədağa Şirəliyev şərəfli bir həyat yolu keçib, Azərbaycan dilçilik elminin yaranması, inkişafı və çiçəklənməsi sahəsində misilsiz xidmətlər göstərib. Dilçiliyin bir çox yeni sahələrinin diferensiallaşıb müstəqil elm kimi formalaşması, Azərbaycan dilçiliyinin dünyada, xüsusilə türkdilli respublikalarda tanınması ilə bağlı onun çəkdiyi zəhmət elmi ictimaiyyətin xatirindən heç vaxt silinməyəcək. Məmmədağa Şirəliyev Sovet dövrü Azərbaycan dilçiliyinin banilərindəndir. Görkəmli dilçi-alimin tədqiqatlarında müasir dil, dil tarixi, Azərbaycan ədəbi dili, etimologiya, üslubiyyat və s. sahələrlə əlaqəli müxtəlif problemlər hərtərəfli, professional elmi şərhini tapib. Lakin haqlı olaraq, dilçilikdə Məmmədağa müəllim Azərbaycan dialektoloji məktəbinin banisi hesab olunur. Onun «Azərbaycan dialektologiyası», I, II hissə (1942, 1943), «Bakı dialekti» (1957), «Azərbaycan dialektologiyasının əsasları» (1968), «Диалекты и говоры Азербайджана» (1983) kimi fundamental monoqrafiyaları digər türkdilli xalqların dialektlərinin öyrənilməsi üçün ən də də mötəbər və sanballı örnəkdir. Lakin görkəmli alimin maraq dairəsi təkcə Azərbaycan dilinin dialektologiyası ilə məhdudlaşmır. Onun əlifba, orfoqrafiya, orfoepiya, terminologiya, durğu işarələri, üslubiyyat, söz yaradıcılığı, nitq mədəniyyəti və başqa aktual problemlərlə bağlı apardığı araşdırmalar və əldə etdiyi elmi nəticələr Azərbaycan dilçiliyinin qızıl fonduna aid edilə bilər. 1970-80-ci illərdə çap olunmuş üçcildlik «Azərbaycan dilinin qrammatikası» akademikin gərgin əməyinin uğurlu nəticəsidir. Elmi fəaliyyəti ilə yanaşı M.Ş.Şirəliyev həm də pedaqoji sahədə xalqımıza böyük xidmətlər göstərmişdir. Onun görkəmli Azərbaycan dilçisi professor Muxtar Hüseynzadə ilə birlikdə yazdıqları «Azərbaycan dilinin qrammatikası (II hissə)» orta məktəb dərsliyi 1940- cı ildən başlayaraq dəfələrlə çap olunmuş, indi də elmi-pedaqoji sanbalını saxlamaqdadır. Akademik Məmmədağa Şirəliyev 30 ildən yuxarı respublikamızın müxtəlif ali məktəblərində dilçilik kursu üzrə mühazirələr oxuyub, 1933-41-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, dekan, 1941-45, 1949-60-cı illərdə isə Azərbaycan Dövlət Universitetində kafedra müdiri, rektor müavini vəzifələrində işləmişdir. Məmmədağa müəllimin yüksəkixtisaslı dilçi kadrların yetişdirilməsində də xidmətləri böyükdür. Onun rəhbərliyi altında onlarla doktorluq, 40-dan yuxarı namizədlik dissertasiyaları müdafiə olunub. Təkcə respublikamızda deyil, digər türkdilli regionlarda da onun şagirdləri, davamçıları çoxdur və onlar öz sevimli müəllimlərini həmişə dərin ehtiramla yad edirlər. Dəfələrlə keçmiş ümumittifaq dilçilik məclislərində bir çox görkəmli türkoloq-alimlərin akademik haqqında böyük ehtiram və məhəbbətlə danışdıqlarının şahidi olmuşam. Respublikamızın hüdudlarından çox-çox uzaqlarda Məmmədağa müəllimin belə yüksək nüfuza sahib olması qəlbimi iftixar hissi ilə doldururdu. Və o vaxtlar onun bu böyük nüfuzu bizi ruhlandırır, gələcək uğurlarımız üçün şərait yaradırdı. Necə deyərlər, hər yerdə, həmişə biz bu müdrik və xeyirxah alimin kölgəsini üstümüzdə hiss edirdik.
Kiçik bir haşiyə. Bakı Dövlət Universitetinin sonuncu kursunda diplom işimi Nəsimi adına Dilçilik İnstitutuna rəyə göndərdilər. O vaxtlar Dilçilik İnstitutunda dilin riyazi-statistik metodlarla tədqqiqi məsələləri ilə yenicə məşğul olmağa başlamışdılar. Prof. Zərifə Budaqovanın rəhbərlik etdiyi Müasir Azərbaycan dili şöbəsində Riyazi dilçilik qrupu yaradılmışdı. Zərifə xanım diplom işimi çox bəyəndi və məni İnstitutun direktoru akademik Məmmədağa Şirəliyevə təqdim etdi. Məmmədağa müəllim də mənim işimə böyük maraq göstərdi və qayğı ilə yanaşdı. Katibəsini çağırıb göstəriş verdi ki, mənim İnstitutda işə götürülməyim barədə əmr hazırlasın. Mən yerimdən tərpənmədim. Akademik Məmmədağa Şirəliyev özünə məxsus yumorla dedi: “Deyəsən, nə isə narazılığın var?” Mən hələ Universiteti bitirmədiyimi, diplom almadığımı və diplom işimi rəyə gətirdiyimi bildirdim. Onda Məmmədağa müəllim dedi: “Yaxşı, onda diplom alan kimi gələrsən. Səni işə götürəcəyəm”.
Akademik Məmmədağa Şirəliyev öz vədinə əməl etdi. 1976-cı ilin avqustun 9-da Azərbaycan Dövlət Universitetnin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmək barədə fərqlənmə diplomu aldım. Adətən, yay aylarında İnstitut direktorları məzuniyyətdə olurlar. Akademik (sonralar bildim ki, akademik olmasına baxmayaraq hamı ona “professor” deyə müraciət edir) otağında idi, məni tanıdı, fərqlənmə diplomuma baxdı, təbrik etdi və vədinə əməl etdi. Elə həmin gündən - 1976-cı il avqustun 9-dan müsabiqəyə qədər Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun kiçik elmi işçisi vəzifəsində işləməyə başladım. O vaxtlar Elmlər Akademiyasına işə düzəlmək çox çətin idi. Məni isə, xüsusi olaraq, heç kəs təqdim eləməmişdi. Mən Universitetin birinci kursunda dərsə başlayan ili( sentyabrda) atam rəhmətə getmişdi. Akdemik Məmmədağa Şirəliyev ailəm barədə məndən heç nə soruşmadı, heç hansı rayondan olduğumu da öyrənmək istəmədi. Diplomuma və diploma əlavəyə bir daha baxdı, diplom işimin adına diqqət yetirdi və işə götürülməyim barədə əmrə qol çəkdi. Belə-belə işlər...
Akademik Məmmədağa Şirəliyev böyük alim, böyük şəxsiyyət idi. İnstitutun elmi katibi və sonralar elmi işlər üzrə direktor müavini seçiləndə də mənə təqdimat məktubunu o yazmışdı. Ondan çox şey öyrənmək, çox şey götürmək olardı.
Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun!
Mən Akademiyaya müqəddəs bir elm məbədi kimi baxırdım. Fəxr edirdim ki, belə müqəddəs bir yerdə, müdrik, xeyirxah və zəhmətkeş insanlarla bir cərgədə çalışıram.
Akademik Məmmədağa Şirəliyev, sözün əsl mənasında, böyük şəxsiyyət idi. Onu tanıyanlar bu kamil insanın yüksək daxili mədəniyyətindən, qeyri-adi təsir gücündən, alicənablığından, insanlıq, mərifət və qayğıkeşliyindən ağız-dolusu söhbət açırdılar. Məmmədağa müəllim əsl alimi də şəxsiyyət kimi görmək istəyirdi. O deyirdi ki, dissertasiya yazmaq alim olmaq üçün ilkin şərtdir, alim olmaq istəyən şəxs dissertasiya yazmaqla bərabər gərək həm də şəxsiyyət kimi formalaşsın, yetişsin və şəxsiyyət kimi tanınsın, yalnız bundan sonra elmi dərəcə almaq olar. Bu, görkəmli dilçinin alim adını necə yüksək tutduğunu bir daha göstərirdi.
Daha bir haşiyə. Mən əvvəllər arabir ətrafımda, işlədiyim kollektivdə cürbəcür hadisələr barədə xoşagəlməz söz-söhbətlər eşidəndə təəccüb edərdim: axı necə ola bilər ki, bu qədər əzəmətli adlar və titullar daşıyan, yaxşı dolanışığı, evi-eşiyi olan bəzi adamlar belə xırda, cılız hisslərlə yaşayır. Onlara daha nə lazımdır: şan-şöhrət var, bir neçə lüks mənzil, bağ evləri, maşınlar, vəzifə hamısı yerində (mən hələ elmi dairədən danışıram). Uşaqlarının da yaxşı iş yeri, evi, maşını və s. Bir də görürsən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, İnstitut direktoru və ya rektor (Milli Məclisin üzvü – bura daha çox titul və vəzifələr əlavə etmək olar) özünə, titul və vəzifələrinə yaraşmayan çılız işlərlə, adi insan əxlaqına, yaşayış normalarına uyğun gəlməyən cılız əməllərlə məşğul olur. Mən nəyi nəzərdə tutduğumu konkret faktlarla xırdalamıram. Bu barədə KİV-lərdə, sosial şəbəkələrdə kifayət ədər məlumata rast gəlmək mümkündür. Ümumi şəkildə, bir qədər ümumi sözlərlə məsələni təhlil etmək, fikrimə aydınlıq gətirmək istəyirəm. Belələrinin arasında özündən on dəfələrlə az maaş alan, kirayədə qalan əməkdaşdan (laborant və ya doktrantdan) rüşvət tələb edən (alan) və ya başqa nalayiq hərəkətlər edən yüksək rütbəli və mənsəbli “elm xadimləri” də az deyildir. Belə mağara düşüncəli, manqurt, akademik ada və əxlaqa yaraşmayan əməl sahibləri “azərbaycançılıq”, “dövlətçilik”, “vətənpərvərlik” şüarları ilə saatlarla pafoslu moizələr oxuyub gözə kül üfürür, əməldə isə tayfabazlıq, qohumbazlıq, regionçuluq, dostbazlıq, tamahkarlıq, əxlaqsızlıq edirlər. Mən əvvəllər belə hadisələri eşidəndə təəccüblənir və bu olayları ümumi şəkildə “akademikin cılızlığı” kimi səciyyələndirirdim.
İndi başqa fikirdəyəm. Mənə elə gəlir ki, həqiqi elm adamı, öz əməyi, zəhməti ilə yüksəlmiş əsl alim heç vaxt belə cılız hərəkətlərə yol verməz, cılız hisslərlə yaşamaz. Şagirdinə dəftər-kitab alan müəllim, aspirantının (doktorantının) ev kirayəsini ödəyən, ona mənzil almaqda kömək edən elmi pəhbərlər də az deyil. Və uzun çək-çevirdən sonra bu qənaətə gəldim ki, bu baş verən olayları “akademikin cılızlığı”yox, “cılızın akademikliyi” adlandırmaq daha düzgün olardı. Axı, bu yaramaz əməl sahibi olan “akademiklərin” heç biri bu adı öz elmi,öz biliyi, əməyi ilə əldə etməyib. Hansı “elmi uğurlarına” görə bu mənsəbə çatdıqlarını onlar yaxşı bilirlər. Əgər onlar, necə deyərlər, heç olmazsa, test imtahanı verib yüksək bal toplayaraq bu titulu qazansaydılar, onda zəhmətin , elmi axtarışların nə olduğunu bilər və bu yola gələn, elmə can atan gənclərə həssas yanaşardılar. Kiminsə dəftərxanasında tərtib olunmuş saxta siyahı əsasında guya”seçilmiş” bu “dəftərxana akademiklərindən” başqa əxlaq gözləmək düzgün olmazdı. Belə “siyahı akademikləri” az sayda olan tək-tük həqiqi alimlərin nüfuzuna da kölgə salmış olurlar. Cılızın akademikliyi bundan artıq ola bilməz!
Allah bizi belələrindən uzaq eləsin!
Akademik Məmmədağa Şirəliyev olduqca həssas insan idi - xüsusilə gənc kadrlara münasibətdə. Mən elmi seminarlarda, dissertasiya müdafiələrində gənc tədqiqatçılar barədə onun elmi şərhlərini, tənqidi mülahizələrini xatırlayıram. Görkəmli alimin gənc araşdırıcılar barədə proqnozlarının, demək olar ki, hamısı doğru çıxmışdır. Bu, dilçi-alimin yüksək elmi duyum və həssaslığına bariz nümunədir.
Məmmədağa müəllim son dərəcə xeyirxah və səmimi bir insan idi. Bakıdan çox-çox uzaqlarda olduğum vaxtlarda da mən onun gənc dilçilərə doğma və səmimi münasibətini, xüsusi qayğı və diqqətini hiss edirdim. Ötən əsrin 80-ci illərində Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin aspiranturasında təhsilimi davam etdirir və eyni zamanda Leninqrad Dövlət Pedaqoji İnstitutunun Mühəndis Dilçiliyi laboratoriyasında elmi təcrübə keçirdim. Bir gün elmi rəhbərim, dünya şöhrətli alim, görkəmli elm xadimi, professor Raymond Qenrixoviç Piotrovski Alma-Ata (indiki Almatı) şəhərində akademik Məmmədağa Şirəliyevlə görüşdüyünü və onun mənim işlərimlə, aspirantlıq fəaliyyətimlə çox ciddi maraqlandığını bildirdi. Mən, akademikin bu qayğı və diqqətindən çox mütəəssir oldum. Bu mənim məsuliyyətimi birə-on artırdı. Aradan bir müddət keçəndən sonra dünya şöhrətli türkoloq, professor Aleksandr Mixayloviç Şerbak məni yanına çağırıb dissertasiyamla maraqlandı. Bir həftədən sonra işi mənə qaytardı. Müsbət rəyini elmi rəhbərim prof. Raymond Qenrixoviç Piotrovskiyə bildirəcəyini söylədi. Sözün düzü, o vaxtlar prof. A.M.Şerbakın dissertasiyamla maraqlanması məni çox təəccübləndirdi. Sonralar öyrəndim ki, akademik Məmmədağa Şirəliyev telefon söhbətində prof.Aleksandr Mixayloviç Şerbakdan dissertasiyamla tanış olmasını və işin müdafiəsi ilə əlaqədar mənə kömək etməsini xahiş edib. Akademik Məmmədağa Şirəliyev belə insan idi - səmimi, diqqətli, təmənnasız, qayğıkeş. Və bu müdrik alimin qayğı və köməyini görənlər indi onu dərin minnətdarlıq və ehtiramla yad edirlər. Böyük minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, mənim respublikamız üçün nadir sayılan bir ixtisas üzrə Leninqrad şəhərinə elmi təcrübəyə və aspiranturaya göndərilməyim də, İnstitutun elmi katibi və sonralar direktor müavini vəzifələrinə təyin olunmağım da akademik Məmmədağa Şirəliyevin zəmanət və təqdimatları əsasında olmuşdur.
Akademik Məmmədağa Şirəliyevin elmi-təşkilati fəaliyyətinin böyük bir hissəsi Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə bağlı olub. O, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru, dialektologiya şöbəsinin müdiri, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışıb. Keçmiş SSRİ məkanında böyük təsir qüvvəsinə və nüfuza malik ümumittifaq «Sovetskaya tyurkologiya» jurnalının Bakıda çap olunması da akademik Məmmədağa Şirəliyevin şəxsi səyi, nüfuzu və rəhbərliyi nəticəsində mümkün olub. Onun baş redaktoru olduğu bu jurnal bütöv türkoloqlar nəslinin yetişməsi üçün nəzəri baza rolu oynayıb. Heç təsadüfi deyil ki, «Türk dilləri dialektologiyası məsələləri» kimi ittifaq əhəmiyyətli sanballı elmi məcmuə də həmin vaxtlar məhz Bakıda çap olunurdu. Akademik Məmmədağa Şirəliyev keçmiş SSRİ məkanından kənarda da böyük şöhrətə malik idi. Görkəmli alim Bolqarıstanda yaxşı tanınırdı. 1953-54-cü illərdə o, Sofiya Universitetində Türk dili kafedrasının müdiri vəzifəsində işləyib. Məmmədağa müəllim 1957, 1966, 1972-ci illərdə Ankara şəhərində Türk Dil Qurumu tərəfindən keçirilən dilçilik qurultaylarında fəal iştirak edib. O, 1963-cü ildə Polşa Şərqşünaslıq İnstitutuna mühazirə oxumaq üçün dəvət alıb. Akademik Məmmədağa Şirəliyevin dilçilik sahəsində xidmətləri yüksək qiymətləndirilib. O, «Şərəf nişanı», «Xalqlar dostluğu» ordenləri ilə təltif olunub, Əməkdar elm xadimi fəxri adına layiq görülüb, Dövlət Mükafatı laureatı olub. Görkəmli alimə ən böyük abidə isə qədirbilən Azərbaycan xalqının ürəyindədir. Böyük alim, qayğıkeş müəllim, filologiya elmləri doktoru, professor, akademik Məmmədağa Şirəli oğlu Şirəliyevin əziz xatirəsi onun tələbələrinin, həmkarlarının və Azərbaycan dilini sevənlərin qəlbində həmişə yaşayacaq.
Əziz Məmmədağa müəllim, Azərbaycan dilçilik elminin indiki inkişaf mərhələsində, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin elmi – təşkilati işlərində Sizin yeriniz görünür!
Zəhmətinizi halal edin! Ruhunuz şad olsun!

Məsud Mahmudov
filologiya üzrə elmlər doktoru, professor
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi

Daxil olundu: 10.09.2020 » Oxundu: 1897
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!