Avqustun 21-ində unudulmaz Bəkir müəllimin 90 yaşı onsuz gəlir

Onu yaxından tanıyanlar da, uzaqdan bələd olanlar da, hətta birbaşa, canlı yox, televiziya ekranından müşahidə edənlər də hamısı təsdiqləyirdilər ki, bilikli adamdır, yaxşı alimdir, insanlığına da söz ola bilməz.
Yaxından tanıyanların dilində Bəkir Nəbiyev haqqında bu fikirlərin səslənməsində təəccüblü heç nə yoxdur. Çünki ortada 60 ildən artıq davam edən yaradıcılıq yolu boyunca yazdığı dəyərli əsərlər, kürsülərə qalxanda istənilən mövzuda gözəl Azərbaycan dilində səlis, rəvan, cazibəli nitqi vardı ki, alimliyi barədə aydın şəhadət verirdi.
Onunla birgə işləyənlər, yol yoldaşı, qonşu olanlar səmimiyyətini, mehribanlığını, tikansız insan olduğunu etiraf edirdilər.
Və bu keyfiyyətlər Bəkir müəllimdə o qədər qabarıq idi ki, lap üz-üzə ünsiyyətdə olmayanlar da televiziya ekranından onu seyr edərkən, radioda sifətini görməyib səsini eşidərkən bel' həm mükəmməl savadını, haqqında bəhs etdiyi mövzulara incəliyinə qədər bələdliyini, həm də səsinin həlimliyindən, istiliyindən qəlbindəki hərarəti, təbiətindəki gizlədilməsi mümkünsüz qabarıq rəhmdillik ovqatını hiss edirdilər.
Bəkir müəllim hamımınkı hesab edlə bilən az adamlardan, nadir alimlərdən, öz varlığında yaxşı adam və yaxşı alim anlayışlarını üzvü şəkildə qovuşdurmağa nail olmuş təklərdən idi.
Bəkir Nəbiyev özü söyləyirdi və xatirlərində də yazıb ki, ondan əvvəl də ailələrində Bəkir olubmuş.
Lakin bu uşaq körpə ikən vəfat etmişdi və qəlbi yanıqlı ana növbəti oğlu dünyaya gələndə həyat yoldaşının vasitəsilə qayınatasından xahiş edir ki, bu övladının da adını Bəkir qoymağa icazə versin.
Beləcə, 1300 il əvvəl Məhəmməd Peyğəmbərə xüsusi səmimiyyəti və bağlılığına görə “sədaqətli” ləqəbi almış Əbu Bəkir Siddiqin şərəfinə Ağdaşdakı sadə bir azərbaycanlı ailəsinə gəlib çatmış bu ad həmin ocaqda səslənməkdə davam etmişdi.
Bəkir müəllim anasını xatırlayarkən bunu da həmişə dalğınlaşaraq yada salırdı ki, Seyid Zəhra xanım hər namaz qılanda dua edərmiş: “İlahi Bəkir balama iki ömür ver. Uzun, xoşbəxt yaşasın! Həm öz ömrünü, həm də körpəykən itirdiyimiz qardaşının ömrünü!”.
Və ananın məhəbbət dolu ürəyinin dibindən qopub gələn bu israrlı arzu Allahın dərgahına çatıbmış.
Bəkir Nəbiyev həqiqətən iki ömür yaşadı.
Yaşadığı illərin çoxluğuna görə demirəm.
82 il az deyilsə də, bunu iki ömür qədər uzun müddət də saymaq düz olmazdı. Mən iki ömür deyəndə Bəkir müəllimin yaşadığı həyatın mündəricəsini, mahiyyətini, siqlətini nəzərdə tuturam.
Bu ilk növbədə işıqlı, xeyirxah, nəcib bir Azərbaycan kişisinin ömrü idi.
O, rəvan, əziyyətsiz həyat sürməmişdi.
Atası yaxşı təhsil almış, savadlı adam olsa da, çətin güzəran onu fəhləçilik etməyə, anasını isə külfətin maddi vəziyyətinə az-çox yüngülləşdirməkdən ötrü qohum-qonşu üçün yorğan sırımaq, bəhməz qaynatmaq, nişasta hazırlamaq kimi ağır işləri görməyə yönəltmişdi.
Bəkir 12 yaşından işləməyə başlamışdı.
Pinəçi yanında şəyird də olmuşdu, barama fabrikində fəhlə də işləmişdi, diktorluq da eləmişdi, müəllimlik də.
Sovet repressiyaları zamanında, 1937-ci ildə atası və əmisi həbs olunaraq Sibirə sürgün edilmişdi və “xalq düşməni”nin oğlu damğası ilə yaşamağa məcbur qalan gəncin aldığı ilk ağır zərbələrdıən biri bu olmuşdu ki, orta məktəbi bitirərkən ona “qızıl medal” verməməkçün sonralar akademikinə çevriləcəyi ədəbiyyat fənnindən “əla” qiymətini “dörd”ə endirmişdilər.
Ali məktəbə daxil olmuşdu. Ən nümunəvi tələbə kimi müəllimlərin hörmətini, sevgisini qazanmışdı.
Onu “Stalin təqaüdü”nə təqdim etmişdilər.
Lakin növbəti zərbə gəlmişdi – “xalq düşməni”nin oğluna bu şərəfi göstərməkdən imtina edilmişdi.
Neçə illər elə həmin siyasi səbəbə görə Bəkirin aspiranturaya qəbuluna da əngəllər törədilmişdi.
Lakin ruhdan düşməyərək, sınmayaraq addım-addım irıliləmiş, məqsədlərinə çatmaq üçün çalışmaqdan heç vaxt usanmamışdı.
Ən mühümü isə həyatı boyu rastlaşdığı xoaşgəlməz münasibətlər, sərt davranışlar, bədxahlıqlar onu daxilən küskün edə, qabalaşdıra, qəddarlaşdıra bilməmişdi.
O mülayimlik, o səbrlilik, o qılıqlılıq, o xoşrəftarlılıq ki, Bəkir müəllimdə vardı, deyərdin bu insanın ömrü elə həmişə naz-nemət içində, rahatdan-rahat ötüşüb. Əslində isə bunun tam əksi idi axı!
Pərvərdigarın ana duasını eşidərək Bəkir Nəbiyevə bağışladığı iki insan ömründən biri onun sürdüyü böyük alim həyatı idisə, Tanrı töhfəsi sayılası ikinci ömrü də örnək insan həyatını yaşaması sayılmalıdır.
İki paralel və bir-birinə dayaq olan ömür.
Demək, Bəkir müəllimə əslində elə anasının niyyət etdiyi kimi iki həyat nəsib olmuş və o, 82 illik deyil, 164 illik uzun ömür sürmüşdü.
Fəqət bir tərcümeyi-hal içərisindəki o iki ömrə artıq bitib də demək olmaz.
Çünki üçüncü ömür başlanıb.
Unudulmaz Bəkir müəllimin şəhid ədəbiyyatşünasımız və müstəsna millət aydını Firidun bəy Köçərliyə həsr edilmiş ilk böyük əsəri də daxil olmaqla 50 kitabı onun davam edən varlığıdır.
Bu gün Ağdaşda insanların hər gün keçdiyi “Akademik Bəkir Nəbiyev” küçəsi, hər səhər sinif otaqları şagirdlərlə dolan Bəkir Nəbiyev adına məktəb, bütün Azərbaycan boyu doğmaların, dostların, yetirmələrin qəlbindəki saysız-hesabsız məhrəm Bəkir Nəbiyev xatirələri bu əziz insanın və qiymətli alimin bitməyən yolu deməkdir.
Sınaqlarla dolu və şərəfli həyat yolu keçən akademik Bəkir Nəbiyevin son ucu mütləq ölümlü dünyadakı qazancı bu qədər oldu.
İftixar etməyə, ibrət götürməyə layiq deyilmi?!

Akademik Rafael Hüseynov

Daxil olundu: 20.08.2020 » Oxundu: 236
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!