Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları - Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın tərtib etdiyi “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı keçirilmişdir.

Təqdimatı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı əməli tədbirlərin görüldüyünü xatırladıb. Akademik ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanını müstəqil respublikamızda dövlət dili istiqamətində ardıcıl həyata keçirilən məqsədyönlü siyasətin məntiqi davamı kimi səciyyələndirib. O, dilçilik elminin müasir inkişaf səviyyəsi, bu sahədə yeni-yeni istiqamətlərin təşəkkülü, eləcə də elmlərin inteqrasiyası və diferensiyası nəticəsində yeni terminlərin yarandığını deyib. Bildirib ki, yeni dilçilik sahələrinin yaranması bu istiqamətdə terminlərin toplanması, onların sistemləşdirilməsi və “İzahlı dilçilik terminləri lüğəti”nin tərtibi zərurətini meydana çıxardığını və Dilçilik İnstitutunun əməkdaşlarının uzun illər apardıqları tədqiqatların bəhrəsi olduğunu diqqətə çatdırıb.
"Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi üçün Nazirlər Kabinetinə göndərildiyini xatırladan alim 2019-cu ildə orfoqrafiya lüğətinin yeni təkmilləşdirilmiş nəşrinin ictimaiyyətə təqdim ediləcəyini vurğulamışdır. Bununla yanaşı, yeni orfoepiya və sinonimlər lüğətlərinin hazırlanmasının zəruriliyini də diqqətə çatdırmışdır.
Tədbirdə, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professorlar - Sayalı Sadıqova, İsmayıl Məmmədli, İsmayıl Kazımov və Qəzənfər Kazımov çıxış edərək kitabın nəşrinin Azərbaycan dilinin saflığının qorunması baxımından vacibliyi məsələsinə toxunmuşlar. Qeyd olunub ki, lüğətdə elmi monoqrafiyalarda, tədris işində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilmişdir. Lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilmiş, o cümlədən terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun şəkildə öz əksini tapmışdır. Bundan başqa, lüğətin tərtibi prosesində dilin öz daxili imkanları hesabına yaranan terminlər, rus dili, eləcə də rus dili vasitəsilə başqa dillərdən, ingilis dilindən birbaşa alınan və eyni zamanda qohum türk dillərindən alınan terminlər əsas götürülmüşdür.

Kriteri.az

Daxil olundu: 07.11.2018 » Oxundu: 1599
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!