20-21 noyabr 2018-ci il tarixlərində Türkiyənin Mərmərə Universitetində “II Millətlərarası Çağdaş Türk Əlifbaları” simpoziumu keçirilib.
Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə elmləri doktoru Elçin İbrahimov iştirak edib. Birincisi 19-20 noyabr 1991-ci ildə keçirilən simpoziumda türk xalqlarının ümumi istifadəsi üçün 34 hərfdən ibarət ortaq əlifba layihəsi qəbul edilmiş və türk xalarının istifadəsi üçün tövsiyə edilmişdi. Bu simpoziumda müzakirə edilən əsas məsələlərdən biri Qazaxıstanda son dövrlərdə həyata keçirilən əlifba islahatı və türk xalqlarının müasir əlifba problemləri olub.
Simpoziumda E.İbrahimov “Türk xalqlarının ortaq əlifba problemləri” adlı məruzə ilə çıxış edib, ortaq əlifbanın türk xalqlarının milli-mədəni inteqrasiyasında mühüm rol oynayacağını diqqətə çatdırıb. Simpoziumun sonunda iştirakçıların imzası ilə ortaq bəyannamə qəbul olunub və türk dünyası ortaq əlifbasının latın hərfləri əsasında hazırlanması bir daha yekdilliklə təsdiq və tövsiyə edilib. Həmçinin bəyannamədə “Ortaq əlifa”ya türk dövlət və toplumlarının müvafiq qurumlarında baxılması və tətbiqi istiqamətində müəyyən vaxtlarda toplantılar keçirilməsi tövsiyə edilib.

Kriteri.az

Daxil olundu: 23.11.2018 » Oxundu: 1043
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!