Yanvarın 8-də Baş Prokurorluqda 2021-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, “Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin rəmzinə çevirən möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm uğurlara imza atmaqla növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaradıldığını bildirib.

Tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsi Zəfərinin Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng və surətli tikinti-quruculuq, bərpa işləri əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın əsasını qoyduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışının edilməklə yenilərinin təməlinin qoyulması, Zəfər yolunun və Qarabağın “hava qapısı” Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsi, eləcə də 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olub.

Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamənin Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla yanaşı iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni strateji müttəfiqlik səviyyəsinə yüksəltdiyi bildirilib.

Qeyd edilib ki, ölkə başçısının parlaq diplomatik məharəti sayəsində Vətən müharibəsinin nəticələri mötəbər beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən də qəbul edilmiş, bölgədə sülh və əmin-amanlığın bərpası istiqamətində ötən ilin noyabr və dekabr aylarında müvafiq olaraq Soçidə Rusiya Prezidentinin və Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın Baş naziri ilə keçirilmiş üçtərəfli görüşlər diplomatik qələbəmizin növbəti təntənəsi olub.

Müşavirədə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb. Bu baxımdan Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğının daha bir təzahürü olaraq I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş edilməsi barədə ölkə başçısının fərmanı, Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin fədakar və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edərək 2021-ci ildə də bütün sahələrdə inkişaf tempini qoruyub saxlaya bilmiş, həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ölkəmizdə pandemiya tam nəzarət altına alınmış, koronavirusla mübarizə tədbirləri ilə yanaşı 44 günlük Vətən müharibəsinə baxmayaraq ötən il ərzində heç bir sosial layihə təxirə salınmamış, iqtisadi islahatlar daha da dərinləşib.

Baş prokuror diqqətə çatdırıb ki, 2021-ci il Azərbaycanın Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, daxili işlər, dövlət təhlükəsizlik və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi qeyd edilməklə prokurorluq orqanları daim möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu, bu baxımdan ölkə başçısının fevralın 8-də Baş Prokurorluğun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirakının quruma göstərilən etimadla yanaşı prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirdiyi xüsusi vurğulanıb.

Görülən işlərin davamı olaraq, ölkə başçısının sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğunun yaradılması, o cümlədən qısa zaman kəsiyində müasir tələblərə cavab verən Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsinin Qarabağın yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Hesabat dövründə Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilən “8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrası təmin edilməklə hazırkı dövrədək ümumilikdə 10 943 nəfər barəsində Amnistiya tətbiq edilmiş, o cümlədən, 6049 şəxs barəsində müvafiq prokurorların razılığı ilə cəzaları icra edən qurumlar tərəfindən, 4053 nəfər barəsində prokurorların iştirakı ilə məhkəmələr tərəfindən, 119 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 722 nəfərə isə digər qurumlar tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə Amnistiya tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilmiş, cəzaları azaldılıb.

Müşavirədə prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı beynəlxalq tərəfdaşlarla qarşılıqlı münasibətlərin inkişafına da xüsusi diqqət yetirildiyi, hesabat dövründə Rusiya Federasiyası Baş prokurorunun və Türkiyə Respublikası Ali Məhkəməsi Baş prokurorunun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə işgüzar səfərləri zamanı onların Prezident İlham Əliyev tərəfindən qəbul edilmələrinin ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə hərtərəfli zəmin yaratdığı bildirilib.

Qurumun beynəlxalq nüfuzunun artması istiqamətində xüsusilə noyabrın 1-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasında Şuranın Əsasnaməsinin imzalanmaqla təsis edilməsinin türkdilli ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə xidmət edəcəyi vurğulanıb.

Qeyd edilib ki, ötən il ərzində prokurorluq orqanları tərəfindən xarici tərəfdaşlarla çoxsaylı görüşlər keçirilmiş, o cümlədən Belarus İstintaq Komitəsinin sədri Dmitri Qoranın, İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdikləri nümayəndə heyətləri ölkəmizdə səfərdə olmuş, həmçinin Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukrayna və Gürcüstanda işgüzar səfərdə olub.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunan şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2021-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-i prokurorluq orqanlarından xaric olunub, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

Müşavirədə dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması istiqamətində ötən il keçirilmiş müsabiqə nəticəsində yüksək nəzəri bilikləri ilə seçilən 100 gənc hüquqşünasın müvəffəqiyyət qazandığı, həmçinin hesabat dövründə elan edilən 23-cü müsabiqənin yekunlaşması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Əməliyyat müşavirəsində Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2021-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Eyni zamanda, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, Amnistiya ilə bağlı qərarın icrası, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.

Xüsusilə, ölkə başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin ardıcıllığının təmin edilməklə bütün neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Cari hesabat dövründə cəmiyyəti narahat edən intihar halları, narkotik vasitələrin qanunsuz dövriyyəsi, habelə dəm qazından zəhərlənmə faktları üzrə ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyəti üzərində prokuror nəzarətinin gücləndirilməsi, bu kimi hadisələrin minimuma endirilməklə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi tələb edilib.

Sonda 2021-ci il ərzində görülən işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilən cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Prokurorluğunun kollektivi 2022-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbilərin görülməsini təmin edəcək.

Daxil olundu: 10.01.2022 » Oxundu: 48
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!