Dünyanın ən böyük xoşbəxtliyi sağlamlıqdır desək, yəqin ki, səhv etmərik. Çünki insan sağlamlığını heç nə ilə müqayisə etmək olmaz. Sağlam həyat gözəl əhval-ruhiyyə, normal yaşam tərzi, ümidverici və perspektivli gələcəyin qarantıdır. Təəssüf ki, Tanrının insana bəxş etdiyi bu ən ali nemətin qədrini bəzən çox gec bilirik. Bu zaman isə məhz həkimlərə müraciət edir, onlardan kömək diləyirik. Bu mənada təcrübəli və savadlı həkimlərə hər zaman ehtiyacımız olur. Hüseynovlar ailəsini Mingəçevirdə demək olar ki, hər kəs tanıyır. Vaqif həkim uzun illər Mingəçevir şəhər xəstəxanasında terapevt-androloq ixtisası üzrə insanların sağlamlığı keşiyində dayanmışdır. Nəinki şəhər camaatı, hətta ətraf bölgələrdən də onun adını tutub bu xəstəxanaya müraciət edən pasientlərin sayını demək bəlkə mümkün deyil. Vaqif həkim çox ömürlərə ömür qatıb, çox xəstələri sağlam həyata qovuşdurub. Onun məsuliyyətli və şərəfli ömür yolu ailəsi üçün də bir örnək olub. Bəlkə elə buna görə də sevimli qızı Şəmsinur xanım da atasının peşə yolunun davamçısı olmağa qərar verərək məhz həkim olmağı qarşısına məqsəd qoymuşdur. Bu gün o, Mingəçevirin ən tanınmış həkimlərindəndir. Seçdiyi sahə isə bəlkə də həkimlik sənətinin ən çətin sahəsi hesab edilən psixonevrologiya ixtisasıdır.
Şəmsinur Vaqif qızı Hüseynova 1986-cı ildə Mingəçevir şəhərində dünyaya gəlib. Hələ orta məktəb illərində həkim olmaq arzusu ilə yaşayan Şəmsinur xanım orta təhsilini başa sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Ali təhsilini bitirdikdən sonra Montin Psixonevroloji dispanserdə bir illik interna keçib. 2011-ci ildən Mingəçevir şəhər Psixonevroloji dispanserdə həkimlik fəaliyyətinə başlayıb.
2020-ci ilin iyul ayından isə Mingəçevir şəhər Psixonevroloji dispanserə baş həkim təyin olunub.
Bu dispanser 1955-ci ildən fəaliyyətə başlayıb. 2013-cü ildən isə xəstəxana kimi fəaliyyətini davam etdirir. Dispanserdə hazırda 35 tibb işçisi çalışır. Burada çalışan nümunəvi tibb işçilərindən Səadət Əliyeva, Leyla Mustafayeva, Əli həkim, Rəvanə, Arif və başqalarının adını çəkmək yerinə düşərdi. Şəmsinur xanım öz söhbətində onu da qeyd etdi ki, burada xəstələr ambulator müalicə alırlar. Xəstələrin sağlam həyata dönmələri üçün burada bütün müalicə üsullarından istifadə edilir.
Şəmsinur xanım onu da qeyd etdi ki, burada çalışan bütün tibb işçiləri çox böyük məsuliyyətlə çalışırlar. «Vətən müharibəsinin möhtəşəm Qələbə ilə başa çatması bir Azərbaycan vətəndaşı olaraq hər birimizə xüsusi ruh, qalibiyyət əhval-ruhiyyəsi bəxş etdi. İndi daha böyük həvəslə çalışırıq. Burada döyüşçülərə, qazilərə, şəhid ailələrinə xüsusi diqqət yetirilir. Onlara xidmət etmək bizim mənəvi rahatlığımızdır. Bu gün çox böyük qürur hissi ilə qalib xalqın nümayəndəsi olmağımızı qeyd ediriksə, bunun üçün onlara və Ali Baş Komandanımıza borcluyuq» – söyləyir Şəmsinur xanım.
Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
