Son illər Azərbaycan dilinə dövlət qayğısının daha da gücləndirilməsi Azərbaycan dilçiliyinin müxtəlif sahələrinin inkişafına geniş imkanlar açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında dövlət dilinin tətbiqi və tədqiqi sahəsinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı mühüm müddəalar əks olunmuş, onların icrası istiqamtində əhəmiyyətli addımlar atılmışdır. Dövlət Proqramının icrasına dair Tədbirlər Planının 6.3.5. – “Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi” bəndinə əsasən, hazırkı mərhələdə Azərbaycan dili dialektlərinin dövrün tələbləri və müasir dilçiliyin nailiyyətləri səviyyəsində tədqiqi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Sevindirici haldır ki, proqramın icra olunduğu bu müddətdə sözügedən istiqamətdə mühüm işlər görülmüş, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” və “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti” kitabları çap olunmuş, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”, “Azərbaycan dilinin Qarabağ şivələri” monoqrafiyası və “Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti” üzərində işlər başa çatmışdır.
Azərbaycan dialektologiyasının son illər əldə etdiyi əsas elmi uğurlardan biri də AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Qüdsiyyə Qəmbərovanın bu günlərdə nəşr olunan “Azərbaycan dilinin Neftçala rayon şivələri” (Bakı: Savad, 2020, 296 s.) monoqrafiyasıdır. Dil tarixi və dialektoloji araşdırmaları elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan və öz imzası ilə seçilən Q.Qəmbərovanın növbəti əsəri də - Neftçala rayon şivələrinin öyrənilməsinə həsr olunmuş bu monoqrafiya yeni linqvistik faktların üzə çıxarılması baxımından olduqca mühüm maraq doğurur.
Əvvəla, onu qeyd etmək lazımdır ki, hələ sovet dönəmində daha çox qrup - regional şəkildə öyrənilən Azərbaycan dili şivələrinin müasir mərhələdə ayrı-ayrı bölgələr, rayonlar üzrə tədqiqi dilçiliyin bu sahəsini yeni faktlarla zənginləşdirir, problem xarakterli məsələlərin üzə çıxarılmasına və araşdırılmasına təkan verir. Bu mənada Neftçala rayon şivələrinin monoqrafik tədqiqata cəlb olunması həmin işin uğurlu davamı kimi yüksək qiymətə layiqdir.
Azərbaycan dilinin Muğan qrupu şivələrinə daxil olan Neftçala rayon şivələrinin bütün səciyyəvi xüsusiyyətlərinin özündə əks etdirən bu dəyərli əsər ön söz, giriş, iki fəsil, lüğət və şivənin dil xüsusiyyətlərinə aid mətnlərdən ibarətdir.
Təbii haldır ki, hər hansı bir ərazinin (xalqın, ölkənin və s.) dilini və ya dil özəlliklərini öyrənmədən əvvəl, ilk növbədə, hər kəsin diqqətini regionun coğrafi mövqeyi, tarixi və mədəniyyəti barəsindəki məlumatlar çəkir. Bu baxımdan tədqiqatçı “Ön söz”də oxucularını rayonun inzibati-coğrafi ərazisi və sərhədləri, təbiəti, təbii ehtiyatları və tarixi ilə yaxından tanış etmiş, Neftçalanın Azərbaycan xalqının söykökünün formalaşmasında iştirak etmiş türkdilli tayfaların ən qədim məskənlərindən birini olduğunu göstərmişdir. Ərazicə o qədər də böyük olmayan, ancaq coğrafi-strateji mövqeyi və təbii sərvətlərinin zənginliyi ilə seçilən rayon haqqındakı məlumatların daha da geniş auditoriya çatdırılması kitabın əsas özəlliklərindən biridir.
“Giriş”də Azərbaycan dialektologiyasında şərq qrupu dialekt və şivələrinin, xüsusilə Muğan qrupu şivələrinin araşdırılması fonunda Neftçala rayon şivələri ilə bağlı əks olunan məlumatlar diqqətə çatdırılmış, müasir dövrdə həyata keçirilən dil quruculuğunun və zamanın tələbələrinə uyğun belə bir tədqiqatın meydana gəlməsinin zəruriliyi əsaslandırılmışdır.
Müəllifin 30 ildən artıq axtarışlarının və gərgin əməyinin mükəmməl yekunu olan bu kitabda Neftçala rayon şivələrinin fonetik, leksik, morfoloji və sintaktik özəllikləri dialektologiya elminin mühüm nailiyyətlərinə istinad olunmaqla tədqiq edilmiş, bu şivənin səviyyəvi cəhətləri aydın şəkildə izah olunmuşdur. Kitabda oxucunun diqqətini öncə şivənin səs sistemi cəlb edir. Müəllif dəqiq müşahidələr əsasında mənsub olduğu şivədə saitlərin uzun, qısa variantlarını, diftonqların növlərini və ədəbi dillə müqayisədə səslərin dəyişməsini müəyyənləşdirmişdir. Tədqiqatdan bəlli olur ki, Neftçala şivəsində milli sözlərdə k səsinin işlənməsinə, qədim nq səsbirləşməsinin mühafizə olunmasına, ц ( ts) və dz səslərinə məhdud şəkildə yayılmasına da rast gəlinir. “Morfoloji xüsusiyyətlər” bölməsində əsas və köməkçi nitq hissələrində dialekt fərqləri barədə qısa məlumat verilsə də, şivənin morfoloji quruluşu barədə aydın təsəvvür yaranır. İsmin təsirlik halında –yı,-yi,-yu,-yü şəkilçisinin işlənməsi (Beşdəli, Kürkənd, Surra kənd şivələri), mənsubiyyət kateqoriyasında dodaq variantlı şəkilçilərin üstünlüyü (-un,-ün, u:z,-ü:z), spesifik dərəcə əlamətlərinin (ağuş, gögüş, qızartdağ, kiçirəy, boşarağ, sütağ, tox qırmızı, lala qırmızı və s.) və əvəzlik formalarının (nə:şə, ne:şə, nöş, nöhün “nə üçün”, elənçiy/ eləçi və s.) mövcudluğu, əmr şəklinin ikinci şəxs təkində -ıi (baxıi, durıi), zamanların təsrifində birinci və ikinci şəxslərin cəmində şəkilçinin dodaq variantının işləkliyi (-uğ,-üy; -suz,- süz), feilin zaman və şəkillərinin qrammatik əlamətinin mənaca bir- birini əvəz etməsi şivəni səciyyələndirən xüsusiyyətlərdir.
Etiraf etmək lazımdır ki, dialektoloji tədqiqatlarda bəzən araşdırıcılar mövcud şivənin daha çox fonetik-morfoloji və leksik səviyyələrinin (lüğət tərkibinin) tədqiqinə geniş yer ayırırlar, digər məsələlər o qədər də aydın işıqlandırılmır. Ancaq Q.Qəmbərova mənsub olduğu Neftçala rayon şivələrinin leksik-semantik söz qruplarını, frazeoloji sistemini, jarqon və arqo leksikasını, xüsusi lə sintaktik quruluşunu tədqiqatdan kənarda qoymamış, şivəyə məxsus dil özəlliklərini araşdırıb üzə çıxarmışdır. Və hətta deyərdik ki, müəllif burada elə faktlar təqdim etmişdir ki, əslində onlar məsələlərə diqqətlə və həssaslıqla yanaşanlar üçün yeni araşdırmalara yol aça bilər.
Hansı sahəyə məxsus olursa-olsun, lüğətin tərtibi ən mürəkkəb və zəhmət tələb edən işlərdən biridir. Nəzərə alsaq ki, bu, dialektoloji lüğət ola bilər, onda işin məsuliyyətini dərk etmək o qədər çətin deyil. Bu baxımdan Q.Qəmbərovanın kitabda Neftçala rayon şivələrinin 4500 sözdən ibarət lüğətini tərtib etməsi xüsusilə təqdirəlayiqdir. İctimai həyatın bütün sahələrinə aid sözləri əhatə edən bu lüğət təkcə dialektoloji fakt kimi deyil, həm tarixi leksikologiya məsələlərinin tədqiqi üçün vacib materialları özündə əks etdirir.
Dil ümumən xalqın, nitq isə həmin dil daşıyıcısının - fərdin intellektual səviyyəsinin, dünyagörüşünün və xarakterik özəlliklərinin göstəricisidir. Bu mənada demək olar ki, müəllifin informatorlardan topladığı və hazırladığı materiallar bu regionun özünəməxsus mədəniyyətini və dünyagörüşünü ifadə etməsi baxımından mühüm maraq doğurur. Kitabda təqdim olunan mətnlərin məzmunu bu ərazinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərinin bir parçası olduğunu sübuta yetirir. Bu cəhətdən həmin materiallar ədəbi-mədəni tariximiz – folklorumuz haqqında geniş bilgiləri özündə əks etdirir.
Üç monoqrafiya, bir neçə tədris vəsaitinin və 70-dən çox məqalənin müəllifi olan, nüfuzlu beynəlxalq konfranslarda maraqlı məruzələrlə iştirak edən, peşəkar pedaqoji təcrübəyə malik Q.Qəmbərovanın bu yeni əsəri onun uğurlu elmi araşdırmalarının davamı kimi Azərbaycan dilçiliyinə dəyərli töhfədir. İlk dəfə belə bir tədqiqatın ərsəyə gəlməsi həm də Neftçala rayon ictimaiyyəti, ümumən neftçalalılar üçün mühüm tarixi hadisələrdəndir.
Qüdsiyyə xanımı öhdəsindən layiqincə gələrək qələmə aldığı növbəti elmi əsəri münasibətilə ürəkdən təbrik, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

MƏHƏRRƏM MƏMMƏDLİ
BDU-nun professoru, filologiya elmləri doktoru
PƏRVİN EYVAZOĞLU
BDU-nun Türkoloji araşdırmalar elmi-tədqiqat
laboratoriyasının elmi işçisi

Daxil olundu: 30.05.2021 » Oxundu: 919
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!