Azərbaycan dilçiliyində xüsusi yeri olan tanınmış alim, dilimizin fenomen tədqiqatçısı, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycanda onomastika məktəbinin banisi, gözəl pedaqoq, bir çox elmi cəmiyyət və təşkilatların həqiqi və ya fəxri üzvü Afad Məhəmməd oğlu Qurbanovun Azərbaycan dilçilik elminin inkişafı tarixində xüsusi bir yeri var. Dilçiliyin elə bir sahəsi yoxdur ki, alimin tədqiqatından kənarda qalsın. Onun çoxcəhətli elmi fəaliyyətinin əsas istiqamətini 1) ümumi dilçilik; 2) türkoloji dilçilik; 3) müasir Azərbaycan ədəbi dili; 4) dil tarixi; 5) Azərbaycan dilinin onomalogiyası; 6) dialektoloji tədqiqatlar; 7) üslubiyyat məsələləri; 8) əlifba; 9) leksikoqrafiya; 10) frazeologiya; 11) leksikologiya; 12) terminologiya; 13) mətnşünaslıq; 14) nitq mədəniyyəti problemləri; 15) ortaq türk dili təşkil edir.
SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq (Dağ Borçalı) kəndində anadan olmuşdur. Yilməzli orta məktəbini bitirmiş, 1945-ci ildə Qızıl Şəfəq kəndində 16 yaşında ikən direktor və Aəzrbaycan dili müəllimi vəzifələrində pedaqoji fəaliyyətə başlamışdır. 1946-1948-ci illərdə Tbilisi Müəllimlər İnstitutunda təhsil almış və 1948-1951-ci illərdə Lenin adına APİ-də təhsilini davam etdirmişdir. 1951-1955-ci illərdə 22 yaşında ikən Gürcüstan SSR-in Hamamlı orta məktəbində direktor, 1955-1956-cı illərdə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda müəllim vəzifəsində çalışmışdır. A.Qurbanov 1956-1959-cu illərdə V.İ.Lenin adına APİ-nin Azərbaycan dilçiliyi kafedrasının aspirantı olmuş, 1962-ci ildə professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif” pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Afad Qurbanov 1965-ci ildə dosent, 1970-ci ildə isə professor elmi adına layiq görülmüşdür. O, 1959-cu ildən ömrünün sonuna qədər - əlli il ADPU-da müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, 1981-1989-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) rektoru olmuşdur.
Professor A.Qurbanov 1983-cü ildə Azərbaycan SSR EA-nın filologiya sahəsi üzrə müxbir üzvü seçilmiş, dünyanın bir sıra beynəlxalq və milli akademiyalarının akademiki, o cümlədən Türk Dil Qurumunun üzvü seçilmişdir. 1990-1995-ci illərdə Milli Məclisin üzvü olan A.Qurbanov Əlifba Komissiyasının sədri olmuşdur.
Azərbaycan dilçiliyinin inkişafında, dilin hərtərəfli araşdırılması və tədrisində böyük xidmətləri olan Afad Qurbanov “Azərbaycan ədəbi və danışıq dili (1965), “Müasir Azərbaycan ədəbi dili (1967), “Ümumi dilçilik” (I, II cildlər -1988,1993), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Azərbaycan onomastika məsələləri” (1986), Dünyanın dil ailələri” (1994), “Müasir Azərbaycan ədəbi dili” (2003), “Azərbaycan dilçiliyi problemləri” (Bakı, 2004), “Azərbaycan onomalogiyasının əsasları”, 2 cilddə, (Bakı-2004) və bir sıra monoqrafiya və dərsliklərin, 500-ə qədər elmi məqalənin müəllifidir. Bu monoqrafiyalar müəllifin uzunmüddətli gərgin elmi araşdırmalarının uğurlu nəticəsidir. Belə əsərlər ancaq elmin bu gününü və gələcəyini düşünən alim narahatçılığının məhsulu kimi ərsəyə gəlir. Bu əsərlərdə dilçilikdə aktual məsələlər, problemlər, elmi anlayışlar dəqiqləşdirilmiş dil və dilçilik tarixi ilə əlaqədar yeni təsniflər verilmişdir. A.Qurbanov dilçilik sahəsində tanınmış alimdir. Onun, demək olar ki, XX əsr ümumi dilçilik sahəsində böyük xidmətləri olmuşdur. O, dünya dilçiliyi tarixində tanınmış Panini, Syuy Şen, Frans Bopp, Yakob Qrimm, Vilhelm fon Humboldt, Fransua Şampolin, Boduen de Kurtene, Karl Fossler, Ferdinand de Sössür, Frans Boas, Leonard Blumfild kimi alimlərlə bir sırada durur.
A.Qurbanovun kitabları müasir dilçiliyin qarşısında duran nəzəri və əməli problemlərin izahına, araşdırılmasına həsr olunmuşdur. O, Azərbaycan dilçiliyinin inkişaf vəziyyəti və onun perspektivlərini müəyyənləşdirərkən elm və onun xüsusiyyətləri, elmin yaranması məsələləri, dilçiliyin iki - linqvistik və fəlsəfi nəzəri əsas üzərində təşəkkül tapması, elmlərin təsnifi problemi, dilçilik tarixinin müəyyənləşdirilməsi problemlərinə aydınlıq gətirmişdir. Dörd dəfə nəşr olunan “Müasir Azərbaycan ədəbi dili” dərslik kitabı hələ ilk çapından nəinki ölkəmizdə, həmçinin respublikamızdan xaricdə də diqqəti cəlb etmişdir. Belə ki, əsərin birinci nəşrinə görkəmli dilçi alimlər tərəfindən 12, ikinci nəşrə 8, üçüncü nəşrə isə 3 müsbət rəy yazılaraq mətbuat səhifələrində dərc olunmuşdur. Hətta bu əsərə tanınmış türkoloq A.Kononov da rəy yazaraq onu yüksək qiymətləndirmişdir. O yazırdı ki, Afad Qurbanovun “Müasir Azərbaycan ədəbi dili” kitabı təkcə Azərbaycan ədəbi dil materiallarını deyil, türk dillərinin materiallarına aid olan mövzuları da özündə əks etdirir. Kitab uzun müddətdir ki, ali məktəblərdə dərslik kimi istifadə olunur. Müəllif bu kitabda Azərbaycan ədəbi dil materiallarını ətraflı şəkildə şərh etmişdir.
Müəllifin “Azərbaycan dilinin onomalogiyası” əsəri fundamental bir monoqrafiyadır. Əsər 1989-cu ildə Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilçiliyində onomastika problemləri elmi-nəzəri aspektdən bu əsərdə ətraflı şərh olunmuşdur. Sonradan bu kitab genişləndirilərək “Azərbaycan onomalogiyasının əsasları” adı ilə iki cilddə nəşr olunmuşdur. Əsər həm Türkiyədə, həm də Rusiyada çap olunmuşdur. Afad Qurbanov bu əsəri ilə Azərbaycanda onomastika məktəbinin əsasını qoymuşdur. Akademik M.Şirəliyev hətta “Azərbaycanda onomastika məktəbi və onun gələcəyi” adlı məqaləsində yazır: “Mən tam məsuliyyətlə deyə bilərəm ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur”.
“Ümumi dilçilik” monoqrafiyası Afad Qurbanovun şah əsəridir. Hələ bu əsər tam, mükəmməl şəkildə ərsəyə gələnə qədər alimin qrafika və orfoqrafiya, frazeologiya, leksikologiya, leksikoqrafiya, semasiologiya, fonetika və orfoepiya, yazı, ümumi dilçilik məsələləri, dilçilik tarixi və digər sahələrə dair bir çox kitabları nəşr olunmuş, bunların əsasında 1977-ci ildə “Maarif” nəşriyyatı tərəfindən 25 min tirajla 300 səhifəlik “Ümumi dilçilik” kitabı çap olunmuşdur. Kitab pedaqoji institutlar üçün dərslik kimi o vaxt Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi tərəfindən təsdiq edilmişdir. Həmin kitab 7 fəsildən ibarətdir: “Dilçilik elmi”, “Dilçiliyin inkişafı”, “Dilçiliyin sahələri”, “Dilçiliyin şöbələri”, “Dilin mahiyyəti”, “Dilin mənşəyi”, “Dil və yazı”.
“Ümumi dilçilik” dərsliyi tez bir zamanda məşhurlaşdı, elmi ictimaiyyətin diqqətini cəlb etdi, bir çox alimlər tərəfindən yüksək dəyərləndirildi. Kitab haqqında respublika səviyyəli mətbuat orqanlarında rəylər dərc olundu. Həmin rəylərin adlarını çəkməyi məqsədəuyğun hesab etdik:
M.Qasımov “Qiymətli tədris vəsaiti” (“Azərbaycan məktəbi” jurnalı); Z.Budaqova, Ə.Şirinov “Faydalı əsər” (“Bakı” qəzeti); M.Çobanov “Qiymətli dərslik” (“Sovet Gürcüstanı” qəzeti); Ə.Dəmirçizadə, Ə.Şükürov “Ümumi dilçilik” (“Kommunist” qəzeti); V.Əliyev “Dəyərli əsər” (“Azərbaycan gəncləri” qəzeti); B.İbrahimov “Ümumi dilçilik” (“Azərbaycan müəllimi” qəzeti); M.Qasımov “Qiymətli dərslik əsəri” (“Sovet Ermənistanı” qəzeti); A.Nuriyev “Qiymətli dərslik” (“Qələbə bayrağı” qəzeti); B.Rəhimova “Orijinal dərslik” (“Gənc müəllim” qəzeti).
Kitab keçmiş sovetlər birliyində də müsbət qarşılandı. Hətta Leninqrad (indiki Sankt-Peterburq) Universitetinin professoru dilçi alim V.İ.Koduxov da həmin kitabla maraqlanmışdır. O, kitabla tanış olduqdan sonra əsəri orijinal fikirlər məhsulu adlandırmışdır.
Bu kitab haqqında, həmçinin, 2005-ci ildə nəşr olunan “Dilçi Afad Qurbanov” adlı monoqrafiyada A.Babayev və V.İsrafilovun birlikdə yazdıqları “Ümumi dilçilik problemlərinin tədqiqi və təbliği sahəsində prof. A.Qurbanovun fəaliyyəti” məqaləsində də bəhs edilir.
İlk nəşr olunan “Ümumi dilçilik” kitabı Afad Qurbanovun ümumi dilçilik sahəsində konsepsiyası idi. Bu konsepsiyanı o, həm bu fənni uzun müddət tədris etdikdən sonra, həm də dünya alimlərinin bu sahəyə aid konsepsiyaları ilə tanış olduqdan sonra təsdiq etmişdir.
Onu da qeyd edək ki, “Ümumi dilçilik” dərsliyi pedaqoji təhsil müəssisələri üçün böyük əhəmiyyəti olan ilk dərslikdir.
Adıçəkilən kitablarla kifayətlənməyən Afad Qurbanov həmin əsərlər üzərində yenidən işləmişdir. Nəticədə, yorulmaz əməyin bəhrəsi olan, həcmcə böyük və sanballı 2 cildlik “Ümumi dilçilik” əsərini meydana gətirmişdir. Əsərin birinci cildi 1989-cu ildə, ikinci cildi isə 1993-cü ildə nəşr olunmuşdur. Hər iki kitab işıq üzü gördükdən sonra müsbət rəylərlə qarşılanmışdır. Kitab rəyçilərindən M.Səfərovun “Dilçiliyə dair dərslik”, F.Ağayev və M.Məmmədovun “Ümumi dilçilik”, Y.Seyidov və M.Məmmədovun “Yeni ali məktəb dərsliyi”, Ə.Tanrıverdiyevin “Ümumi dilçilik” məqalələrinin adlarını çəkə bilərik.
Kitabın hər iki cildinin ikinci nəşri 2004-cü ildə, 3-cü nəşri isə 2014-cü ildə gözəl, nəfis tərtibatla nəşr olunmuşdur. Əsərin 2004-cü il nəşrinin həmin ildə təqdimatı haqqında Z.Quliyevin “Azərbaycan” jurnalında (15 mart 2005) “”Ümumi dilçilik” kitabının təqdimatı” adlı məqaləsi dərc olunmuşdur.
İkicildlik bu fundamental əsərdə ümumi dilçiliyin bütün sahələri öz əksini tapmışdır. Burada, demək olar ki, dünya dilçiliyinin ən aktual problemləri ətraflı şəkildə işıqlandırılmışdır.
“Ümumi dilçilik” monoqrafiyası öz orijinallığı ilə bütün yerli və xarici dilçilərin də nəzər-diqqətini cəlb etmişdir. Odur ki, Afad Qurbanovun bu dərsliyinin orijinallığı, aktuallığı, yüksək səviyyədə yazıldığı nəzərə alınaraq bir çox dillərə də tərcümə edilmişdir. Məsələn, rus dilinə tərcümə olunaraq 3 cilddə 2014-cü ildə Moskvada, türk dilinə tərcümə olunaraq 3 cilddə Türkiyədə çap olunmuşdur.
Müəllifin əsərlərində ümumi və türkoloji dilçiliyə aid tədqiqatlar nəzərdən keçirilir, dövrləşdirmələr dəqiqləşdirilir, ümumi dilçiliyin inkişafı (eramızdan əvvəl yeni eranın IV əsri, V-XV əsrlər, XVI-XVIII əsrlər, XIX əsr, XX əsr, XXI əsrin əvvəli) daha qədim dövrlərlə bağlanmış, türkoloji dilçilik və Azərbaycan dilçiliyi üçün yeni inkişaf dövrləri (I dövr ən qədimdən X əsrin sonuna qədər, II dövr -XI-XIII əsrlər; III dövr- XIX əsr; 1-ci mərhələ XIX əsrin I yarısında, 1801-1850, 2-ci mərhələ XIX əsrin II yarısında, 1851-1900; IV dövr: XX əsr XXI əsrin əvvəli; 1-ci mərhələ 1901-1930, 2-ci mərhələ 1931-1970; 3-cü mərhələ 1971-2000, 4-cü mərhələ və 2001-ci ildən indiyə qədər) müəyyənləşdirmiş və hər bir tarixi mərhələnin xarakterik cəhətlərini tədqiq etmişdir.
Hər bir elmin inkişafı ilə bağlı anlayışları ifadə edən terminlər zaman keçdikcə semantik və funksional baxımdan müəyyən dəyişikliklərə səbəb olur. Belə hallarda terminlərin anlayışı dəqiq ifadə edə bilməməsi, sinonimlik yaratması, terminoloji qüsurların meydana çıxması bir mütəxəssis alim kimi müəllifi düşündürmüşdür. Çünki terminin dəqiq olmaması elmin özündə dolaşıqlıq yaradır. Bunu nəzərə alan müəllif dilin “lüğət fondu” əvəzinə dilin “lüğət tərkibi”, metodologiya/metodoloji əsas əvəzinə “fəlsəfi əsas”, “ləhcə” termininin geniş məna ifadə etməsi, eləcə də onomastikaya dair bir sıra - onomastika, onomalogiya, etnonimika, etinonimiya, toponimika, toponimiya, antroponimika, antroponimiya, hidronimika, hidronimiya kimi bir sıra terminlərin hansı mənalarda işlədilməsi məsələsinə aydınlıq gətirmiş və dəqiqləşdirmişdir.
Dilçilikdə problemlərdən biri kimi nitq hissələrinin dəqiq təsnifi, o cümlədən türkoloji dilçilikdə olan müxtəlif bölgülər nəzərdən keçirilmiş və dəqiq bölgülər verilmişdir.
Müəllifin tədqiqatlarında dilçilikdə üslubiyyatın əsas məsələlərindən biri olan ədəbi dillərin funksional üslubları müəyyənləşdirilmişdir. İnkişaf etmiş müasir dillərdən biri kimi Azərbaycan ədəbi dilinin materialları əsasında funksional üslubların növləri və adları (ədəbi danışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi üslub, publisistik üslub, epistolyar üslub) dəqiqləşdirilmiş və fonetik, lüğəvi, qrammatik və s. cəhətlərinə görə bir-birindən fərqləndirilmişdir.
Dilçiliyin üfüqlərini genişləndirmək, onun inkişaf sahələrini müəyyənləşdirmək baxımından onomastik tədqiqatların rolu böyükdür. Dilin lüğət tərkibində xüsusi yeri olan onomastik leksikanın dərindən araşdırılması, təhlili, elmi şəkildə ümumiləşdirilməsi dilimizin, tariximizin mürəkkəb və zəruri məsələlərinin həllinə kömək edir. Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin sistemli şəkildə həlli, tədqiqi prof. Afad Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azərbaycan onomastikası”, “Azərbaycan onomalogiya məsələləri”, “Poetik onomastika”, “Azərbaycan dilinin onomalogiyası” kimi sanballı monoqrafiyaları nəşr olunmuşdur. Müəllif hələ XX əsrin 50-ci illərində xüsusi adlarla maraqlanaraq axtarışlar aparmış (etnonimlər, hidronimlər, zoonimlər, kosmonimlər və ktematonimlər) onomastik vahidlərin yaranması və dəyişilməsi, onların üslubi xüsusiyyətlərini, orfoqrafik və orfoepik problemlərini nəzəri istiqamətdə sistemli şəkildə tədqiq etmişdir. Xüsusilə, onomastikada antroponimikaya aid olan bir sıra - Azərbaycan şəxs adları və onların xüsusiyyətləri, şəxs adlar sistemi, adların quruluş, adların mənşəcə tərkibi, adseçmə və advermə ənənələri, adların qafiyələndirilməsi, adların deyilişi kimi məsələlər konkret faktlarla şərh olunmuşdur. Bildiyimiz kimi, insan adlarının yaranma tarixi çox qədimdir. Buna görə də insan adlarının əmələ gəlməsinə dair dünya dilləri və türkologiyada müxtəlif bölgülər var. Müəllif buna əsaslanaraq Azərbaycan dilində işlənən şəxs adlarının meydana gəlməsinin özünəməxsus mənbə və üsullarını geniş şəkildə izah edərək iki qrupa ayırır: a) xalis azərbaycanlı adları; b) əcnəbi dil mənşəli şəxs adları. Ümumiyyətlə, antroponimik vahidlərin tədqiqi alimin yaradıcılığında mühüm yer tutmuş, antroponimika məsələləri tarixi-linqvistik istiqamətdə tədqiq edilərək bu sahədə olan problemləri aradan qaldırmağa çalışmışdır.
Əsərlərində dilçilik üçün aktual olan bədii mətnin linqvistik təhlilinin nəzəri məsələləri, üsul və metodları, texnikası və metodikasının tədqiqinə də geniş yer verilmişdir. Müəllif linqvistik təhlilin başlıca prinsiplərini - tarixilik, ardıcıllıq, dəqiqlik, əsərin ideya və məzmunu ilə onun dilinin vəhdətdə götürülməsi, mətnin janr xüsusiyyətlərinin nəzərə alınması, mətndə dil faktının ümumxalq və yazıçıya aid olduğunu müəyyən etmək prinsiplərini aşkara çıxarmış və onları vəhdətdə təhlil etmişdir. Tədqiqatlarında bədii əsərin dili, fikrin poetik şəkildə çatdırılmasında leksik-semantik söz qrupları, onların bədii dilin ən qüvvətli ifadə vasitəsi olması nümunələr vasitəsi ilə təhlil edilərək, ümumxalq dilinin və bədii mətnin tam şəkildə qavranılması məsələləri işıqlandırılmışdır. Bütün bunlar dilçiliyin linqvistik nəzəri əsaslarının dəqiq və elmi şəkildə öyrənilməsinə, ümumi dilçilik nəzəriyyəsinin inkişafına təkan verir.
Afad Qurbanovun müasir dilçiliyin problemlərinə həsr edilmiş, öz sanballı, əhatə dairəsi və yüksək elmiliyi ilə seçilən əsərləri dilçiliyimiz üçün qiymətli töhfədir.
A.M.Qurbanov dilçiliyin, demək olar ki, bütün sahələrini əhatə edən elmi yaradıcılığa malik alimdir. Onun tədqiqatlarının istiqamətlərindən biri də türkoloji dilçilikdir.
A.Qurbanovun mühüm nailiyyətlərindən biri də latın qrafikalı yeni Azərbaycan əlifbası ilə bağlı göstərdiyi misilsiz xidmətlərdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra istedadlı alim, bacarıqlı təşkilatçı olan A.Qurbanov bütün qüvvə və səylərini xalqın arzu və istəyi olan Azərbaycan əlifbasının latın qrafikasına keçməsinə həsr etmişdir. Onun latın qrafikalı yeni əlifbaya keçid dövründə Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində əlifba islahatçısı kimi xüsusi rolu olmuş, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir. A.Qurbanovun elmi yaradıcılığı zəngin, çoxşaxəli, müxtəlif istiqamətli, mövzu dairəsi etibarı ilə olduqca geniş və əhatəlidir. Onun tədqiqat və maraq dairəsinə mövzu və istiqamətinə görə müasir Azərbaycan ədəbi dili, türkoloji dilçilik, dil universiyaları, ümumi dilçilik, onomalogiya, leksikologiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələr daxildir.
Afad Qurbanovun kadr hazırlığı sahəsində irəli sürdüyü elmi konsepsiya onun aspirant və dissertantlara etdiyi elmi rəhbərlik təcrübəsindən irəli gəlir. Yüksək elmi tələbkarlıq və prinsipiallıq, aktual və problem məsələlərin mövzu kimi seçilməsi ixtisaslı kadrların yetişdirilməsinin mühüm şərtlərindəndir. O, 1980-2004-cü illər ərzində onlarla namizədlik və doktorluq dissertasiyasına elmi rəhbərlik etmiş, istedadlı dilçi kadrlar yetişdirmişdir.
Afad Qurbanov Azərbaycan onomalogiyası elmi məktəbinin yaradıcısı kimi bu sahədə dilçi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirmiş, onlarla dissertasiyaya elmi rəhbərlik və opponentlik etmişdir. “Ümumi dilçilik”, “Azərbaycan dilçiliyi problemləri” əsərlərinin müəllifi kimi tanınan Afad Qurbanov bir çox nəzəri araşdırmalara rəhbərlik etmiş, respublikamızda bu istiqamətdə dilçi kadrların yetişdirilməsinə böyük xidmətlər göstərmişdir.
Afad Qurbanovun elmi kadrlar yetişdirmək sahəsində səmərəli fəaliyyətindən bəhs edən akad. B.Nəbiyev və dos. A.Hacıyev yazırlar ki, hər bir elm xadiminin fəaliyyətinin vacib sahəsini də çalışdığı ixtisas üzrə elmi kadrlar yetişdirmək işi təşkil edir. Prof. A.Qurbanov respublikamız üçün yüksək ixtisaslı müəllimlər yetişdirilməsi ilə yanaşı filoloq-alimlərin hazırlanmasına xüsusi diqqət yetirmişdir. Bununla da Azərbaycan dilçilik elminin potensialının güclənməsində bu elmi kadrlar çox böyük rol oynamışlar. Respublikadan kənarda, o cümlədən Gürcüstanda və başqa yerlərdə də A.Qurbanovun yetişdirdiyi kadrlar fəaliyyət göstərir.
Onun yaratdığı “Azərbaycan onomalogiyası” elmi məktəbində hər il yetişən onlarla dilçi-mütəxəssis özlərini Afad Qurbanovun tələbəsi, yetişdirməsi hesab edirlər. Afad Qurbanov yalnız onomalogiya deyil, dilçiliyin bir çox başqa sahələrində öz məktəbini yaratmış görkəmli alimdir. Onun dilçiliyin müxtəlif problemlərinə həsr olunmuş sanballı əsərlərini oxuyub dilçi olmuş, bu ixtisasa maraq göstərmiş, dilçiliyi sevmiş on minlərlə oxucunu da Afad Qurbanovun şagirdi, tələbəsi hesab etmək olar.
Afad Qurbanovun Azərbaycan dilçilik elminin inkişafı üçün çəkdiyi zəhmət, onun yaratdığı sanballı əsərlər, əsasını qoyduğu “Azərbaycan onomalogiyası” elmi məktəbi, yetişdirdiyi elmi-pedaqoji kadrlar xalqa təmənnasız xidmətin, yüksək mənada vətəndaşlığın, fədakar alim fəaliyyətinin parlaq nümunəsidir və o, Azərbaycan dilçilik elmi salnaməsində ən şərəfli yerlərdən birini tutur.
Görkəmli elm və maarif xadimi bu illərdə minlərlə filoloq müəllim, 60-a yaxın elmlər namizədi və elmlər doktoru yetişdirmiş, dilçilik, pedaqogika və metodikaya dair 70-dən çox kitab, 500-ə qədər məqalə çap etdirmişdir.
Görkəmli azərbaycanşünas alim Afad Məhəmməd oğlu Qurbanov türkologiya və Azərbaycan dilçiliyi sahəsində səmərəli və dəyərli araşdırmalarını ömrünün sonuna qədər davam etdirmişdir. O, yaxın, uzaq xaricdə, dünyanın bir çox ölkələrində, onların elmi mərkəzlərində keçirilmiş dil qurultaylarında, konfrans, simpozium və konqreslərdə məruzələrlə iştirak etmiş, həmişə doğma vətənimizi təmsil etmişdir. O, Amerika, Türkiyə, Rusiya, İran və başqa xarici ölkələrdə elmi səfərlərdə olmuş, simpoziumlarda çıxışlar etmişdir. Türkiyənin Ankara, İstanbul, İzmir, Adana, Qeysəriyyə, Konya, Trabzon və başqa şəhərlərində uluslararası toplantılarda türkoloji dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələr etmişdir. Prof. A.Qurbanov 1992-ci ildə Azərbaycan dövlət nümayəndə heyətinin üzvü kimi Yunanıstanda olmuş və Afinada keçirilən Beynəlxalq konqresdə çıxış etmişdir.
AMEA-nın üzvü Afad Qurbanov ömrü boyu səmərəli axtarışlar aparmış öz ictimai və elmi fəaliyyətinə görə bir çox mükafatlara layiq görülmüşdür. Onları bu cür sıralamaq olar:
1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə “Fədakar əməyə görə” yubiley medalı ilə təltif olunmuşdur. Ondan bir il sonra SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Döş nişanı ilə təltif olunmuşdur. 1979-1980-ci illərdə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. 1981-ci ildə ona Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı verilmişdir. 1984-cü ildə “Bilik” cəmiyyətinin fəxri fərmanı verilmişdir. 1987-ci ildə “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. 1988-ci ildə Azərbaycan SSR Qızıl Aypara Cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuşdur. Həmin ildə mülki müdafiənin daha çox möhkəmləndirilməsinə dair fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir. 1992-ci ildə elmin inkişafında və yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmətlərinə görə Azərbaycan Respublikasının və Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanları və 1999-cu ildə Azərbaycan Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilmişdir və s.
Bütün bunlarla yanaşı, Afad Qurbanov 1965-ci ildə dosent, 1970-ci ildən professor vəzifələrində çalışmış, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki, 1998-ci ildə Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki, 1999-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Nyu-York Akademiyasının akademiki, Türk Dil Qurumunun üzvü, Sürəkli Türk Dil Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiya Fin-Uqor Cəmiyyətinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir.
O həmçinin iki dəfə Bakı şəhər Sovetinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Respublikası Parlamentinin deputatı olmuşdur.
Azərbaycan dilçiliyi tarixində çox böyük xidmətləri olmuş akademik Afad Qurbanov əbədi olaraq qəlbimizdə yaşayacaqdır.

Nəriman Seyidəliyev
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi
dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru

Daxil olundu: 18.01.2019 » Oxundu: 3587
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!