Məqalədə türk dilləri ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin şivələri və türkmən dilində olan ortaq sözlər tədqiqata cəlb edilmişdir. Azərbaycan dilinin dialekt leksikası türkmən dilində ədəbi dil səviyyəsində müşahidə edilir. Bu sözlərin böyük qismini ədəbi dildə işləkliyini itirərək şivələrdə mühafizə olunan qədim türk sözləri, bir hissəsini isə eyni səbəb və təsirlərdən qaynaqlanaraq dillərimizə daxil olan alınmalar təşkil edir.Qohum dillərin lüğət tərkibinin müxtəlif yaruslarda müqayisəyə cəlb olunaraq təhlil edilməsi son onilliklərdə yenidən gündəmə gəlmiş ortaq türk dili ideyasının reallaşmasına öz töhfəsini verməsi ilə daha da aktuallaşır.
Azərbaycan dili dialekt leksikasının inkişafında qədim türk sözləri mühüm yer tutur. Dilin inkişafı ilə əlaqədar olaraq qədim türk sözləri müəyyən dəyişikliklərə uğramışdır. Elbrus Əzizov həmin dəyişikliklərin xarakterindən asılı olaraq dialekt leksikasının qədim türk leksik qatına aid olan sözləri belə qruplaşdırmışdır: 1) İlkin mənasını və fonetik tərkibini saxlayan sözlər; 2) İlkin mənasını saxlamaqla fonetik dəyişikliyə uğrayan sözlər; 3) İlkin mənasına yaxın olan sözlər. Bu sözlərin bir qismi oğuz qrupuna daxil olan qohum dillərin leksikası ilə eynilik təşkil etməkdədir. Azərbaycan dilinin şivələri və türkmən dilində aşağıdakı ortaq sözlər müşahidə olunur:
Abajur-stolüstü sipərli lampa (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 19). Azərbaycan dilinin Şəki şivəsində eyni tərkibli söz “yerkökü, kök” mənasında işlədilir. Qax şivəsində isə eyni mənada abacur şəklində istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 11).
Arassa-təmiz, saf. Türkmən dilində bu sözdən yaranan arassaçılık “təmizlik”, arassala “təmizləmək”, ardıl “təmizlənmək” sözləri də istifadə olunur (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 32). Azərbaycan dilinin Bakı, Xaçmaz şivələrində ari “təmiz, saf”, arımmağ (İmişli) “təmizlənmək, yuyunmaq”, arıtdamağ (Quba, Xaçmaz), arıtdamax (Qazax, Şəki) “təmizləmək” sözləri qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 26).
“Oğuznamə”nin dilində bu söz geniş işlədilmişdir. Məs.: Arğ arınar, ad arınmaz və s.
Azar (aza:r)-1.ağrı, acı, yara; 2.narahatlıq (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 41). Azərbaycan dilinin qərb şivələrində azar “xəstəlik”, azarrı “xəstələnmiş”, azarranmax “xəstələnmək”sözləri işlədilir. Şəmkir şivəsində azargəzdirən “həmişə xəstə olan”, Ucar şivəsində azarnək “yarımxəstə, zəif” sözlərinə rast gəlinir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 31).
Azık (a:zık)-azuqə, yemək (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 41). Azərbaycan dilinin Qazax şivəsində “yol azuqəsi” mənasını ifadə edən azıx dialektizmi işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 31). Kaşğarinin lüğətində azuk “azuqə” sözü qeydə alınaraq məsəl daxilində də verilmişdir: Sartnınq azukı arığ bolsa, yol üzrə yer=satıcının malı təzə olsa, elə yoldaca yeyər.
Boyuntırık-boyunduruq, boyuntırıkla-1.boyunduruq keçirmək; 2.boyun əydirmək, asılı etmək (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 81). Azərbaycan dilinin Ağdam, Gədəbəy, Göygöl şivələrində boyundurux “yaxalıq” dialektizmi istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 62).
Cencel-qarşıdurma, dava, cencelleş-dava etmək, dilləşmək (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 99). Azərbaycan dilinin Tərtər, Biləsuvar şivələrində “höcətləşmək” mənasını verən cəncəşməx', cəngləşməg sözləri istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 74).
Çaga-uşaq, heyvanın balası, çagalık “uşaqlıq”, çagala, çagalat “uşağı olmaq, balalamaq”, çaga-çuga “uşaq-muşaq, uşaqlar” (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 106). Azərbaycan dilinin şivələrində (Ağdaş, Basarkeçər, İsmayıllı, Şəki) çağa “uşaq” sözü geniş şəkildə işlədilir. Bir çox qərb və cənub şivələrində çağala, çaqqala “kal, yetişməmiş (meyvə)”, çağalamax “ağacda xırda meyvələr əmələ gəlmək” vahidləri qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 85).
“Oğuznamə”nin dilində bu söz istifadə edilmişdir. Məs.: Çağa yavrının ağzı böyük olur.
Çanak (ça:nak)-ölçü qabı, çanakla “ölçü qabı ilə almaq, ölçmək”, çanaklık “ölçü qabı düzəltməyə yarayan material” (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 110). Azərbaycan dilinin cənub və qərb şivələrində çanax sözü “saxsı qab” (Naxçıvan), “ölçü qabı” (Ağdam, Gəncə), “ölçü vahidi” (Şərur, Zəngilan) istifadə olunur (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 89).
Kaşğarinin lüğətində çanak “1.ağacdan yonulmuş duz qabı, nəməkdan; 2.çanax, kasa” mənalarını ifadə edən vahid kimi verilmişdir. “Oğuznamə”nin dilində bu söz istifadə edilmişdir. Məs.: Oğul-qız evin çanağı-çölməyi kibidür.
Garamat (gara:mat), garamatlık-məsuliyyət daşımaq, cavabdehlik (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 229). Azərbaycan dilinin şivələrində “dərd, qəm, dərdli, qəmli” mənalarını ifadə edə qaramat sözü qeydə alınmışdır. Gədəbəy şivəsində qaramat basmax “dərd, qəm basmaq” ifadəsi işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 280).
Görk-gözəllik, görkəm, görksüz-çirkin (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 295, 296). Azərbaycan dilinin Füzuli, Mingəçevir, Oğuz, Şəmkir şivələrində görk “nümunə”, görklü (Ağdam) “görkəmli”, görk olmax (Şəmkir) “nümunə olmaq, ibrət olmaq” dialektizmləri istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 186). Kaşğarinin lüğətində körk “gözəllik”, körklüg “gözəl və görkəmli olan” sözləri verilmişdir.
“Dədə Qorqud kitabı”nda bu sözə rast gəlinir. Məs.: Qamən aqan görkli suyın qurumasın! və s. “Oğuznamə”nin dilində bu söz istifadə edilmişdir. Məs.: Könül kimi sevərsə, görklü oldur və s.
Görkez, görkeziş, görkezme-göstərmək, sərgiləmək (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 295, 296). Azərbaycan dilinin İmişli şivəsində görkəzmə “görünməmiş, qəribə”, Füzuli, Gəncə şivələrində eyni mənanı bildirən görsətmə sözləri qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 186).
Gözetle-göz qoymaq, baxmaq (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 302). Azərbaycan dilinin Gəncə şivəsində gözətləmək “gözləmək” sözü istifadə edilir.
Gursak-köks, sinə (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 311). Azərbaycan dilinin Şəki şivəsində qursax “çinədan (toyuğun və s.)” sözü istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 316).
Semiz-kök. Türkmən dilində bu sözdən yaranan semizlik “köklük”, semre, semret “kökəlmək” sözləri də işlədilir (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 569). Azərbaycan dilinin Dərbənd şivəsində səmiz şəklində “kök, kökəlmiş heyvan” mənasında istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 427).
Kaşğarinin lüğətində bu vahidlər Azərbaycan dili şivələrində olduğu kimi səmiz “kök”, səmizlig “köklük” şəklində verilmişdir. “Dədə Qorqud kitabı”nda bu sözə rast gəlinir. Məs.: Simüz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanın qorqusından və s. “Oğuznamə”nin dilində bu söz istifadə edilmişdir. Məs.: Çün yoldaşın semiz sevməz, sən gir yüyir qarasına, Sonra semiz sana qalır, kimsə girməz arasına və s.
Tam (ta:m)-ev, otaq (Tükmence-Türkçe Sözlük, Ankara, 1995, 614). Azərbaycan dilinin şivələrində dam sözü bir çox mənalar ilə yanaşı “hər cür tikili, bina” mənasında da işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, 113). “Dədə Qorqud kitabı”nda bu sözə rast gəlinir. Məs.: ...tauq komasına, sığır tamına dönmüş və s.
Azərbaycan dilində dialekt səviyyəsində mövcud olan bir çox dil xüsusiyyətləri (dodaq ahəngi, qalınlaşma, təsirlik halda –yı4 şəkilçisinin işlənməsi və s.) oğuz qrupuna daxil olan digər türk dillərində (Türkiyə türkçəsi, türkmən, qaqauz, Axısqa və Balkan türklərinin diləri) ədəbi dil səviyyəsində izlənilir. Bu ortaqlıq qohum dillərin və şivələrinin leksik qatında da geniş şəkildə müşahidə olunmaqdadır. Azərbaycan dilinin şivələri (xüsusən, qərb şivələri) və türkmən dilinin lüğət tərkibində olan ortaq sözlər özündə ən çox qədim türk leksikasını əks etdirir.

Sevinc Qəmbərova
filologiya üzrə fəlsəfə doktoru

Daxil olundu: 10.03.2022 » Oxundu: 410
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!