Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Sərhad qızı Sadıqovanın Qərbi Azərbaycan şivələri ilə müqayisə əsasında yazdığı «Azərbaycan ədəbi dilinin arxaik morfemləri» kitabı nəşr olunmuşdur. Kitabın elmi readktoru filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov, rəyçilər filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Məmmədli, filologiya üzrə elmlər doktoru, professor İsmayıl Kazımov, filologiya üzrə elmlər doktoru, professor Kamil Bəşirovdur.
Monoqrafiyada ədəbi dil, dialektlər, bunların bir-birinə qarşılıqlı təsiri məsələləri araşdırılmış, müasir Azərbaycan ədəbi dilində arxaikləşmiş, Qərbi Azərbaycan şivələrində işlək olan morfemlər tədqiqata cəlb edilmiş, bunlar Azərbaycan ədəbi dilinə aid yazılı abidələrlə, həmçinin qədim türk yazılı abidələri ilə, digər türk dilləri ilə, türk dillərinə və dialektlərinə aid lüğətlərlə müqayisə olunaraq, oxşar və fərqli xüsusiyyətlər müəyyənləşdirilmişdir.
Kitab tələbələr, magistrant və doktorantlar, dilçi mütəxəssislər, həmçinin Azərbaycan ədəbi dilinin tarixi, tarixi qrammatika və dialektologiya ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Əzəli Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın (indiki Ermənistanın) köklü sakinləri – Azərbaycan türkləri doğma yurd-yuvalarından ermənilər tərəfindən didərgin salınmış, nəticədə Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmışlar. Bu bölgənin dərindən öyrənilməsi, o cümlədən dialekt və şivə materiallarının tədqiq olunması elmi, siyasi əhəmiyyəti olan bir işdir. Həm də müqəddəs işdir, dilinə millətinə dəyər verən hər bir kəsin vətəndaşlıq missiyasıdır. Bu mənada belə bir mövzuda tədqiqat aparmaq, yəni Qərbi Azərbaycan şivələrini tədqiq etmək tarixi zərurətdən yaranmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilçiliyində Qərbi Azərbaycan şivələrində işlək olan, müasir ədəbi dil baxımından arxaikləşmiş morfemlər tədqiqata cəlb edilməmişdir. Bu sahədəki boşluğu aradan qaldırmaq yolunda Sevinc Sadıqovanın yazdığı “Azərbaycan ədəbi dilinin arxaik morfemləri (Qərbi Azərbaycan şivələri ilə müqayisədə)” adlı monoqrafiyası ilk tədqiqat işlərindən olması baxımından aktualdır. Heç şübhəsiz ki, bu istiqamətdə yazılmış hər bir tədqiqat işi xalqımızın təkcə dili deyil, həm də tarixi, mədəniyyəti, dünyagörüşü, etnoqrafiyası barədə dolğun təəssürat yaradır.
Monoqrafiyada Qərbi Azərbaycan şivələrində işlək olan, lakin müasir Azərbaycan ədəbi dilində arxaikləşmiş şəkilçi morfemlər – sözdüzəldici şəkilçilər, hal, mənsubiyyət, şəxs-xəbərlik kateqoriyalarının şəkilçiləri, həmçinin müstəqil leksik mənaya malik olmayan kök morfemlər – köməkçi və xüsusi nitq hissələri S.Sadıqova tərəfindən qruplaşdırılmış, onların xüsusiyyətləri izah olunmuş, tarixən ədəbi dildə işlənməsinə dair yazılı abidələrdən kifayət qədər nümunələr verilmişdir.
Monoqrafiya 6 fəsildən ibarətdir. I fəsildə ədəbi dil, onun xüsusiyyətləri, Azərbaycan ədəbi dili, onun dövrləşdirilməsi məsələlərindən bəhs olunmuş, II fəsildə dialektlər və bunların ədəbi dillə qarşılıqlı münasibəti probleminə aydınlıq gətirilmişdir. Monoqrafiyanın III fəsli Qərbi Azərbaycan şivələri, bunların təsnifi məsələlərinə həsr olunmuşdur.
IV fəsildə Qərbi Azərbaycan şivələrində işlənən sözdüzəldici – leksik şəkilçiləri ad düzəldən və feil düzəldən leksik şəkilçilər olmaqla iki qrupa ayıran müəllif ad düzəldən şəkilçiləri adlardan ad düzəldən (-dəm – ərdəm; -gən//-yən – ər¬gən//əryən; -kək//-kəx` – erkək//erkəx`; -kəc//-kəş – erkəc// erkəş; -qa – qaşqa; -ax – yalax; -axlı – adaxlı; -t – qurut; -su – qurumsu; -əm – ələm; -ə – küpə; -dıc//-dış – sağdıc//sağdış və s.) və feillərdən ad düzəldən (-nax – yığnax, -nək//-nəx` – dərnəx`, -ək//əx` – gərdəx`, -ət – ölət, -ğa – qovğa, -aş//-ac – oynaş//oynac, -az – boğaz, -mur – yağmur, -uq//-ıx – qazıx, yavıx, -k – görk, -mac//-maş – doğramac, bulamac, yaxmac, tutmaş, -maq//-max – yaşmax, -pək//-pəx` – əppəx` və s.) şəkilçilər kimi qruplaşdırmışdır. Feil düzəldən şəkilçilər kimi -an//-ən, -al//-əl, -la//-lə, -ət və s. şəkilçiləri müəyyənləşdirmiş, bunların hər birinə aid həm Qərbi Azərbaycan şivələrindən (üşənməx`, oŋalmax, ağırramax, gözətdəməx`, alınmax), həm də Azərbaycan dilinə aid yazılı abidələrdən nümunələr verərək müqayisələr aparmışdır.
Əsərin V fəsli ümumi qrammatik kateqoriyaların Qərbi Azərbaycan şivələrində işlənən, müasir ədəbi dildə arxaikləşmiş morfemlərinin təhlilinə həsr olunmuşdur. Müəllif hal kateqoriyasına aid, xüsusilə, yiyəlik, yönlük, təsirlik hallarda özünü göstərən fərqli morfemləri və hal əvəzlənmələrini araşdırmışdır. Həmçinin mənsubiyyət və şəxs-xəbərlik kateqoriyasının, feil formalarının Qərbi Azərbaycan şivələri üçün xarakterik olan morfemlərini (-ıŋ4, - ıŋız4; -ıyam, -ım4, -saŋ2, -sıŋız4; -ağın,-əyin, -gınan,-ynan və s.) də təhlil edərək, yazılı ədəbi dil nümunələri və digər türk dilləri ilə müqayisələr aparmışdır.
Monoqrafiyanın VI fəslində Qərbi Azərbaycan şivələrində işlənən, müasir ədəbi dil baxımından arxaikləşmiş köməkçi və xüsusi nitq hissələrindən bəhs olunur. Bu fəsildə ədəbi dildə arxaikləşmiş qoşmalar (gəz, yol, kərə, qat, ayrı, yana, -tan, -tən), ədatlar (ta, ha, di), nidalar (ərə, bıy//buy) tədqiqata cəlb olunmuşdur.

Kriteri.az

Daxil olundu: 08.11.2018 » Oxundu: 2218
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!