Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

144 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

"Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 144 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

Daxil olundu: 22.07.2019 » Oxundu: 1583
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!