Dünyanı rənglər aləmində görmək və onun fəlsəfəsini dərk etmək böyük istedad tələb edir. Rənglərin dili, yaradıcı təfəkkürün gücü ilə böyük həqiqətləri, fikir və görüşləri anlatmaq insanların bu aləmi dərk etməsində vacib rol oynayır. Bəzən onu yaşadığı dünya ilə baş-başa qoyur, bəzən də fikir dünyasının qanadlarında uzaq keçmişə boylandırır. Bu, elə böyük bir zəhmət, elə parlaq istedaddır ki, dünyanın fəlsəfi dərkini əks etdirən hər bir tabloya diqqət yetirən və rəssamın düşüncələrini rənglərdən oxuyan insanlar əsərin ideyasını dərk
etməklə ruhi-mənəvi rahatlıq qazanırlar. Rəssamlıq təsviri sənətin qədim və yayılmış, həm də olduqca sevilən sahələrindən biridir. Burada real aləmin rəngi, həcmi, müxtəlif formaları gözlə
görülərək qavranılan, obyektiv surətdə mövcud olan əlamətlərlə fərdi təxəyyül süzgəcindən keçirilərək canlandırılır. Ədəbiyyatda olduğu kimi, təsviri sənətdə də həyatı əks etdirməyin müxtəlif janrları və üsulları vardır: karikatura, boyakarlıq, mozaika, miniatür, qrafika və s.
Özünməxsus ənənələri ilə seçilən Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələri: Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Sadıqzadə və başqalarının bənzərsiz və özünəməxsus dünyası, milli mədəniyyətimizə verdikləri misilsiz töhfələr həmişə böyük heyranlıqla qarşılanıb,
əsərləri dərin məhəbbətlə sevilib. Bu ənənənin uğurlu davamçlarından biri də Əməkdar İncəsənət xadimi Toğrul Sadıqzadənin və Xalq rəssamı Ağəli İbrahimovun tələbəsi olmuş
Ceyhun Qurbanzadədir. Ceyhun Ağazeynal oğlu Qurbanzadə 22 noyabr 1969-cu ildə Astara
şəhərində anadan olub. 1988-ci ildə Bakıda Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib və elə həmin ildən fəal şəkildə rəsm sərgilərində iştirak etməyə başlayıb. Rəssamlığa olan dərin sevgisi və böyük marağı onu Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə gətirib və bu ali təhsil müəssisəsini 1997-ci ildə uğurla başa vurub. Gərgin zəhməti ilə yaratdığı əsərlər təkcə rəsmsevərlər tərəfindən deyil, həm də mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib.
Ceyhun Qurbanzadənin əsərləri, əsasən, rəngkarlıq və qrafika üslubunu əhatə edir. O, odernist, peyzaj, portret, tarixi və batal janrlarında ixtisaslaşıb. Ceyhun Qurbanzadə hər bir əsəri üzərində çox dəqiqliklə çalışır. Bəzən bir əsər üçün illərini xərcləyir. Belə əsərlərindən biri - “Xocalı faciəsi” tablosu üzərində 5 il çalışan müəllif əsas məqsədinə - Xocalı faciəsinin dəhşətlərini və
məsum qurbanların xatirəsini yaşatmaq və bütün dünyaya çatdırmaq məqsədinə uğurla nail olur. 2006-cı ildə Ceyhun Qurbanzadəyə Azərbaycandakı Müqəddəs Məryəm kilsəsi üçün Polşanın sabiq prezidenti Lex Kaçinski tərəfindən Roma Papası II İohann Pavelin portretlərinin sifarişi verilir. Bu portretlər dövrün Vatikan Dövlət katibi Kardinal Bertoni tərəfindən yüksək qiymətləndirilmiş və müqəddəsləşdirilmişdir. Həmin dövrdə rəssam Roma Papası Benedikt
tərəfindən medalla təltif edilmişdir. Ceyhun Qurbanzadənin ən məşhur sənət əsərlərindən biri olan “Dədə Qorqud” Kardinal Bertoni tərəfindən Vatikanın Dövlət Muzeyinə aparılmış və bu əsərin beynəlxalq miqyasda tanınmağını təmin etmişdir. 2024-cü il noyabrında Özbəkistan Respublikası nümayəndə heyətinin sifarişi əsasında yaratdığı əsərlərdən biri də Qətər Biznes adamları Assosiasiyasının sədri Şeyx Faysal bin Qassim Əl-Taninin portretidir. Bu portret Qətər höküməti nümayəndələrinin böyük marağına səbəb olmuş və rəssamı öz ölkələrinə dəvət etmişlər. Ona xüsusi təşəkkürünü bildirən Şeyx Qassim Əl-Tannin rəssamın əsərlərinin Qətərdə müxtəlif sərgilərdə nümayiş edilməsinin və belə bir istedadlı rəssamın tanıdılmasının vacibliyini dönə-dönə vurğulamışdır. Ceyhun Qurbanzadə beynəlxalq miqyasda böyük uğurlara sahibdir. O, 2006-cı ildə Polşa Prezidenti tərəfindən təşəkkür məktubu ilə, 2008-ci ildə Roma Papası tərəfindən medalla təltif olunmuşdur. Uzun illərdir ki, Ceyhun Qurbanzadə öz sənət nailiyyətləri ilə bağlı çoxsaylı televiziya proqramlarına dəvət olunur, öz əsərlərini müxtəlif sərgilərdə nümayiş etdirir. Sənətinə dərin sevgisi və peşəkarlığı ilə tanınan rəssamın yaxın günlərdə 55 yaşı tamam olur. Öz fırçası ilə yaratdığı fərqli dünyalarla insanların düşüncəsinə yol tapan gözəl Azərbaycan rəssamını əlamətdar yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağılığı və yaradıcılıq uğurlar arzulayıram. Yaratdığı əsərlər əminliklə onu deməyə əsas verir ki, Ceyhun Qurbanzadə Azərbaycan rəssamlıq məktəbinin layiqli yetirməsi kimi yeni-yeni uğurlara imza atacaq və ölkəmizdə təsviri sənətin inkişafına mühüm töhfələr verəcəkdir.

Anar Fərəcov
BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Daxil olundu: 18.11.2024 » Oxundu: 46
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!