28 May - Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk edilmiş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirməsi ilə yanaşı, xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Cümhuriyyətin ömrü cəmi 23 ay olsa da, bu qısa vaxt ərzində dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu. Həmçinin, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarına çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: «Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır».
Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May – Respublika Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi.
Xalqımız hər zaman Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək onun hər bir tapşırığını şərəflə yerinə yetirməyə hazırdır. Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra nəhayət ki, 28 May – Respublika Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə birgə yaşayır və böyük sevinclə qeyd edir. Bu sevinci bizə yaşadan Ali Baş Komandana və yenilməz ordumuza minnətdarıq. Bu yolda şəhid olan igid oğullarımıza Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayırıq.

İlham QULİYEV
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri
RHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin
Salyan rayon şöbəsinin rəisi

Daxil olundu: 24.05.2024 » Oxundu: 218
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!