Azərbaycanda koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması üzrə kompleks tədbirlər davam edir. İqtisadiyyata dəstək baxımından bir vergi güzəştlərinin tətbiq olunması mühüm və genişmiqyaslı xarakter daşıyır.

"Report" xəbər verir ki, təklif edilən vergi güzəştlərinin bütün sahibkarlara aidiyyəti var. Belə ki, koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün güzəştlərin verilməsi nəzərdə tutulur. Mikro sahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni dövriyyədən verginin 2 faizdən 1 faizə endirilməsi, həmçinin cari vergi ödəmələrinin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi təklif edilir.

Bundan başqa, mikro sahibkarların 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatı və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddətin sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti ayların ödəmələrinə aid edilməsi də nəzərdə tutulub.

Güzəştlər sahibkarların fəaliyyətini stimullaşdıracaq

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə bütövlükdə nəzər salsaq, sahibkarlıq subyektlərinin hesabatlılıq və cari bəyannamələrin verilməsi ilə bağlı öhdəlikləri, eyni zamanda ötən ilin nəticələrinə görə vergilərin ödənilməsi müddətlərinin təxirə salınması, digər tərəfdən isə mövcud vergi dərəcələrinin aşağı salınması nəzərdə tutulub. Güzəştlər sahibkarların və fərdi vergi ödəyicilərinin mövcud vəziyyətdən maksimum az təsirlənməsi məqsədilə atılan əhəmiyyətli addımlardır.

Bu güzəştlər vergi ödəyicisinin öz biznes fəaliyyətini dayandırmaması və zərərlərini qismən də olsa, qarşılaması üçün verilən dəstəkdir. Güzəştlərin fərdi (mikro) sahibkarlara fərq qoyulmadan aid edilməsi isə onların fəaliyyəti üçün əhəmiyyətli stimul olacaq. Çünki elə fərdi (mikro) sahibkarlar var ki, onlar pandemiya dövründə mənfi təsirlərə məruz qalmayıblar. Bu güzəştlərdən yararlanmaq onlara əlavə gəlir gətirəcək. Ümumiyyətlə, iqtisadi islahatlar arasında kiçik və orta sahibkarlığın inkişafına ciddi dəstək verilir.


Mikro sahibkarların iqtisadiyyatda mövqeyi

Hər bir ölkədə iqtisadiyyatın dayanıqlılığı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə bağlıdır. Son 5 ildə Avropa məkanında yaradılan yeni iş yerlərinin 85 faizi kiçik və orta biznes subyektlərinin payına düşür. Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl bölmə kifayət qədər inkişaf edib, sahibkarlığın ÜDM-də və məşğulluqda payı əhəmiyyətli dərəcədə artıb. Kiçik və orta sahibkarlıq subyektlərinin ÜDM-də payı 30 faizə çatıb, ixracda isə 30 faizdən çoxdur.

Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Ölkə üzrə sahibkarlıq subyektlərinin 90 faizinin kiçik və orta sahibkarlıq subyektləri olması bu kateqoriyanın ÜDM-də və ixracda payının artırılması üçün böyük potensialın olduğunu göstərir.

Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və çəkisinin artırılması davamlı iqtisadi yüksəlişin təmin edilməsi baxımından prioritet istiqamətlərdəndir. 2025-ci ildən sonrakı dövr üçün kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin daha da artırılması, gündəlik istehlak malları ilə təminatın əsasən bu subyektlər vasitəsilə həyata keçirilməsi, onların payının ÜDM-də 60 faizə, məşğulluqda 70 faizə, qeyri-neft ixracında isə 40 faizə çatdırılması nəzərdə tutulur. Bu baxımdan, vergi güzəştlərinin tətbiqi qeyd olunan hədəflərə çatmaqda sahibkarlıq subyektləri üçün mühüm təkan olacaq.

Daxil olundu: 24.04.2020 » Oxundu: 840
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!