Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, neftçalalı dilçi alimlər Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovanın təşəbbüsü ilə “AZLİNQ 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı növbəti beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq bu il dördüncüsü təşkil olunan konfransda Azərbaycanın tanınmış dilçi alimləri ilə yanaşı yerli və xarici gənc tədqiqatçılar də iştirak ediblər.
Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan Mərkəzin direktoru Könül Məmmədova xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dilin cəmiyyətdə təşəkkülü və inkişafından, ana dilinin insanların təkamülündə müstəsna rolundan danışıb.
Konfransın açılışında iştirak edən Neftçala Rayon İcra Hakimyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Gülbağda Leysanova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Azərbaycan Televiziyasının və İMZA İB-nin Beynəlxalq əlaqələr departamentinin direktoru Elnar Məmmədli, Kür-Xəzər Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva öz çıxışlarında konfransın əhəmiyyətindən danışaraq qloballaşan dünyada doğma dilimizin qorunması və inkişaf etdirilməsində qarşıda duran vəzifələrdən, bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlərdən bəhs ediblər. Natiqlər eyni zamanda Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinin inkişafındakı əhəmiyyətli rolu, müstəqil Azərbaycanın dil siyasətinin müəyyənləşdirilməsi, Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində həyata keçirilən islahatlardan, xalqımızın əvəzolunmaz mənəvi sərvəti olan Azərbaycan dilinə qayğı siyasətinin sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilməsi, qlobal miqyasda yeni ünsiyyət formalarının yarandığı və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişaf etdiyi dövrdə dilimizin saflığının qorunması və təbliği istiqamətində həyata keçirilən islahatlardan, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması, əcdadlarımızın yadigarı olan milli dilimizin yad təsirlərdən qorunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə diar fikirlərini auditoriya ilə bölüşüblər.
Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova “AZLİNQ 2023” konfransının materialları əsasında nəşr olunmuş linqvistik toplunun təqdimatını edərək, kitabı uğurlu elmi araşdırmaların davamı və Azərbaycan dilçilik elminə dəyərli töhfə kimi qiymətləndirib.
Açılış mərasiminin sonunda Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin AZLİNQ silsilə konfransları haqqında hesabatı dinlənilib.
Daha sonra konfrans öz işini panel iclarlarla davam etdirib. 11 fərqli mövzuda təşkil olunan panel iclaslarda Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını təmsil edən, eləcə də xarici universitetlərdən iclaslara onlayn qoşulmuş, ümumilikdə 100-dən çox tanınmış alim və gənc tədqiqatçı tərəfindən aktual dilçilik mövzuları üzrə ən son tədqiqat işləri təqdim olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, konfransın materiallarından ibarət toplunun tərtib edilməsi və növbəti il “AZLİNQ 2025” konfransının keçirilməsi qərara alınıb.
kriteri.az