Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Nizami Cəfərovun "Dil haqqında elmin inkişaf paradiqmaları" mövzusunda elmi seminarı keçirilib.
Elmi seminarı giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov son illər universitetdə elmi seminarların davamlı şəkildə keçirilməsinin əhəmiyyətindən söz açıb, aktual mövzulara həsr olunmuş elmi araşdırmaların nəticələrinin geniş auditoriya qarşısında müzakirə olunmasının önəmindən, xüsusilə tanınmış filoloq alimlərlə belə görüşlərin təşkilinin gənclərin elmi olan marağının artmasında rolundan danışıb.
Ümumi dilçilik kafedrasının müəllimi Qismət Cəfərov çıxış edərək bildirib ki, dil haqqında elmin paradiqmalarının analitik dərki istər Azərbaycan dili və ədəbiyyatının, istərsə də dilçilik tarixinin yazılmasında müstəsna əhəmiyyət kəsb edir. Təqdim olunan mövzunun aktuallığına diqqət çəkən Q.Cəfərov qeyd edib ki, bu təkcə dil nəzəriyyəçiləri üçün deyil, ədəbiyyatşünas-filoloqlar üçün də kifayət qədər əhəmiyyətlidir.
Sonra akademik Nizami Cəfərov "Dil haqqında elmin inkişaf paradiqmaları" adlı məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, “humanitariya üç inkişaf mərhələsindən, yaxud müasir terminlə desək, paradiqmalardan keçib: 1) müqayisəli-tarixi; 2) sistem-struktur; 3) antroposentrik. Heç şübhəsiz, dilçiliyin tarixi hər üç paradiqmanın verdiyi metodoloji imkanlar hüdudunda az-çox öyrənilib, bəzən həmin metodoloji istiqamətlərə ardıcıl riayət olunub, bəzən də "peşəkar" ekletika meydan sulayıb".
Müvafiq paradiqmaların Azərbaycan dilinin tarixinə tətbiqindən danışan məruzəçi onu da vurğulayıb ki, Azərbaycan dilinin həm təşəkkül, həm də təkamül tarixi barədə bəhs edərkən - dilin ümumi (və elmi!) "tərcümeyi-halı"nı yaradarkən, görünür, müqayisəli-tarixi metodla yanaşı, sistem-struktur və antroposentrik (praqmatik) metodların imkanlarından da yararlanmaq lazım gəlir.
Sonra İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının professoru Əfqan Abdullayev, Azərbaycan dilçiliyi kafedrasının dosenti İsmayıl Məmmədov və başqaları mövzu ətrafında çıxışlar edib, məruzəçiyə suallar ünvanlayıblar.
Sonda Azərbaycanda, eləcə də BDU-nun Ümumi dilçilik kafedrasında nəşr olunmuş kitabların sərgisinə baxış keçirilib.

kriteri.az

Daxil olundu: 31.10.2024 » Oxundu: 100
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!