(BDU-nun təmsilçiləri “Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xid­mət­lərinə görə” medalı və diplomu ilə təltif edilib)

25-28 sentyabr 2018-ci il tarixində Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universiteti, Yunus Əmrə İnstitutu və Varşava Universitetinin birgə təşkilatıçılığı ilə Polşa Respublikasının Varşava Universitetində XIII Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib. İki mühüm tarixi hadisə ərəfəsinə – 26 sentyabr Türk dili bayramı gününə və Türkiyə-Polşa diplomatik münasibətlərinin 600 illiyinə təsadüf edən qurultaya dünyanın müxtəlif ölkələrindən 120 elm adamı qatılıb. Bu mötəbər elmi tədbirdə Bakı Dövlət Universitetini Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva və Türkoloji araşdırmalar ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov uğurla təmsil edib.

Qurultayın açılış mərasimində təşkilat komitəsinin sədri, Bilkənd Universitetinin professoru Rasim Özyürək, Yunus Əmrə İnstitutunun rəhbəri professor Şərəf Atəş, Varşavadakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Öztürk Əmiroğlu, Varşava Universitetinin Türkologiya kafedrasının müdiri, dosent Agata Baraja Starzynska, Türkiyə-Azərbaycan Dostluq və İşbirliyi Vəqfinin rəhbəri, professor Ənvər Həsənoğlu, Türkiyə Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Tahsin Tunç Üğdül və Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, professor Həsən Həsənov çıxış edərək türk coğrafiyasının elmi-mədəni mühitindən, xüsusilə türkologiya sahəsində qarşılıqlı əlaqələrin inkişafından, qarşıda dayanan əsas vəzifələrdən və gələcək perspektivlərdən danışıb, qurultayın əhəmiyyətindən söz açıblar.

Açılış mərasimindən sonra bölmə iclasları öz işinə başlayıb. Zemfira Şahbazova “Türk dillərində sual əvəzlikləri və onların linqvistik xüsusiyyətləri”, dosent Qızılgül Abdullayeva “XVII əsrdə aparıcı dil anlayışı və normada xəlqiləşmə”, Pərvin Eyvazov isə “Professor Bəkir Çobanzadə və türkcənin söz varlığı” adlı məruzələrlə çıxış edib. Q.Abdullayeva məruzəçisi olduğu bölməyə təşkilat komitəsi tərəfindən rəhbər təyin olunub.

Ölkəmizin Polşadakı səfiri, professor Həsən Həsənov Azərbaycandan qurultaya qatılmış akademik heyətlə görüşüb. Öncə 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsi ziyarət olunub. Ardınca səfirlik tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Azərbaycan-Polşa münasibətlərindən danışan H.Həsənov səfirliyin həyata keçirdiyi mühüm işlərdən söz açaraq elm sahəsində əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb, bu cür tədbirlərin təşkil edilməsini müsbət hal kimi dəyərləndirib. Sonra səfir H.Həsənov təmsilçilə­rimi­zi “Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı və diplomu ilə təltif edib.

Həmçinin qurultay müddətində iştirakçıların Varşava şəhəri ilə tanışlığı baş tutub. Şəhəri gəzən qonaqlar buranın memarlıq abidələri və tarixi yerləri ilə yaxından tanış olublar.

Qurultayın bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından BDU-nun Türkologiya kafedrasının dosenti Q.Abdullayevaya söz verilib. Sonda bütün iştirakçılara təşkilat komitəsi tərəfindən sertifikatlar təqdim olunub.

Bakı Dövlət Universitetini təmsil edən elm adamlarının Polşa səfəri həmişə olduğu kimi yenə də uğurlu və yaddaqalan olub.

 

BDU-nun Bəkir Çobanzadə Elmi

Mərkəzinin elmi işçisi Pərvin Eyvazov

 

Daxil olundu: 23.10.2018 » Oxundu: 873
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!