Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Postmodernizm çağdaş elmi-nəzəri fikir müstəvisində” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Abasova, Bakı-İstanbul liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Əlizadə, gənc tədqiqatçılar, bakalavriat və magistrantlar iştirak edib. TEB-in rəhbəri Pərvin Eyvazov açılış nitqində gənc tədqiqatçıları salamlayaraq, seminara yeni qatılanlara və I kurs tələbələrinə tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirib ki, TEB tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün belə seminarların keçirilməsini həmişə diqqət mərkəzində saxlayır, həmçinin onların konfranslarda iştirakına imkan yaradır.

Ardınca söz məruzəçiyə verilib. Mövzu üzrə məruzə edən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının II kurs magistrantı, Tələbə Elmi Seminarının rəhbəri Aygün Əliyeva dünya ədəbi fikir tarixində aktual olan postmodernizm cərəyanının yaranması və xronologiyası, eləcə də ən görkəmli nümayəndələri haqqında məlumat verib. Elmi-nəzəri müstəvidə bu ədəbi axınla bağlı görkəmli ədəbiyyatşünasların fikirlərinin əks olunduğu çıxışda cərəyanın incəsənətin digər növləri və ədəbiyyatda özünügöstərmə məqamlarına da toxunulub. Məruzəçi postmodernizmi modernizmlə qarşılaşdıraraq onun əsas məqsəd və mahiyyətindən söz açıb, düyna və Azərbaycan ədəbiyyatındakı təzahür formaları haqqında müqayisələr aparmaqla elmi-nəzəri qənaətlərini auditoriya ilə bölüşüb.

Sonra mövzu ilə əlaqədar iştirakçıların çıxışları dinlənilib, sualları cavablandırılıb. Fil.f.d. Sevinc Abasova, Pərvin Eyvazov magistrantlardan Murad Əmənov, Qismət Cəfərov, Raziyyə Həsənova, Arzu Novruzova, Aytac Əlizadə, bakalavriatlardan Orxan Həsənli, Səidə İsmayılova, Rəsul Həmidov və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.

Seminardan sonra TEB-in idarə heyəti I kurslarla ayrıca görüşüb. İclasda tələbələrə TEB-in fəaliyyəti haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

http://philology.bsu.edu.az

 

 

Daxil olundu: 15.10.2018 » Oxundu: 1387
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!