BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin (TEB) təşkilatçılığı ilə tələbələrin elmi fəaliyyətə cəlb olunmasına və elmi mətnlərin hazırlanması qaydalarına həsr olunmuş “Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir” mövzusunda elmi seminar keçirilib. Seminarda “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Pərvin Eyvazov, Ramil Bayramov, magistrantlar və bakalavriatlar iştirak edib.
Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açıq elan edərək, iştirakçıları seminarın mövzusu və məruzəçiləri haqqında məlumatlandırıb.
Mövzu üzrə məruzə edən TEB-in sədri, Filologiya fakültəsinin SABAH qrupları üzrə III kurs tələbəsi Elnarə Talıbova birliyin həyata keçirdiyi işlərdən, elmi təşkilatlanmanın prinsiplərindən, gənclərin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən söz açıb. Bildirib ki, tələbələrin elmi işlə məşğul olması gələcəkdə onların uğurlu karyera qazanması üçün əsas amillərdən biridir.
Sonra söz ikinci məruzəçiyə - “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramova verilib. O bildirib ki, tələbələrdə elmi mətnlərin hazırlanması vərdişlərinin indidən formalaşması onların karyera həyatı üçün uğurlu addımlardan biridir. Məruzəçi tələbələrə elmi mətnlərin (tezis, xülasə, məqalə, kurs işi və s.) tərtib olunması qaydaları, mətnlərin hazırlanmasının akademik tərəfləri və texniki tələbləri haqqında ətraflı məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda çıxış edən TEB-in elmi rəhbəri Pərvin Eyvazov elmi tədqiqatla məşğul olmağın faydalarından bəhs edib, iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Seminardan sonra TEB-in idarə heyəti Novruz bayramı ilə əlaqədar çay süfrəsi təşkil edib.

Kriteri.az

Daxil olundu: 15.03.2019 » Oxundu: 1957
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!