Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin akademik Həmid Araslının 110 illik yubileyinin qeyd edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, BDU-nun Filologiya fakültəsində “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” mövzusunda elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı Elçin Məmmədov qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində xüsusi xidmətləri olan akademik Həmid Araslının çoxsaylı araşdırmalarından, ədəbiyyatşünaslığa verdiyi töhfələrdən söz açıb, alimin universitetlə bağlı maraqlı xatirələrindən danışıb.
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri Səhər Orucova Həmid Araslının zəngin elmi yaradıcılığından, xüsusən şifahi xalq ədəbiyyatının tədqiqi istiqamətində gördüyü işlərdən bəhs edib, alimin folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxladığını, folklorşünaslar üçün dəyərli mənbələr miras qoyduğunu vurğulayıb.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi Zəhra Allahverdiyeva H.Araslının Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasındakı əvəzsiz xidmətlərindən, eləcə də zəngin elmi fəaliyyətindən danışıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantları alimin çoxşaxəli yaradıcılığının fərqli tərəflərinə işıq salaraq müxtəlif məzmunlu məruzələrlə çıxışlar ediblər.
Görkəmli alimin qızı, AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı tədbirin ərsəyə gəlməsində rolu olan hər bir kəsə təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini bölüşüb.
Bədii hissədən ibarət elmi seminarda II kurs tələbəsi Cəmil Cəmilbəylinin ifasında aşıq musiqisi, “Ay işığı” instrumental ansamblının müşayiəti ilə müxtəlif mahnılar səsləndirilib. Tədbirdə II kurs tələbələri Laləzar Sərxanova və Röyalə Kazımovanın akademiklə bağlı hazırladıqları “H.Araslının həyat və yaradıcılığına qısa nəzər” adlı videoçarx nümayiş olunub.

Kriteri.az

Daxil olundu: 30.05.2019 » Oxundu: 1936
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!