BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud dastanında Selcan xatun obrazı” adlı elmi seminar keçirilib. Seminarda BDU-nun Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədli, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Pərvin Eyvazov, magistrantlar və bakalavriatlar iştirak edib.
Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açaraq, iştirakçıları seminarın mövzusu və məruzəçi haqqında məlumatlandırıb.
Mövzu üzrə məruzə edən TEB-in bakalavriat üzrə koordinatoru, SABAH qrupları üzrə II kurs tələbəsi Aidə Musazadə “Kitabi-Dədə Qorqud” dastanında yer almış qadın obrazları, xüsusilə, Selcan xatun obrazının səciyyəvi xüsusiyyətləri, dünya folklorundakı qadın obrazları ilə oxşar və fərqli cəhətləri haqqında ətraflı məlumat verib. Çıxışın ardınca mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Məruzəçinin çıxışından sonra söz rəsmi opponentlərə - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının I kurs magistrantı, TEB-in magistratura üzrə baş koordinatoru Raziyə Həsənovaya və SABAH qrupları üzrə II kurs tələbəsi Şəhriyar Ağazadəyə verilib. Opponentlər mövzu haqqında öz fikirlərini səsləndirib, A.Musazadənin çıxışına münasibətlərini bildiriblər.
Daha sonra dosentlər – Q.Abdullayeva və M.Məmmədli “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı iştirakçılara maraqlı məlumatlar verib, məruzəçi haqqında fikirlərini bölüşüblər.
Seminar tələbələrin mövzu ətrafında apardıqları müzakirələrlə yekunlaşıb.

Kriteri.az

Daxil olundu: 29.04.2019 » Oxundu: 2436
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!