Bəkir müəllimə sağlığında deyə bilmədiyim sözlər çoxdur, lap çox... Bu təkcə Bəkir müəllimə deyil, onun timsalında yaşadığımız əsrin böyük ziyalısına, müəlliminə, aliminə, kamil insanına deyiləsi (deyilməmiş) sözlərdir. Onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Bir kitab bağlamaq olardı həmin sözlərdən... Uzun illər ərzində onunla həmkar olmaq xöşbəxtliyi nəsib olub mənə. Mən 1976-cı ildən AMEA Dilçilik İnstitutundayam. Bu illər ərzində Bəkir müəllimlə sıx əməkdaşlıq münasibətində olmuşam. Həmin illərdə Bəkir müəllim AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi və sonradan Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyirdi. Bu illər ərzində çox şeylər öyrəndim ondan, həyat, insanlıq dərsi aldım ondan. Bəkir müəllim İnstitut direktoru işləyəndə hər gün səhər saat 9-a işləmişdən 6-ya kimi işdə olardı. Yay tətili günlərində orta məktəb müəllimləri qoltuqlarında qalın qovluqlar onun qəbuluna gələrdi - bütün Azərbaycandan. Kimisi yazdığı romanı, kimisi şeirlər toplusunu, kimisi pyeslərini Bəkir müəllimə təqdim edir, rəyini, fikrini öyrənməyə çalışırdı. Hamısını səbirlə, təmkinlə qəbul edər, əsərlərinə rəy verər, bəzilərini isə yazdığı rəylə "Ədəbiyyat" qəzetinə, müxtəlif jurnal və məcmuələrə təqdim edərdi. İnstitut əməkdaşlarını da bu işə cəlb edər, bəzi roman və pyesləri oxumaq və rəy bildirmək işini istedadlı və səriştəli əməkdaşlara həvalə edərdi. BƏKİR MÜƏLLİM TƏKCƏ ƏDƏBİYYAT İNSTİTUTUNA DEYİL, AZƏRBAYCAN ƏDƏBİ MÜHİTİNƏ, AZƏRBAYCAN BƏDİİ SÖZ SƏNƏTİNƏ, AZƏRBAYCAN ƏDƏBİ-BƏDİİ TƏFƏKKÜRÜNƏ RƏHBƏRLİK EDİRDİ - SƏBİRLƏ, TƏMKİNLƏ, XEYİRXAH AĞSAQQAL TÖVSİYƏLƏRİ İLƏ... Akademik Rəfael Hüseynovun Bəkir müəllim haqqında yazısına aid Feysbuk şərhlərinin birində belə bir fikrə rast gəldim: "Heyif Sizə ki, (Bəkir müəllim nəzərdə tutulur - M.M) bu gün AMEA-da Sizləri kim əvəz edir" (Şəhla Əkbər). Görəsən, Bəkir müəllimi əvəz edənlər onun elədiklərini eləyə bilərlərmi? Bircə onu bilirəm ki, Bəkir müəllim onların etdiklərini eləmək istəməsdi! Bəkir müəllimin erudisiyası, məntiqi. nitqi, tərbiyəsi, savadı, zəhmətsevərliyi, mədəniyyəti, yazı üslubu, diksiyası təkrarolunmazdır, ancaq Bəkir müəllimlikdir. Onu bu və ya digər dərəcədə təqlid etmək olar (qismən). Kiçik bir xatirə. Bəzən mənim iş otağıma gələr, hal-əhval tutardı. Mən narahat olardım, xahiş edərdim ki, mən lazım olanda otağına çağırsın, özü zəhmət çəkib gəlməsin. Bir dəfə yay tətili vaxtı yanına məsləhətə gəlmiş bir orta məktəb müəllimini( deyəsən, Quba-Qusar tərəflərdən idi) yanıma gətirdi. Qoltuğundakı qalın qovluğa işarə edərək dedi: - Müəllim xeyli zəhmət çəkib, yeni bir Azərbaycan əlifbası yaradıb. Əlifbaya baxın, müəllimlə bu barədə söhbət edin, nəticəsini mənə də bildirərsiniz. Mən (səbirsiz və təmkini olmayan adam) o saat başladım ki, Bəkir müəllim, bu xalq yazıq deyilmi? Neçə dəfə əlifba dəyişmək olar - Orxon-Yenisey əlifbası, min il ərəb əlifbası, latın əlifbası, Kiril əlifbası, nəhayət yenə latın qrafikalı Azərbaycan əlifbası... Bəs deyilmi? (daha nə dedim, yadımda deyil!). Bəkir müəllim məni kənara çəkib səbirlə, təmkinlə, sakit və təsirli səslə dedi: - Məsud müəllim, əvvələn, müəllimin əlifba layihəsi ilə yaxından tanış olun. Bəlkə, çox qiymətli layihədir, sonra indi dediklərinizi müəllimə izah edin, sakit, təmkinlə. Müəllim bütün ili yayı gözləyib, böyük arzu və həvəslə yanımıza gəlib, bizə pənah gətirib. Bizim borcumuz onu yüksək səviyyədə qəbul edib, ehtiramla yola salmaqdır. İndi də yadıma düşəndə .... Mənə böyük dərs oldu! Mənim atam 36 il kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. 1953-də SSRİ Ali Sovetinin fərmanı ilə SSRİ-nin ən yüksək Dövlət Mükafatı hesab olunan Lenin ordeni ilə təltif olunub (baxmayaraq ki, bəy-xan nəslindən olub. Bir qardaşı (əmim) Sibirdə sürgündə rəhmətə gedib, oralarda da dəfn olunub. Digər qardaşı Alma-Atada sürgündə olub, 1956-da bəraət qazanıb. Atam kommunist partiyasının üzvü də olmayıb - necə ola bilər di ki ... Bəzən məni yaxından tanıyan dostlarım deyir ki, atana SSRİ-nin ən yüksək mükafatı verildi - qolçomaq ola-ola. Sən isə 44 ildir ki, AMEA- da işləyirsən, 3 il elmi katib, 25 il elmi işlər üzrə direktor müavini işləmisən, BDU-nu fərqlənmə ilə bitirmisən, Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin aspiranturasını bitirmisən, kitabların, məqalələrin, elmi rəhbərliyin və s. , amma bir taxta medalın da yoxdur... AMMA onların xəbəri yoxdur. AMEA-dakı fəaliyyətimə görə mənim çox qiymətli, çoxlarının ala bilmədiyi bir mükafatım var - BƏKİR müəllimin mənim doğum günümə yazdığı "Elmimizin barı tükənməyən ağacı" yazısı (Bir ömür payı. Bakı, "Elm və Təhsil", 2011, s. 162-163). Mənim üçün bundan böyük mükafat ola bilməz! Zəhmətinizi halal edin, Bəkir müəllim!
Azərbaycan elmində, mədəniyyətində, cəmiyyətində yeriniz görünür! Allah rəhmət eləsin! Qəbri nurla dolsun! Məkanı cənnət olsun!

Məsud Mahmudov
filologiya üzrə elmlər doktoru, professor
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi

Daxil olundu: 21.08.2020 » Oxundu: 1941
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!