"Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Ümummilli Liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradılmışdır. Ulu Öndər Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi:" Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir".
Vətəndaş cəmiyyətinin əsas atributlarından olan yerli özünüidarəetmə orqanlarını elə təşkil etmək tələb olunurdu ki, insanlar öz fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etsin. Məhz Ümummilli Liderin tövsiyəsi və xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr artıq yerli özünüidarəetmə orqanı kimi özünü təsdiqləyib.
Ağsu Bələdiyyəsi də Azərbaycan Respublikasının bələdiyyələr haqqında qanununa müvafiq olaraq lazımı işlər görmüş və vətəndaşlar vaxtında qəbul edilmiş, müraciətlərinə baxılmışdır. Əsas məqsədimiz bələdiyyə ərazisində yaşayan əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. 2022-2023-cü illər ərzində rayonda xeyli abadlıq və quruculuq işləri aparılmışdır". Bu sözləri Ağsu rayonunun Bələdiyyə sədri Nadir Orucov söylədi.
Bələdiyyənin gördüyü işlərdən geniş bəhs edən Nadir müəllim onu da bildirdi ki, Ağsu bələdiyyəsi tərəfindən bu mövsümdə aztəminatlı ailələrə maddi yardım göstərilmiş, şəhərin küçələrinin, qəbiristanlıqların, su arxlarının təmizlənməsi, həmçinin Mədəniyyət və İstirahət parkının abadlaşdırılması üçün "Dost xidməti" işçilərinin köməyi ilə iməciliklər təşkil edilmişdir. Bu cür iməciliklər rayonun müxtəlif ərazilərində demək olar ki, hər ay aparılır.
Bələdiyyələrin yerli büdcəsi əsasən fiziki şəxslərdən, torpaq və əmlak vergilərindən, torpaq satışından, torpaq icarəsindən toplanan rüsumlarla formalaşır.
Nadir müəllim onu da qeyd etdi ki, bələdiyyə vergilərinin vətəndaşlar tərəfindən vaxtı-vaxtında ödənməsi bəzi həllini tapmayan problemlərin də müsbət nəticələnəcəyinə zəmin yaradacaq.

Daxil olundu: 01.04.2023 » Oxundu: 338
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!