Quba Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən Quba rayon Uşaq Yaradıcılıq mərkəzi, Quba rayon Texniki Yaradıcılıq Mərkəzi, Quba rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin bazasında yaradılıb və Ramin Məmmədli Təhsil Nazirliyinin əmrinə əsasən həmin mərkəzə direktor təyin edilib. Elə ilk gündən Ramin müəllim işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmış, dirnəklərdə uşaq və gənclərin maraqlarını əsas götürmüşdür. Məhz bu məqsədlə də mərkəzdə 10 oktyabr 2017-ci il tarixdə dərnəklərin ümumi vəziyyətinin yoxlanılması məqsədilə xüsusi heyət yaradılmış və bu heyət mütəmadi olaraq monitorinqlər keçirmişdir. Bu monitorinqlər zamanı dərnəklərin işləri yoxlanılmış və nəticə ilə bağlı dərnəklərdəki məşğələlərin vəziyyəti barədə aktlar tərtib edilmişdir. Məhz bu aktlara görə bir çox dərnək rəhbərlərinə işlərinin düzgün qurmaları üçün göstəriş verilmiş və formalaşmayan dərnəklərin fəaliyyəti dayandırılmışdır.
Mərkəzin işi barədə danışan Ramin Məmmədli bildirdi ki, Təhsil Nazirliyinin Məktəbdənkənar təhsil Müəssisələrinin nümunəvi əsasnaməsinə əsasən Quba rayon Uşaq-Gənclər İnkişaf mərkəzinin yeni nizamnaməsi, illik tədbirlər planı hazırlanmış və pedaqoji surada müzakirə olunaraq qəbul edilmişdir. Həmin tədbirlər planına əsasən mərkəzdə Milli Müstəqillik Günü, 9 noyabr Bayraq Günü, Milli Dirçəliş Günü, Konstitusiya Günü, həmçinin 20 Yanvar Ümumxalq Hüzn Günü, 26 fevral Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmişdir.
Mərkəzin uğurlarından söz açan Ramin müəllim dedi ki, cari tədris ilində mərkəzin dərnək üzvləri bir sıra respublika əhəmiyyətli müsabiqələrdə iştirak etmiş və I, II yerlərə və həvəsləndirici mükafatlara layiq görülmüşlər.
Yaddaqalan tədbirlərdən biri də 2018-ci il tarixdə Bəşir Səfəroğlu adına mədəniyyət sarayında mərkəzin 2017-18-ci tədris ilində dərnəklərin gördüyü işlər barədə keçirdiyi hesabat konsertidir. Bu konsertdə mərkəzin təşkil etdiyi sərgilər və səhnəciklər maraqla izlənmişdir. Hesabat konsertində unudulmaz məqamlardan biri də Bakı şəhəri 3 saylı və Sumqayıt şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin qonaq kimi iştirak etməsi və çıxışlara yüksək dəyər vermələri olmuşdur.
Onu da demək yerinə düşərdi ki, artıq 5 ilə yaxındır ki, mərkəzin şagirdləri Respublika üzrə keçirilən festivallarla bərabər beynəlxalq tədbirlərin də iştirakçı olur. Belə ki, 19-27 aprel 2018-ci ildə Türkiyə Cümhuriyyətinin Çanaqqala və Tekirdağ bölgəsinin Çorlu şəhərində «23 nisan socuk bayramı» münasibəti ilə təşkil olunmuş bayram şənliyinə mərkəzin «Könül» rəqs qrupu və rəssamlıq dərnəyi dəvət edilmişdi. Həmin səfərdən mərkəzin şagirdləri tədbirlərdə müxtəlif nominasiyalı diplom və fəxri fərmanlarla geri döndülər.
Mərkəzi uzun müddətdir ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ramin müəllim söhbətində bildirdi ki, bu tədbirlərin keçirilməsində məqsədimiz cənab İlham Əliyevin birbaşa göstərişi və qayğısı ilə hər gün inkişaf edən, gözəlləşən respublikamızı sağlam ruhda, milli-mənəvi dəyərlərimizə sadiq bir vətəndaş kimi formalaşmasında iştirak etməkdir.
Mərkəzimiz artıq uzun illərdir ki, «Dostluq körpüsü» və «Alovlu Qafqaz» adlı uşaq və gənclərin folklor rəqs və yaradıcılıq festivallarını keçirir. Bu ilin iyun ayında «Alovlu Qafqaz» III Uşaq-Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq festivalı, iyul ayında isə «Dostluq körpüsü» IV Beynəlxalq Folklor Rəqs Restivalı keçiriləcək. Bu festivalda 12 dövlətin rəqs qrupları iştirak edəcəkdir. Mərkəzimizin rəqs dərnəyində məşqləri Şimali Asetiyadan dəvət olunmuş mütəxəssislər aparır, – deyə Ramin Məmmədli bildirdi.

Ramin Məmmədli Türkiyənin Çanaqqala şəhərində

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 27.04.2019 » Oxundu: 1245
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!