HƏYATI

Azərbaycanın dram-kino sənətinin inkişaf tarixində rol oynamış şəxsiyyətlərdən biri də Əhməd Bilal Kərbəlayi Mahmud oğludur. O, 1884-cü ildə Bakının Pirşağı kəndində həkim ailəsində dünyaya göz açıb.

Kərbəlayi Mahmud bəy mömin bir adam olmaqla yanaşı öz peşəsinin də mahir bilicisiydi. Bakı kəndlərində xüsusi hörmət-izzəti vardı. Həyat yoldaşı Çeşmi xanım Molla Əzim qızı adlı-sanlı “Məmməd Səfi” nəslindəndi, səkkiz uşaq tərbiyə edib araya-ərsəyə gətirmişdi. Hələ kiçik yaşlarından dərin ağlı, zəkası ilə qardaş bacılarından fərqlənən Bilalı atası mollaxanaya qoyur. Burada, o, Quranı oxuyub başa çıxır, ərəb-fars dillərini mükəmməl öyrənir. Bununla kifayətlənməyən Bilal sonra Bakı gimnaziyasına qəbul olunur və 1907-ci ildə oranı fərqlənmə  ilə bitirir.

Gimnaziyada oxuduğu illərdə o, dramaturgiyaya həvəs göstərir, ümumiyyətlə səhnə sənətinə onda xüsusi məhəbbət yaranır. Çox keçmir ki, Bilal rus və alman dillərini  mükəmməl öyrənir. Lakin böyük ailənin ehtiyacları onun da çiyinlərinə yüklənir. İşləməyə məcbur olur. Orucov qardaşlarının mətbəəsində işə girir. Mürəttib ixtisasına yiyələnir. Süleyman Məlikov, Qulam Məmmədli, Hacıməmməd Qafqazlı, Ağabəy Mahmudov və başqaları o vaxt Əhməd Bilalla birlikdə “Kaspi” mətbəəsində işləmişlər.

Dramaturgiyaya olan böyük həvəsi, aktyorluğa meyli, işdən ayrılmamaq şərtilə onu özfəaliyyət dram dərnəyinə gətirib çıxarmalıydı. Hüsnxətti gözəl olan Əhməd Bilal dram əsərlərinin üzünü köçürür, suflyorluq, artistlik edir. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra, Əhməd Bilal Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir.

Leninqradda səhnə sənətinin incəliklərinə yiyələnir. Stanislavski-Nemiroviç-Dançeko məktəbindən bəhrələnir. O, Leninqradda Mariya Vasilyevna adlı bir ziyalı qadınla ailə həyatı qurur.

1924-cü ildə Bakıya qayıdan Əhməd Bilal türk işçi teatrına işə girir. Bu həmin dövr idi ki, “Satiraqit” teatrının əvəzinə “Türk işçi teatrı” yaradılmışdı. Əhməd Bilal bu teatrda əvvəlcə artist, sonralar ədəbi hissə müdiri olur, ən nəhayət, teatrın direktoru vəzifəsinə qədər yüksəlir.

Bəllidir ki, 1933-cü ildə “Türk işçi teatrı” xüsusilə qərarla Gəncəyə köçürüldü. Lakin Əhməd Bilalı isə bacarıqlı bir teatr təşkilatçısı kimi Şəkiyə-dram teatrını yaratmağa göndərdilər. Sonra, yəni 1933-cü ildə yenə də Bakıya qayıdır. Bu dəfə Əhməd Bilal Azərbaycan Dram teatrına baş rejissor və direktor təyin edilir. Onun sənət dostları Murad Muradov, Mirmahmud Kazımovski, Rüstəm Kazımov və başqaları söyləyirdilər ki, Əhməd Bilal sakit, mülayim təbiətli, heç kəsi özündən rəncidə salmayan, ziyalı bir şəxs idi. Ona rast gələndə mütləq salamı birinci o verərdi. Kollektivdə nüfuzu böyük idi.

Əhməd Bilal geniş savada malik, hərtərəfli şəxsiyyət olub. Bir tərəfdən o, Qoqolu, Çexovu, Qriboyedovu və başqalarının əsərlərini Azərbaycan dilinə çevirir, digər tərəfdən xırda hekayələr, oçerklər yazıb mətbuatda çap etdirirdi. Sözsüz ki, onu da demək vacibdir ki, Əhməd Bilal Azərbaycan kinosunun yaradıcılarından biri olubdur.

Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə 1925-ci ildə çəkilmiş “Bismillah” filmində o, aparıcı rollardan biri olan Əhməd rolunda çəkilmişdi.

Teatrdda və kinoda xidmətləri nəzərə alınaraq Ə.Bilal o dövr üçün yüksək ad sayılan “Əmək qəhrəmanı” (indiki əməkdar artist) adına layiq görülür. Lakin 1937-38-ci illərin qara yeli onun da başının üstündən yan keçmədi.

1937-ci ildə onu həbs edib NKBD-nin zirzəmisinə atdılar. Heş bir ittiham bildirilmədi. Məşəqqətlər içində keşən doqquz ay onun iradəsini sındıra bilmədi. Əhməd Bilal heç kimin üzünə durmadı. Əlacsız qalıb onu həbsxanadan buraxdılar. Lakin əzablı günlər səhhətini pozmuş onu əsəb xəstəsinə döndərmişdi. O, varlığı qədər sevdiyi sənətdən uzaqlaşmağı özünə rəva bilir, hətta Bakı asfalt-beton zavodunun kadrlar şöbəsində işə girir. Ancaq, sən saydığını say…. Demə, Əhməd Bilal NKVD-nin daimi nəzarətində imiş, onu həbs etmək üçün bəhanə gəzirlərmiş. Onunsa bundan xəbəri yox idi. Düzdür, keç kiminlə görüşmür, çox qapalı bir həyat sürürdü. əsəbləri də  tarıma çəkilmişdi.

Günlərin bir günü isə zavodda guya çörək kartoçkalarının uçotunu düz aparmadığına görə ermənilər tərəfindən boynuna şər atılaraq, onu 10 il həbs cəzasına məhkum edirlər və bu gözəl insan, bacarıqlı aktyor, rejissor, tərcüməçi, publisist yazıçı, təşkilatçı olan Bilal Əhməd 1944-cü ildə Gəncə həbsxanasında ciyər xətəliyindən vəfat edir.

Bəs biz belə şəxsiyyətin üzə çıxmartmaq, tanıtmaq, adını əbədilləşdirmək üçün neyləmişik? Demək olar ki, heç nə. Məgər Əhməd Bilalın yaşadığı Şamil Əlibəyov küçəsindəki 41 nömrəli evin divarına xatirə lövhəsi vurmaq belə çətin işdir, ya bəlkə onun adına küçə qoymaq külli xərc istəyir? Bizə elə gəlir ki, Mədəniyyət nazirliyinin, Bakı İcra Hakimiyyətinin rəhbər işçiləri bu işə biganə qalmazlar. Hətta orası da maraqlıdır ki, Azərbaycan Dran teatrının salnaməsində Əhməd Bilalın adı heç yerli-dibli çəkilmir.

Əhməd Bilalın yeganə övladı-qızı Gülxanım vaxtı ilə Cənubi Osetiyada Sxinvalidə yaşayıb. Uzun müddət orada məktəb direktoru işləyib, təqaedə çıxıb və haqq dərgahına qovuşub.

Bilal Əhmədin qardaşı Soltan Əhmədin oğlu- Böyük Vətən müharibəsi əlili,müharibə və əmək qəhrəmanı Mikayıl Mahmudun övladları hal-hazırda Azərbaycanda elmi,ədəbi və ictimai mühitdə tanınmış şəxsiyyətlərdir: böyük oğlu Əhməd Əhməd ixtiraçı-fizik alim,ortancıl oğlu Möhsün Əhməd yazıçı, dramaturq,kiçik oğlu Vüqar Əhməd filologiya üzrə elmlər doktoru, professor, şairdir. Qardaşı nəvəsi Almaxanım Əhmədli  Vüqar qızı AZ TV-nin solisti, VI Muğam müsabiqəsinin qalibi, “Qran-Pri” mükafaçısıdır.

Əhməd Bilalın Azərbaycan Dövlət və İncəsənət arxivində mühafizə olunur.

HAQQINDA:

Hafiz Sadıqov. Əhməd Bilal,yaxud yaxşılığa yamanlıq… “İlham” qəzeti. 14may 1991. səh.2.

Alim Nəbioğlu. Bilal Əhməd-130.Qəbri bilinməyən sənət fədaisi 70 ildən sonra xatırlandı. miq.az/az/bilal-ehmed-130

Bilal Əhməd (Əhməd Bilal)-130 illiyi “Space” radiosu – YouTube. https://www.youtube.com/watch?v=SpC5zbnFlec

 

Vüqar Əhməd

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,

filologiya üzrə elmlər doktoru, professor

Daxil olundu: 13.10.2018 » Oxundu: 1819
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!