«Beyləqan rayonu respublikamızın mühüm kənd təsərrüfatı rayonlarındandır. Torpaq sahəsinin yarıdan çoxu kənd təsərrüfatı üçün yararlı torpaqlardır. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq əsas yer tutur. Bununla yanaşı, rayonda kartof, üzüm, tərəvəz, bostan məhsulları və meyvə də yetişdirilir. Kənd təsərrüfatının inkişafında texnikanın böyük rolu var. Rayonda ümumilikdə 2 min 35 ədəd kənd təsərrüfatı texnikası qeydiyyatdadır. Bu texnikalardan istifadə etmək üçün vətəndaşlardan bir aylıq kurs keçməsi, daha sonra imtahan verərək sürücülük vəsiqəsi alması tələb olunur. Son dövrdə rayonda 500-ə qədər vətəndaş kənd təsərrüfatı maşınlarının idarə edilməsi üçün sürücülük vəsiqəsi alıb.

Texniki Peşə məktəbləri bitirənlər də burada imtahan verib texnikanı idarə etmək üçün vəsiqə ala bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulu təmin edilib. Bu məqsədlə respublikanın müxtəlif bölgələrində səyyar xidmət qrupu yaradılıb. Qrupun tədbirlərində vətəndaşların sürücülük vəsiqələri banka rüsum ödəməklə ərizə əsasında yenisi ilə dəyişdirilir. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə belə səyyar xidmətlər bütün bölgələri əhatə edir».

Bu sözləri öz söhbətində Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidmətinin Beyləqan Regional bölməsinin rəisi Zaur Hacıyev söylədi. O, 1968-ci ildə Beyləqan rayonunda anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) məzunudur. 1993-1997-ci illərdə RTS-də mühəndis vəzifəsində çalışıb. 1997-2000-ci illərdə Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsində baş mühəndis işləyib. 2000-ci ildən Beyləqan DTNM-nin baş məsləhətçisidir.

Texniki Nəzarət Müfəttişliyində işləyənlər xüsusi geyim forması ilə təchiz olunublar. Bu, ilk baxışdan o qədər də əhəmiyyətli görünməyə bilər. Amma, əslində geyimi ilə hansı peşəyə xidmət etdiyini nəzərə çarpdırmaq insanlar arasında olan məsuliyyətin artması deməkdir. Zaur Hacıyev isə harada çalışıb-işləməsindən asılı olmayaraq hər zaman tutduğu vəzifəyə qarşı məsuliyyətli olub. Respublikada ərzaq təminatının yaxşılaşdırılması, pambıqçılığın və digər ənənəvi bitkiçilik sahələrinin genişləndirilməsi, məhsul istehsalının artırılması ilə yanaşı, yeni iş yerlərinin yaradılması kənd təsərrüfatı mütəxəssislərinə, o cümlədən mexanizatorlara olan tələbatı artırır, – deyir Zaur Hacıyev. Bunun üçün də traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanların daha ciddi aparılması, sürücülük vəsiqələrinin alınması və dəyişdirilməsi günün vacib məsələsi hesab edilir. Çünki bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da təsrübəli və öz işinin ustası olan insanlara hər zaman ehtiyac olub.

Gülağa Cəfərov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 26.12.2018 » Oxundu: 1669
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!