Qarşımda bir kitab var. “Bu həyat dediyin” şeirlər kitabı. Kitabı vərəqləyib şeirləri oxuduqca yaradıcılıq yolunda ilk kövrək addımlarını atan, həyat, ölüm, vüsal, hicran, məhəbbət, nifrət haqqında öz mülahizələri olan, gördüklərini, duyduqlarını şeirə çevirən 34 yaşlı bir gəncin ürək çırpıntılarının şahidi oluram. Qəlbimdə bir istək baş qaldırır: ürəyimi ehtizaza gətirən, məni düşündürən, əlimdən yerə qoya bilmədiyim və oxuduqca zövq aldığım bu şeirlərin müəllifinə fikirlərimi bildirmək ehtiyacı duyuram özümdə. Və bu istəklə qələmi əlimə alıb gənc şair Zaur İlhamoğlunun yaradıcılığının bəhrəsi olan “Bu həyat dediyin” kitabındakı şeirlərin məndə oyatdığı təəssüratı onun oxucuları ilə bölüşmək arzusuyla yazmağa başlayıram. Oxuduğum şeirlər məni düşünməyə məcbur edir. Müxtəlif mövzularda yazılmış şeirlər həm fikir tutumu baxımından, həm də sənətkarlıq cəhətdən diqqətimi cəlb edir. Kitabdakı şeirlər dörd başlıqda verilib. 1. Vətən eşqi 2. Bu həyat dediyin 3. Mənim sevgim 4. Qəzəllər.
Vətən eşqi adı altında verilən şeirlərində şairin vətənə, xalqa, millətə, soy-kökümüzə, ordumuza vətəndaş münasibətini duyuruq. Kitabın ilk səhifəsində verilmiş “Azərbaycan bayrağı” şeiri diqqətimi cəlb edir. Azərbaycan bayrağına onlarla şeir həsr edilib. Azadlıq nəğməkarı Əhməd Cavaddan, türk dünyasının şair oğlu B. Vahabzadədən sonra bu mövzuda yazmaq həm çətindir, həm də məsuliyyətli. Lakin Zaur İlhamoğlunun şeirlərini oxuyarkən hiss edirsən ki, əsl şair dəfələrlə işlənmiş mövzuda da yeni söz deməyi bacarır. Şair Azərbaycan bayrağını oxucuya qazandığım hürriyyətim, mübarizəm, şücaətim, varlığıma zəmanətim, sarsılmayan məhəbbətim və s. deyə təqdim edir.
Mən bu yurdun övladıyam, bircə arzum var mənim:
Şəhid olum bayraq üstə, bayraq olsun kəfənim
Nə qədər ki, bayrağım var, var olacaq Vətənim.
Dağ vüqarım, şax qamətim – Azərbaycan bayrağı
Qürur yerim, fəxarətim – Azərbaycan bayrağı
Öz bədii yaradıcılığında tariximizin şanlı səhifəsi olan cümhuriyyət dövrünə müraciət edən şair Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və onun qurucusu M.Ə.Rəsulzadənin əziz xatirəsinə ithaf etdiyi şeirində onu azadlıq günəşinə bənzədir və oxucusuna şeir dili ilə anladır ki, damarında azadlığın qanı olan millət kölə ola bilməz.
Bir millətin damarında
Azadlığın qanı varsa,
İllər keçə, zaman ötə
Yenə azad olacaqdır.
Dağıt onu, toza çevir,
O yenə də dirçələcək,
Yenə abad olacaqdır.
“Salam Dədə” (Dədə Qorqudla söhbət) şeirində tarixi keçmişimizi vərəqləyən şair eyni zamanda yaxın keçmişimizdə tariximizə qanlı hərflərlə yazılmış 26 Fevral Xocalı soyqırımından ürəkağrısı və kədərlə söz açır. (“Dinləyin, Xocalı köçkünüyəm mən” şeiri) “Mənim ordum” şeirində isə vətənin güvənc yeri, şah damarı saydığı ordusunun tezlikcə Kəlbəcəri, Xocalını, Zəngilanı, Füzulini, Şuşanı, bir sözlə işğal edilmiş torpaqlarımızı azad edəcəyinə bütün varlığı ilə inanır. Bu şeirdə artıq biz şairin gələcəyə - Azərbaycan xalqının haqq işi uğrunda mübarizədə qələbə çalacağına olan inamının şahidi oluruq.
Qoy anlasın bütün bəşər:
Düşmənlərdə qala bilməz yurdum mənim
Gün gələcək, zəfər günü qeyd edəcək,
Qarabağı azad edib ordum mənim
Birinci başlıqda verilmiş şeirlərdə tarixi mövzular üstünlük təşkil edirsə, “Bu həyat dediyin” başlığı altında verilmiş hissədə adi həyat hadisələri, məişət qayğıları əsas mövzu kimi verilir. Lakin bu mövzularda da, şairin hadisələrə fərqli münasibəti özünü göstərir. Şair “Kimsəsiz uşaq” şeirində valideynləri tərəfindən atılmış, üzünü belə görmədiyi anasını gözləyən uşağın anası ilə bağlı düşüncələrini verir. Saatlarla, günlərlə anasını gözləyən, xəyallar quran və gözü yolda qalan, rəngli kitablarından, oyuncaqlarından əl çəkən, ana nəvazişinə, ana qayğısına möhtac olan uşağın yalnız bir arzusu var.
Dünya gözündən düşüb
Ona hər şey mənasız,
Ona hər şey havayı.
O kimsəni istəmir,
Anasından savayı...
Əzizim, bilə anam,
Dərdimi bilə anam.
Nə olar, ey İlahi
Yanıma gələ anam.
B.Vahabzadənin “Atılmışlar” əsərindəki kimi eyni mövzü, eyni kədər, eyni ürəkağrıdan mənzərə. B.Vahabzadənin poeması oxucunu necə həyəcanlandırırsa, Z.İlhamoğlunun həcmcə kiçik olan “Kimsəsiz uşaq” şeiri də oxucunu düşündürür, həyəcanlandırır. “Uşaq olmaq istəyirəm” şeirində təmiz duyğuların hökmranlıq etdiyi uşaqlıq illərinə qayıtmaq istəyən şair “Yaşamaq istəyirəm mən” şeirində yaşamağın mənasını anasına, vətəninə borcunu ödəməkdə görür.
Övladamsa, övlad kimi
Bu anama, bu vətənə,
Öz borcumu verənəcən
Yaşamaq istəyirəm mən.
Şair adi, hər gün rastlaşdığımız həyat həqiqətlərini poetik dillə oxucusuna çatdırmağı bacarır. “Mənim sevgim” bölməsində verilmiş şeirlərdə də bu aydın görünür. Kitabda verilmiş “Xatirələr”, “Qardaşı qardaşdan ayıran gəlin”, “Ağlamaq gülmək”, “Kaş yenidən doğulaydım”, “Ana, mənə layla de” və s. şeirlər
müxtəlif mövzularda olsa da, hər biri oxucuda maraq oyadır. Z.İlhamoğlunun şeirlərinin dili sadədir, şair bütün şeirlərində səmimidir. Şeirlərdə bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə edilmişdir. Verilmiş maraqlı təşbehlər, təzadlar, mübaliğələr şeirləri daha da oxunaqlı edir. Məsələn, “Bir qadın ağlayır” şeirində “Düşdüyü bu məkan, bu ər ocağı, Solmuş arzuların ünvanı oldu” və ya “Yaşarkən aldığı hər acı nəfəs, Gözündən tökdüyü yaşlar qədərmiş” misraları bunun bariz nümunəsidir. Yenə həmin şeirdə “Ağlayan qadının göz yaşlarında, Axır bir kişinin vicdansızlığı” gözəl bənzətmədir. Hamıya aydındır ki, “Vağzalı” insanları xöşbəxtliyə qovuşduran rəmzdir, yeni həyatın başlanğıcıdır. Sevdiyi qıza qovuşa bilməyən aşiq üçün isə bu, ölüm nəğməsidir.
Başqa bir aləmə, başqa bir yola
Səni səsləyirdi “Vağzalı” səsi
Mənimsə gözümə yaş dola-dola
Sanki dinləyirdim ölüm nəğməsi.
Yeni həyatın başlanğıcı və həyatın sonu. Bu, yerində işlədilmiş və maraqlı təzaddır. Yenə həmin şeirdə
Sənli ümidlərim ayağın altda
Qırdığın boşqabtək paralanacaq.
Azərbaycanlılarda adətdir ki, gəlin ər evinə daxil olanda ayağının altına qoyulmuş boşqabı sındırır. Həmin o boşqabın sınmasını aşiq məhv olmuş ümidləri kimi mənalandırır. Bu misalların sayını artırmaq olar. Məsələn: “Ər evində qurutdular xöşbəxtliyin dənizini”, “Hər gün yağır mənə kədər yağışı, Könlümün pərişan buludlarından” və s.
Türk dünyasının böyük şairi B.Vahabzadəyə həsr etdiyi şeirdə də maraqlı bədii təsvir və ifadə vasitələrindən istifadə edilib. Z.İlhamoğlu xalqın sevimli şairini gücünü atəşdən alan, xalqının yolunda yanaraq öz atəşi ilə onun qaranlıq yollarını işıqlandıran şair kimi təqdim edir.
Sən Odlar yurdunun od parçasısan,
Gücünü atəşdən alan şairim.
Yandıqca saçaraq öz atəşini
Qaranlıq yollara salan şairim...
“Mən Türkəm” söylədin coşaraq hər an,
Car çəkdin “Türkündür bu yer, bu məkan”
İşıqlı dünyadan köç edən zaman,
Kəfəni bayraqdan olan şairim.
Şair “Yaşamaq istəyirəm mən” şeirində
Mən Vətənin övladıyam
Anam oldu Vətən mənə
Vətənimçün hər bəlaya,
Hər əzaba gərim sinə.
söyləyirsə, başqa bir şeirində “Amalım yolunda sonuna qədər, Getmişəm, gedirəm, gedəcəyəm də” deyir. Qəlbi yaşamaq, yaratmaq eşqi ilə döyünən, vətəninin xöşbəxt gələcəyi üçün hər əzaba sinə gərməyə, amalı yolunda sonuna qədər getməyə hazır olan şairə cansağlığı, mənalı ömür və yaradıcılığında uğurlar arzulayıram.

Səhər Nəsib qızı Rzayeva
Azərbaycan dili və ədəbiyyat müəllimi

Daxil olundu: 10.11.2018 » Oxundu: 3104
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!