Cavid dünyaya bir teatr kimi baxırdı:

Onca dünya qoca bir səhnə demək,
Hər kəs aktörlük edir bilməyərək.

Böyük şair bir teatr səhəsi kimi baxdığı bu əzabkeş dünyaya Yer Üzünün dərd yükünü azaltmağa gələnlərdən idi.

İnsan ömrü dalğa kimi keçər, gedər,
Hər gələn bir sevgi yolu seçər, gedər.

Cavid hər gələn kimi bir sevgi yolu seçsə də, hər gedən kimi ötəri bir dalğaya çevrilərək getmədi.
Könülləri və düşüncələri daim ehtizaza gətirən əbədi dalğaya döndü.
Və mənə görə də bütöv səhnəyə bənzəyən bu Kainat səslərlə, dalğalarla doludur. “Ruh” dediyimiz də həmin dalğalardır. Sadəcə, efir boşluqlarında süzən o dalğaları tuta bilmirik. Hansısa adları anırıqsa, dilə gətiririksə, haqqında danışırıqsa, bizim enerjimiz o dalğalara çatır, onlara qüvvət verir, onları yaşadır.
Dalğa ruhlar onları ananlar, dilə gətirənlər, ruh kimi, dalğa kimi yaşamaları üçün onlara bu enerjini göndərənlər var olan müddətcə yaşayırlar.
Sükut güc verə bilmir. Sükut həyat verə bilmir!
Nə qədər ki, bu millət Cavid dalğasına köklənib, həmin zaman boyunca da o müstəsna şair yaşayacaq. Yaşadıqca da həmişə gənc olan sözü ilə yurddaşlarının varlığını gözəllik duyğusuyla süsləyəcək!

Akademik Rafael Hüseynov

Daxil olundu: 21.10.2018 » Oxundu: 1519
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!