26 iyun 2020–ci il tarixində Cəlilabad rayon Gənclər və İdman İdarəsi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Cəlilabad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi, gənclərin insan hüquqları haqqında məlumatlılıq səviyyəsinin artırılması və gənclər arasında anti-sosial davranışların qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi əhəmiyyətliliyi istiqamətində “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov birgə videokonfransda məruzə edərək bildirib ki, narkomaniya bu gün bəşəriyyəti düşündürən, narahat edən, cəmiyyətin ciddi bəlasına çevrilən və digər ağır nəticələrə gətirib çıxaran böyük təhlükə mənbəyidir. BMT Baş Assambleyası 1987-ci ildə narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədi ilə iyun ayının 26-nı “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Ülu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomaniyanın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 1998-ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. 1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Bu gün Azərbaycan Ombudsmanının da fəaliyyətində narkomaniyaya qarşı mübarizə, İİV və QİÇS-dən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinə geniş yer verilir.
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib. E.Hüseynov diqqətə çatdırıb ki, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq.
2019-cu il “İlin gənc müəllimi” nominasiyasının qalibi Elçin Abbasov keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açaraq narkotik vasitələr və onun törətdiyi fəsadlar barədə fikirlərini bildirib.
Kriteri.az