Martın 1-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilən təqdimat mərasimində rayonun kitabxana-klub rəhbərləri, bölgənin tanınmış yazıçıları və oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru, yazıçı Hafiz Mirzə keçirilən görüşün əhəmiyyətindən və kitabxanaların üzərinə düşən vəzifələrdən bəhs edib. Daha sonra Yayım Assosiasiyası İctimai Birliyinin sədri, “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri həyata keçirilən layihənin mahiyyəti, qaldırılan problemin həlli istiqamətində kitabxanaların rolundan danışaraq rayonun bütün kitabxanalarında oxucularla yazıçı və şairlərlə mütəmadi görüşlərinin keçirilməsinə çağırıb.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, 10-dan çox kitabın müəllifi, yazıçı Qafar Cəfərov Yayım Assosiasiyasının cənub bölgəsində oxucularla yazarların görüşlərinin keçirilməsi təşəbbüsünü dəstəklədiyini və rəhbərlik etdiyi təşkilatın məmmuniyyətlə bu layihədə iştirak edəcəyini bildirib:“Bizim bölgədə dəyərli əsərlər yazan onlarla yazıçı var. İstəyirik ki, oxucularımız, gənc nəsil bu yazıçıların əsərlərini oxuyub savadlı olsunlar. Kitab oxuyan isanın danışıq dili təmiz olur, fikirlərini aydın ifadə edə bilir, intellekti yüksək olur.”.

Daha sonra çıxış edən şair və yazıçılardan Ağamir Cavad, Xatirə Xatun, Ziyafət Yəhya, İdrak Dadaşov, yazıçı-publisist Ağaddin Babayev, Kənarmeşə kitabxana-klubunun direktoru Ofelya Əliyeva, rayon mədəniyyət mərkəzinin kitabxana-oxu sektorunun müdiri Habil Əliyev və digərləri keçirilən görüşün nəticəsi olaraq şəhər, qəsəbə və kəndlərdə mütəmadi olaraq görüşlərin keçirilməsinin vacibliyi vurğulayaraq Yayım Assosiasiyası və Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsi ilə əməkdaşlıq edəcəklərini qeyd ediblər.

Görüşün sonunda iştirakçılara Yayım Assosiasiyası adından dəftər-qələm və müxtəlif yazarların kitabları hədiyyə olunub.

Daxil olundu: 02.03.2022 » Oxundu: 540
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!