«1957-ci ildə respublikamızın cənub bölgəsində ilk musiqi məktəbi məhz C.Cabbarlı adına 1 nömrəli musiqi məktəbi olub. Ötən 62 il ərzində məktəbi 5 minə yaxın məzun bitirib. Məzunlardan 500-ə yaxını orta ixtisas məktəbində, 70-ə yaxını Musiqi Akademiyasında, 25-dən artığı İncəsənət universitetində təhsillərini davam etdiriblər. Həmin məzunların əksəriyyəti müxtəlif musiqi məktəblərində müəllim kimi çalışırlar.
Hazırda məktəbimizdə 100-ə yaxın musiqi müəllimi çalışır. Onlar burada musiqi təhsili alan 450-yə yaxın şagirdə musiqinin, incəsənətin sirlərini sevə-sevə öyrədirlər. Burada tar, kamança, fortepiano, violin, nağara, qanun, balaban, qarmon, xanəndəlik, bir sözlə, bütün musiqi ixtisasları tədris olunur. Məktəbimizdə, həmçinin Xalq çalğı alətləri orkestri, Balabançalanlar ansamblı, Kamançaçalanlar ansamblı, Qarmonçalanlar ansamblı, Xanəndələr ansamblı, Qanunçalanlar ansamblı, Nağaraçalanlar ansamblı, Cənub qızlar ansamblı, kvartetlər, məktəbin birləşmiş xoru, folklor kollektivi fəaliyyət göstərir».
Bu sözləri Lənkəran rayon Cəfər Cabbarlı adına 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Camal Həsənov söylədi. Camal müəllim 25 may 1960-cı ildə Lənkəran şəhərində anadan olub. O, əvvəl Lənkəran orta ixtisas musiqi məktəbini, 1994-cü ildə isə Azərbaycan Pedaqoji Universitetinin tar fakültəsini bitirib. Elə o vaxtdan bu məktəbdə fəaliyyətə başlayan Camal müəllim burada əvvəl müəllim, daha sonra şöbə müdiri, direktor müavini işləyib. 2015-ci ilin noyabr ayında məktəbə direktor təyin edilib.
Camal müəllim söhbət zamanı daha bir xoş hadisəni xatırladı. Belə ki, Nazirliyin icazəsi ilə məktəbin 60 illik yubileyi böyük təntənə ilə qeyd edilib. Yaddaşlara həkk olunan bu yubiley tədbirinin xoş təəssüratlarını məktəbin müəllim və şagirdləri bu gün də təbəssümlə xatırlayırlar.
Onu da qeyd edək ki, məktəbdə təhsil pulsuz – dövlət hesabınadır. Burada təhsil müddəti ixtisaslardan asılı olaraq 5 və 7 ildir. Məktəb əsaslı təmir olunub və bütün lazımi musiqi avadanlıqları ilə təchiz edilib.
Məktəbin nümunəvi müəllimlərindən Əlirza Əsgərovun, İmamverdi Ağayevin, Adil Rüstəmovun, Lətafət Əliyevanın, İradə xanımın və digərlərinin adını çəkmək yerinə düşərdi. Məhz belə təcrübəli və məsuliyyətli müəllimlərin sayəsində şagirdlər seçdikləri ixtisası dərindən öyrənir və məktəbi peşəkar musiqiçilər kimi bitirirlər.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.05.2019 » Oxundu: 2241
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!