Dünya şöhrətli görkəmli yazıçı Çingiz Aytmatov yaradıcılığının müxtəlif aspektləri ilə öyrənilməsi həm böyük ədəbiyyatın, həm də insana xas ali dəyərlərin təbliği baxımdan mühüm əhəmiyyətə malikdir. Son illərdə Azərbaycanda akademik İsa Həbibbəyli aytmatovşünaslığa dünya miqyasında nümunə ola biləcək sistemli fəaliyyət göstərmişdir. Akademik İsa Həbibbəylinin Çingiz Aytmatova olan münasibəti ədəbi-estetik varisliyin, böyük ideyalara sadiqliyin və onların əbədiyaşarlığı naminə mübarizənin göstəricisidir. Akademik İsa Həbibbəyli Azərbaycan humanitar fikrində Yediqey kimi göz işlədikcə uzanan sonsuz bir məkanı öz içinə yerləşdirə bilən, dərin elmi zəkası, prosesləri iti müşahidə etmə bacarığı, yüksək idarəetməsi və eləcədə qayğıkeşliyi ilə ən yüksək miqyasda öz obrazını yarada bilmiş elm xadimidir. Çingiz Aytmatovla akademik İsa Həbibbəyli məhz bu baxımdan ədəbi-bədii kontekstdə varisdirlər. Bu varislik böyük ənənələrinin yaranmasında şübhəsiz ki rol oynamaqdadır. Akademik İsa Həbibbəylinin böyük yazıçı barəsində son illərdə apardığı tədqiqatlar, gördüyü işlər böyük ədəbiyyata verilən əhəmiyyətli qiymətin təzahürüdür.
Akademik İsa Həbibbəyli Çingiz Aytmatovla bir neçə dəfə görüşmüş və onlar arasında yazıçının əsərləri, obrazlarının taleyi ilə bağlı müxtəlif kontekstdə müzakirələr olmuşdur. Həmin görüşlərdən biri 2005-ci il 9 noyabrda Moskvada keçirilən Beynəlxalq elmi konfransda baş tutmuşdur. Akademik İsa Həbibbəyli Çingiz Aytmatova Moskvada “Nauka” nəşriyyatında yeni çapdan çıxmış Cəlil Məmmədquluzadə kitabını təqdim etmiş və yazıçı böyük demokrat ədibin nəsr yaradıcılığından, onun yaratdığı Məmmədhəsən əmi, Usta Zeynal obrazlarından söhbət açmışdır. Görüşlər zamanı Çingiz Aytmatovun müxtəlif əsərləri barədə söhbətlərindən sonra yazıçı akademik İsa Həbibbəyliyə düşüncələrini yazmağı tövsiyyə etmişdir. Bu tövsiyyələr yazıçının ölümündən sonra silsiləvi şəkildə 2013-cü ildən başlamışdır. Həmin ildə Çingiz Aytmatovun 85 illik yubileyi qeyd edilərkən akademik İsa Həbibbəyli Qazaxıstanda keçirilən Beynəlxalq elmi konfransda “Çingiz Aytmatovun yaradıcılığında millilik və bəşərilik” mövzusunda çıxış etmişdir.
Yazıçının 85 illik yubileyi Azərbaycanda da qeyd edilmiş, Mədəniyyət Nazirliyi tərəfindən çap edilmiş “Çingiz Aytmatov- türk ruhunun qələbəsi” məqalələr toplusunun elmi redaktoru və kitabda yer alan “Qırğız ruhunun ədəbiyyat heykəli” məqaləsinin müəllifi akademik İsa Həbibbəyli olmuşdur. Məqalə Çingiz Aytmatov fenomeni və onun Azərbaycanla olan münasibətlərini əks etdirən və gələcək böyük tədqiqatların konturlarını cızan mühüm tezislərdən ibarətdir. Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi məhz Çingiz Aytmatovun qələmi sayəsində Tanrı dağlarının ətəklərində yaşayan qırğız xalqını dünya bütün milli mahiyəti ilə görmək imkanı qazandı. “Dünya xalqları Qırğızıstanı və Orta Asiyanı Çingiz Aytmatovun əsərləri vasitəsilə xəritədəkindən də yaxından tanımaq imkanı əldə etmişlər. Bu mənada ümumtürk təfəkkürünün möhtəşəm daşyıcısı olan Çingiz Aytmatov ilk növbədə qırğız ruhunun böyük ədəbiyyat heykəlidir.”
Akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetində çap olunan “Böyük ədəbiyyat heykəli” məqaləsində Çingiz Aytmatovdan bəhs edərkən onun yaradıcılığında milliliklə bəşəriliyin vəhdətindən xüsusi olaraq bəhs edir. Onun yaradıcı qüdrətinin sirri də məhz bundadır. Köklü ağaca bənzəyən milli ruhunun rişələrindən boy atan Çingiz Aytmatov malik olduğu yüksək istedadı ilə milli bəşəri səviyyədə təqdim etdi və dünya bu təqdimatı böyük maraqla qəbul etdi. “Çingiz Aytmatovun əsərlərində və baxışlarında milliliklə bəşərilik vəhdət halındadır. Milliliklə bəşəriliyin dahiyanə harmoniyası Çingiz Aytmatov sənətinin özünəməxsusluğunu müəyyənləşdirir. Millilik və bəşəriliyin dialektik əlaqəsi və üzvi sintezi Çingiz Aytmatovun ümumdünya tarazlığı modelinin əsas dayaqlarını təşkil edir. Çingiz Aytmatov ədəbiyyatda insanı milli varlığı və bəşəri dəyəri ilə vəhdətdə təqdim etməyi zəruri saymış və yaradıcılığını bu harmoniya üzərində tarazlamışdır. Çingiz Aytmatovun yaradıcılığında millilik amili, ümumtürk ruhundan, qırğız etnik düşüncəsindən doğan və qlobal dünyanın hadisəsi səviyyəsində ümumiləşdirilən yüksək və dərin insani keyfiyyətlər şəklində təzahür edir”
Çingiz Aytmatovun “Üz-üzə” povesti məhz akademik İsa Həbibbəylinin təşəbbüsü ilə (Tərcümə edən Mehman Həsənli) Azərbaycan dilinə tərcümə olunmuş və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir. “Üz-üzə” əsəri Çingiz Aytmatovun ilk povesti olmasına baxmayaraq, müharibə dövrünün reallıqlarının və yazıçının gələcək yaradıcılıq yolunun müəyyənləşməsində mühüm rolu olan əsərdir. Çingiz Aytmatov imperiya maraqlarına zidd olaraq müharibədən qaçan insanın obrazını yaratmış, arxa cəbhənin acınacaqlı reallıqlarını, rəhbərliyin bir çox hallarda yarıtmazlığından doğan həqiqətləri təsvir etmişdir. Ön sözdə akademik İsa Həbibbəyli povestin əhəmiyyətindən bəhs edərək yazır: “Üz-üzə” povesti Çingiz Aytmatovun ədəbiyyatda özünəməxsus yaradıcılıq yolunu müəyyənləşdirməsində ciddi rol oynamışdır. Yazıçı əsərdə yazıçı Səidə və İsmayıl obrazları ilə böyük ədəbiyyatda cəmiyyət-fərd probleminə dair fəlsəfi məsələ qaldırmışdır. O, eyni zamanda müharibədən qaçan insanın obrazını böyük cəsarətlə bədii ədəbiyyata gətirmiş, sosialist realizminin prinsipinə uyğun gəlmədiyi halda, Totoyun ailəsinin timsalında ilk dəfə olaraq müharibə insanının acınacaqlı faciəsini təsvir etmişdir”
2018-ci ildə Çingiz Aytmatovun 90 illik yubileyi Azərbaycan filoloji fikrinin baş qərargahı olan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu geniş fəaliyyət proqramı ilə qeyd etdi. Qətiyyətlə demək olar ki, Çingiz Aytmatov yubileyini dünyada ən yüksək səviyyədə keçirən ölkələrdən biri Azərbaycan, qurum isə Ədəbiyyat İnstitutu oldu. Akademik İsa Həbibbəylinin ideya müəllifliyi və rəhbərliyi ilə 2 kitab (Akademik İsa Həbibbəyli – “Çingiz Aytmatov haqqında söz” və “Kassandra damğası” romanı), İnstitutun “Müqyisəli ədəbiyyatşünaslıq” jurnalının Xüsusi buraxılışı və “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” adlı Beynəlxalq Elmi konfrans keçirildi.
“Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” adlı Beynəlxalq Elmi konfransda TÜRKSOY, TÜRKPA, Türkdilli ölkələrin səfirlikləri, ölkənin tanınmış elm, ədəbiyyat xadimləri iştirak etdi. Bu konfrans Çingiz Aytmatova həsr olunmuş və yüksək beynəlxalq miqyasa malik mühüm tədbir oldu.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş Xüsusi buraxılışında akademik İsa Həbibbəylinin “Çingiz Aytmatov: Dünya ədəbiyyatının əbədiyaşar fenomeni” yazısı məqalədən daha çox yazıçının yaradıcılığı müxtəlif aspektlərdən göstərən monoqrafik tədqiqat xarakterindədir.
Ötən əsrin 90-cı illərində Çingiz Aytmatovun aktiv siyasi fəaliyyətlə məşğul olduğu illərdə yazdığı və dünyada baş verən qlobal probemləri bir az mifoloji, bir az fantastik sujet xətti ilə təqdim olunduğu romanı olan “Kassandra damğası” yazıçının 90 illiyi ərəfəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olundu. İnstitutun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı tərəfindən dilimzə tərcümə olunan əsər Azərbaycanda Çingiz Aytmatov tərcümə ənənəsinin uğurlu davamı oldu. Akademik İsa Həbibbəyli kitaba yazdığı “Çingiz Aytmatovdan bəşəriyyətə xəbərdarlıq: “Kassandra damğası” Ön sözündə romanı bəşəriyyəti xilas etmək missiyasını icra edən əsər kimi dəyərləndirmişdir.
Akademik İsa Həbibbəylinin Çingiz Aytmatovun 90 illik yubileyi ilə bağlı yazıb və üç dildə (Azərbaycan, rus və ingilis) çap etdirdiyi “Çingiz Aytmatov haqqında söz” kitabı böyük yazıçının həyatının və yaradıcılığının ən mühüm məqamlarını özündə ehtiva edən mühüm əhəmiyyətli mənbədir. Əsərdə Çingiz Aytmatovun böyük keşməkeşlər və uğurlarla keçən ömür salnaməsi izlənilir və akademik İsa Həbibbəyli yazıçını dünya ədəbiyyatı tarixində iz buraxmış Lev Tolstoy, Ernest Hemenquey və digər klassikaya çevrilmiş yazıçılarla eyni cərgədə dayanadığını bildirir.
Çingiz Aytmatovun yaradıcılığının, eləcə də onun bir intellektual kimi fəaliyyətinin əsas məğzi bəəşriyyəti gözləyən xaos təhlükəsindən xilas etmək, insanları sülhə çağırmaqdan ibarətdir. Əsərlərinin həm ideya-məzmun, həm bədii keyfiyyətləri baxımından çox yüksək miqyasda olmasına rəğmən Nobel sülh mükafatını Çingiz Aytmatova təqdim etmədilər. Akademik İsa Həbibbəyli məhz bu məqama toxunaraq yazır: “Çingiz Aytmatov Nobel Mükafatı səviyyəsində yazıb-yaradan və Sovetlər İttifaqında qalıb yaşamağı bacarmış qüdrətli dünya yazıçısı idi. Fikrimcə, bu mənada Nobel Mükafatı almamış Çingiz Aytmatovun xidmətləri bu böyük beynəlxalq mükafatın laureatlarından heç də az deyildir. Dünyanın digər görkəmli yazıçılarının yaradıcılığına və fəaliyyətinə kölgə salmadan, əksinə, onlardan hər birinin əsərlərinə obyektiv şəkildə yüksək qiymət verməklə, həm də bu qənaətdəyəm ki, Çingiz Aytmatovun yaradıcılığı ilə dünya ədəbiyyatının yeni standartı meydana çıxmışdır. Bəlkə də, nə vaxtsa, dünyanın bu tipli ədəbiyyatı üçün də bir beynəlxalq mükafat – Çingiz Aytmatov Mükafatı da təsis ediləcəkdir. Reallıqda isə Çingiz Aytmatov dünya ədəbiyyatında Nobelüstü yeni bir ədəbiyyat standartı yaratmağa müvəffəq olmuşdur”.
Akademik İsa Həbibbəyli yazıçının yaradıcılığını bir neçə mərhələyə bölərək tədqiq edir. Bu bölgü yazıçının yaradıcılığındakı dönüş məqamlarını və inkişaf stixiyasını izləmək baxımdan mühüm əhəmiyyətə malikdir. O, yazıçının 50-60-cı illər yaradıcılığının lirik-psixoloji nəsr mərhələsi adlandırır. Yazıçının bu dövrdə qələmə aldığı “Üz-üzə”, “Cəmilə”, “Qırmızı yaylıqlı qovağım mənim”, “İlk müəllim”, “Ana tarla”, “Əlvida, Gülsarı” povestləri bir mərhələnin kollajını xatırladır və bu əsərlər arasında qəribə şəkildə keçidlər vardır. Bu mərhələ yaradıcılığında daha çox diqqət fərdi insan talelərinin ifadəsinə yönəlib.
1970-ci illərdə Çingiz Aytmatov nəsrində mifə müraciət (Ağ gəmi, Dəniz kənarıyla qaçan alabaş) və əsər içində əsər yaratmaq (Ağ gəmi) texnikasının ilk rüşeymlərini görə bilirik. Akademik İsa Həbibbəyli yazıçının həmin illər yaradıcılığını keçid dövrü kimi xarakterizə edir. Doğurdan da, bu dövr yazıçının buna qədərki fərqli insan həyatlarını təsvir olunduğu nəsrlə daha sonra roman miqyasında ifadə edilən yaradıcılığı arasında keçid dövrüdür.
Çingiz Aytmatov yaradıcılığı 1980-ci ildə qələmə aldığı “Əsrə bərabər gün” romanı yeni bəşəri miqyas aldı və akademik İsa Həbibbəyli bu mərəhələni roman epoxası adlandırır. Çingiz Aytmatov XX əsrin ən geniş yayılmış janrı olan romanda özünü mükəmməl səviyyədə ifadə etdi və dünyanın ən yaxşı romançılarından biri kimi qəbul olundu.
SSRİ-nin dağılmasında sonra Çingiz Aytmatov daha çox siyasətçi kimi fəaliyyəti onun yaradıcılığına ciddi təsir etmişdir. Akademik İsa Həbibbəyli 1990-cı illər yaradıcılığının bəşəri problemlərin ifadəsi mərhələsi adlandırır. Yazıçıının bu dövrdə “Kassandra damğası” kimi qlobal əhəmiyyətli, çağırış motivli əsəri meydana çıxmışdır.
“Çingiz Aytmatov haqqında söz” kitabında Çingiz Aytmatov yaradıcılığında milliklikllə bəşəriliyin sinkretik bağlılğından bəhs olunur. “Çingiz Aytmatovun əsərlərində və baxışlarında milliliklə bəşərilik vəhdət halındadır. Milliliklə bəşəriliyin dahiyanə harmoniyası Çingiz Aytmatov sənətinin özünəməxsusluğunu müəyyənləşdirir. Millilik və bəşəriliyin dialektik əlaqəsi və üzvi sintezi Çingiz Aytmatovun ümumdünya tarazlığı modelinin əsas dayaqlarını təşkil edir. Çingiz Aytmatov ədəbiyyatda insanı milli varlığı və bəşəri dəyəri ilə vəhdətdə təqdim etməyi zəruri saymış və yaradıcılığını bu harmoniya üzərində tarazlamışdır. Çingiz Aytmatovun yaradıcılığında millilik amili, ümumtürk ruhundan, qırğız etnik düşüncəsindən doğan və qlobal dünyanın hadisəsi səviyyəsində ümumiləşdirilən yüksək və dərin insani keyfiyyətlər şəklində təzahür edir”.
“Çingiz Aytmatov haqqında söz” kitabı təkcə Azərbaycanda deyil, dünya aytmatovşünaslığında öz yeri, çəkisi olan tədqiqat əsəridir. Çingiz Aytmatovun çoxcəhətli bədii yaradıcılığı, fəlsəfi dünyagörüşü və Azərbaycanla olan əlaqələri kitabda dəqiq analizlərlə öz əksini tapmışdır. Təsadüfi deyil ki, Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə Qırğızıstanda keçirilən yekun iclasda (4-7 oktyabr, 2018-ci il) “Çingiz Aytmatov haqqında söz” haqqında dünyanın müxtəlif ölkələrindən gəlmiş aytmatovşünas tədqiqatçılar, yazıçının dostları və ailəsi öz yüksək fikirlərini tribunadan ifadə etmişlər.
Çingiz Aytmatovun Qırğızıstanda keçirilən 90 illik yekun yubiley tədbirinin plenar iclasında akademik İsa Həbibbəyli “Əbədi mogikan” mövzusundakı məruzəsində dünya şöhrətli yazıçının yaradıcılığını ən dərin qatlarına qədər təhlil edib təqdim etdi. Məruzənin mətni eyni adlı “Literaturnıy Azerbaydjan” jurnalında məqalə kimi çap olunmuşdur.
Akademik İsa Həbibbəyli müəllifi olduğu XI sinif orta məktəb Ədəbiyyat dərsliyinə Çingiz Aytmatovu daxil etmişdir. XI siniflər üçün “Ədəbiyyat” dərsliyində “Çingiz Aytmatov” portret-oçerki özünə yer almışdır.
Akademik İsa Həbibbəylinin şəxsi kitabxanasında ayrıca Çingiz Aytmatov guşəsi mövcuddur. Həmin guşə son illərdə təkcə ölkəmizdən və dünyanın ayrı-ayrı ölkələrindən alınmış kitablarla zənginləşməklə qalmamışdır. Akademik İsa Həbibbəylinin özünün rəhbərliyi ilə “Üz-üzə” povesti, “Kassandra damğası” romanı, “Çingiz Aytmatov -90” məqalələr toplusu, “Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı” (Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Mehman Həsənli tərəfindən yazılmış fəlsəfə doktorluğu işi) və nəhayət üç dildə “Çingiz Aytmatov haqqında söz” kitabları ilə ölkəmizdə Aytmatovşünaslıq sistemli şəkildə elmi istiqamət səviyyəsində formalaşmış və inkişaf etmişdir. Bütün bunlar Azərbaycan aytmatovşünaslığının uğurlu addımlarıdır.

Mehman Həsənli
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru

Daxil olundu: 10.10.2019 » Oxundu: 2025
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!